RU

Rusiya və Ukrayna razılığa gələ biləcəkmi? - ŞƏRH

Ötən gün Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında görüş baş tutub. Görüşün bu gün davam etdiriləcəyi qeyd olunur. Lakin görüşdə müzakirə olunan məsələlər haqqında məlumat verilməyib.

Görüşün əsas müzakirə məəslələri nələr ola bilər?

Politoloq Natiq Miri Redaktor.az-a açıqlamasında bildirdi ki, Cenevrədəki danışıqlar əsas həlledici məsələlərlə əlaqədardır:

"Birinci məsələ ərazi məsələsi, digər məsələ isə təhlükəsizlik zəmanəti məsələsidir ki, burada da çox ciddi fikir ayrılıqları var. Çünki Rusiya NATO qüvvələrinin Ukraynada yerləşməsini istəmir. Ərazi məsələsində də hər hansı bir yaxınlaşma mövcud deyil. Çünki Rusiya hələ də iddialarında davam edir və qeyd-şərtsiz Ukrayna ordusunun Donbasdan, xüsusilə də Donetskdə işğal olunmamış ərazilərin – ki, bunun sahəsi 9 000 kvadrat kilometrə yaxındır – bu ərazilərdən birmənalı olaraq çıxmasını tələb edir.

Əbu-Dabidə aparılan danışıqlarda nümayəndə heyətinin tərkibində də müəyyən dəyişikliklər olunub. Artıq Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski, o cümlədən xarici işlər nazirinin müavini Mixail Qaluzin də prosesə daxil olub. Bunu da onunla əsaslandırırlar ki, razılaşdırılmayan, ancaq əsas həlledici məsələlər müzakirə predmeti olacaq. Bir məsələ həm Ukrayna üçün, həm də ABŞ üçün strateji xarakter daşıyır. Bu, Zaporojye Atom Elektrik Stansiyasının gələcək perspektivi, idarə olunması və kimin nəzarətində olması ilə əlaqədardır".

Siyasi şərhçi vurğuladı ki, əsas üç məsələdə çox böyük fikir ayrılıqları mövcuddur:

"Ərazi məsələsi ilə bağlı ABŞ-nin alternativ təklifi var ki, bu təklif üzərində işlənilir. Söhbət sadəcə Ukrayna qoşunlarının Donbasdan çıxarılması deyil, Donbasın işğal olunmamış ərazisinin hərbisizləşdirilmiş bir ərazi və azad iqtisadi zona kimi təşkil olunması təklif olunur. Problem ondadır ki, Ukrayna əgər perspektivdə bu təklifə razı olacaqsa və indiki durduğu ərazidən geri çəkiləcəksə, eyni məsafədə də Rusiya qoşunlarının durduğu yerdən geriyə çəkilməsini istəyir. Rusiya tələb edir ki, azad iqtisadi zonanın idarəetmə və nəzarəti məsələsi özündə olsun, bu, Ukrayna tərəfindən qəbul oluna bilməz. Çünki beynəlxalq hüquqa görə bu ərazilər Ukrayna dövlətinə məxsusdur".

Müsahibimizin fikrincə, bərabər şəkildə geri çəkilmələr mümkün olsa belə, bu, ərazilərin hamısının idarəetmə və nəzarətinin Ukrayna dövlətinin əlində olmasını tələb edir, bu məsələdən geri çəkilmə olmayacaq:

"Geri çəkilmələr, azad iqtisadi zonanın yaradılması məsələsi o vaxt mümkün olacaq ki, Rusiyanın geri çəkildiyi mövqelərdən yenidən hücum xarakterli təcavüzlər ortalığa qoymasın, yenidən döyüş əməliyyatları başlamasın. Bunun üçün ciddi beynəlxalq təhlükəsizlik zəmanətinə ehtiyac var. Bunu ya ABŞ təkbaşına öhdəsinə götürməlidir, ya da Ukraynanı müdafiə edən, ona dəstək verən Avropa Birliyinin qüvvələri, yəni NATO-ya daxil olan ölkələr bunu üzərinə götürməlidir. Rusiya isə buna birmənalı olaraq yox deyir. Bu səbəbdən "Cenevrədəki danışıqlarda mövqelərdə yaxınlaşma var" deyildiyi fikirlər o qədər də ciddi qəbul olunmamalıdır. Çünki həlledici məsələlərdə yaxınlaşma olmadıqca, digər məsələlərin müzakirəsi sadəcə vaxt itkisindən başqa bir şey deyil. Ona görə də hələ danışıqlar davam edəcək. Sadəcə yaxınlaşma ondan ibarətdir ki, növbəti dəfə görüşə hər iki tərəf razılıq verib".

Aytəkin TOFİQQIZI

Избранный
32
redaktor.az

1Источники