Qabon Respublikasının Ali Rabitə Orqanı (Haute Autorité de la Communication – HAC) ölkə üzrə sosial media platformalarına çıxışın ikinci bir elanadək dayandırıldığını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Qabonun dövlət televiziyası “RTG1” kanalında yayımlanan bəyanatda HAC-ın qərarı oxunub və sosial şəbəkələrə girişin dərhal qüvvəyə minməklə müvəqqəti olaraq dayandırıldığı bildirilib.
Bəyanatda qeyd olunub ki, qərar qüvvədə olan qanun və qaydalara zidd məzmunların geniş yayılması səbəbilə qəbul edilib.
Xüsusilə təhqir və alçaldıcı ifadələr, nifrət nitqi, eləcə də Respublika institutlarına, milli birliyə və ictimai asayişə zərər vura biləcək yalan məlumatların intensiv şəkildə yayılması əsas səbəb kimi göstərilib.
Açıqlamada söz azadlığının təminat altında olduğu vurğulansa da, bu hüququn mövcud qanunvericilik və tənzimləyici aktlara ciddi şəkildə riayət olunmaqla həyata keçirilməli olduğu bildirilib.
Bəyanatda texniki operatorlara, internet xidmət təminatçılarına və rəqəmsal platformalara qərara dərhal əməl etmələri çağırışı edilib.
Eyni zamanda, ictimaiyyətə sakitlik, məsuliyyət və respublika institutlarına hörmət göstərmək tövsiyə olunub.