Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ukraynada məcburi hərbi xidmət və səfərbərliklə bağlı müzakirələr davam etdiyi bir vaxtda peşəkar futbolçu Danilo Kolesnık ilə bağlı yayılan görüntülər ölkə gündəmində geniş rezonans doğurub.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlarda səfərbərlik əməkdaşlarının futbolçunu aparmağa cəhd göstərdiyi, onun isə buna fiziki müqavimət göstərdiyi görünür. İddialara görə, hadisə idmançının yaşadığı evin yaxınlığında baş verib. Görüntülərdə Kolesnıkın əməkdaşları itələdiyi və hadisə yerindən uzaqlaşdığı əks olunur. Video qısa müddətdə sosial mediada geniş yayılıb.
Hadisə fonunda Ukraynada məcburi səfərbərlik üsulları yenidən müzakirə mövzusuna çevrilib. Son dövrlərdə hərbi xidmət yaşında olan şəxslərin ictimai yerlərdə saxlanılması və yoxlanılması halları cəmiyyətdə birmənalı qarşılanmır. Bu üsullar bəzi dairələr tərəfindən "busifikasiya" adlandırılır və tənqid olunur.
Rəsmi Kiyev isə ölkənin müharibə şəraitində olduğunu və insan resurslarına ehtiyacın davam etdiyini bildirir. Hakimiyyət nümayəndələri səfərbərlik tədbirlərinin qanunvericiliyə uyğun həyata keçirildiyini vurğulayırlar.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib. Məsələ sosial şəbəkələrdə və mediada müzakirə olunmaqda davam edir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.