RU

ZƏNGİN ÖLKƏNİN TURİST DƏRDİ… – Azərbaycan əcənəbilər üçün niyə cazibədar ola bilmir?

Cənubi Qafqazda ərazisi, əhalisi və iqtisadiyyatının həcmi digər iki qonşusunun birlikdə göstəricilərindən iki dəfə böyük olan Azərbaycanın turizmdən əldə etdiyi gəlirlər olduqca aşağıdır. Konkret desək, bu göstərici Gürcüstanın və Ermənistan qazancından 2–2.5 dəfə azdır. Statistik məlumatlara görə, 2025-ci ildə gürcülər 4,6 milyard, ermənilər isə 3,6 milyard dollar gəlir əldə ediblər.

Azərbaycanın gəliri isə cəmi 1,9 milyard manat civarında olub. Baxmayaraq ki, paytaxt Bakıda hər il “Formula-1” Qran-prisi, müxtəlif idman yarışları, beynəlxalq turnirlər, olimpiadalar, sərgilər və forumlar keçirilir, böyük auditoriyaya malik televiziya kanallarında reklam çarxları yayımlanır, xarici bloqerlər dəvət olunur, istənilən nəticə əldə edilmir.

Post-neft dövründə turizmi əsas gəlir mənbəyi elan etmiş ölkə kiçik qonşularından dəfələrlə geri qalır. İlk baxışdan bu, təəccüblü görünür. Axı Bakıdakı dəbdəbəli beşulduzlu otellər, restoranlar, əyləncə mərkəzləri, dünya brendlərinin satıldığı butiklər nəinki qonşu ölkələrdə, ümumilikdə postsovet məkanında belə geniş yayılmayıb. Böyük neft pulları paytaxtın simasını tamamilə dəyişib. Şərqi Avropa və keçmiş sovet ölkələrini gəzib Bakıya gələn xarici turist hava limanından şəhər mərkəzinə doğru hərəkət edərkən özünü klassik postsovet ölkəsində hiss etmir. Lakin görünür, bu dəbdəbə ölkəyə turist cəlb etmək üçün kifayət etmir.

Əlbəttə, turizm təkcə səyahətlə məhdudlaşmır. Təhsil, tibb və digər sektorlar da turist cəlb edən əsas istiqamətlərdəndir. Təhsil almaq üçün Azərbaycana Pakistandan, İrandan, Türkiyədən və Şərqi Avropa ölkələrindən gələnlər var. Həmçinin Naftalan və Qalaltı kimi müalicəvi kurortlar postsovet məkanında məşhurdur; hər il minlərlə turist istirahət və müalicə məqsədilə bu ünvanlara üz tutur.

Bəs Gürcüstanı və Ermənistanı daha cazibədar edən nədir? Bu ölkələrin turizm sənayesi Azərbaycandan nə ilə fərqlənir? Hansı problemlər Qafqazın iki ölkəsinə turist axınını artırdığı halda, üçüncü qonşuda əks tendensiya yaradır?

2025-ci ilin yekunlarına dair rəsmi statistikaya görə, Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı 2024-cü illə müqayisədə təxminən 3 faiz və ya 51 min nəfər azalaraq 1,804 milyon nəfərə enib. Bu göstərici pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə isə təxminən 1,1 milyon nəfər və ya 59 faiz azdır. Həmin ildə ölkəyə turizm məqsədilə gələn əcnəbilərin sayı 2,9 milyona yaxın idi.

Şübhəsiz ki, bu rəqəmlər ölkənin quru sərhədlərinin altı ilə yaxındır bağlı qalması ilə bağlıdır. Azərbaycan hər il Gürcüstan və Rusiya ilə quru sərhədlər vasitəsilə yüz minlərlə xarici vətəndaş qəbul edirdi. Onların əhəmiyyətli hissəsini qonşu ölkələrdə yaşayan və işləyən soydaşlarımız təşkil edirdi. Sərhədlərin bağlı qalması qonşularla əlaqələri, o cümlədən ticarəti məhdudlaşdırıb. Nəticədə regionlarda fəaliyyət göstərən turizm obyektlərinin və onları yerli məhsullarla təmin edən təsərrüfat subyektlərinin gəlirləri kəskin azalıb.

Statistikada regionlar ayrıca göstərilməsə də, əcnəbilərin xərclərinin azalmasında bölgələrin xüsusi çəkisi olduğu şübhə doğurmur. Belə ki, 2025-ci ildə turistlər Azərbaycanda 3,258 milyard manat xərcləyiblər. Bu, 2024-cü illə müqayisədə 145 milyon manat və ya 4,3 faiz azdır. Pandemiyadan əvvəlki dövrlə müqayisədə isə turizm xidmətlərinin ixracından əldə olunan gəlirlər faktiki olaraq dəyişməyib və 1,9 milyard dollar səviyyəsində qalıb. Halbuki regionda turizmin inkişafını prioritet elan edən Gürcüstan xarici turizmdən gəlirlərini 46 faiz artırıb. Belə ki, bu ölkədə turizm xidmətlərinin ixracı 2019-cu ildə 2,4 milyard dollar idisə, 2025-ci ildə 3,5 milyard dollara yaxınlaşıb.

Sərhədlərin bağlı qalması paralel olaraq Azərbaycan vətəndaşlarının da xaricə turist səfərlərinə mənfi təsir göstərib. Pandemiyadan əvvəl xaricə turist səfərinə gedən vətəndaşların sayı 4,4 milyon nəfər idisə, 2025-ci ildə bu göstərici üç dəfədən çox azalaraq 1,3 milyon nəfərə enib.

İkinci mühüm səbəb Bakıda Xəzər dənizi sahilində mövcud turizm potensialından düzgün istifadə olunmamasıdır. Mövcud 5–6 çimərlik hətta minimal standartlara belə cavab vermir, əlaqəli infrastruktur isə bərbad vəziyyətdədir. Bu səbəbdən yay mövsümündə paytaxt sakinlərinin əhəmiyyətli hissəsi dənizdən istifadə etmir.

Üçüncü səbəb kimi bahalı beşulduzlu otellərin əcnəbilər üçün kifayət qədər cəlbedici olmamasını göstərmək olar. Onların gəlirlərinin əsas hissəsi dövlət tədbirlərindən formalaşdığı üçün adi turistlər üçün xüsusi xidmət paketləri təklif etməkdə maraqlı görünmürlər. Digər tərəfdən, paytaxtda və regionlarda 2–3 ulduzlu otellərin və hostellərin sayı azdır; xidmət səviyyəsi aşağı olsa da, qiymətlər yüksəkdir.

Dördüncü səbəb tarixi məkanların və abidələrin yetərincə təbliğ olunmamasıdır. Azərbaycana gələn turistlər əsasən 4–5 ünvana – Qız qalası, Şirvanşahlar sarayı, Yanardağ kompleksi və Qobustan qayaüstü rəsmlər muzeyinə üz tutur. Regionlarda ən çox ziyarət edilən şəhər Şəkidir. Halbuki tarixi abidələrlə zəngin qədim Gəncə şəhərinin böyük turizm potensialı var, lakin ondan kifayət qədər istifadə olunmur. Eyni sözləri tarixi izlərini qoruyub saxlayan digər bölgələrimiz barədə də demək olar.

Əlbəttə, digər çoxsaylı səbəblər də mövcuddur. Buraya dövlət və özəl sektor tərəfindən xarici sərmayələrin cəlb olunması sahəsindəki problemlər, turizm yönümlü biznesin və sahibkarlıq subyektlərinin zəif inkişafı, sənaye ilə əlaqəli digər sahələrin ibtidai səviyyədə qalması və s. daxildir.

Azərbaycan hökuməti həqiqətən də post-neft dövründə bu sahəni prioritet hesab edirsə, dünya liderlərindən olan qardaş Türkiyənin təcrübəsini dərindən öyrənməli və tətbiq etməlidir. Türkiyə şirkətlərinin ölkəyə cəlb olunmasına şərait yaradılmalıdır. Bu, Azərbaycana yeni – böyük maliyyə gəliri gətirən turizm mədəniyyəti qazandıra bilər.“AzPolitika.info”

Избранный
89
1
veteninfo.az

2Источники