Bakı, 18 fevral, AZƏRTAC
Son illər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoq və qarşılıqlı səfərlərin intensivliyi əhəmiyyətli dərəcədə artıb.
AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru Javlon Vahabov fevralın 18-də Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək - Strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Direktor qeyd edib ki, Azərbaycan ilə Mərkəzi Asiya arasında son üç il ərzində aparılan intensiv dialoq nəticəsində Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən yükdaşımaların həcmi xeyli artıb.
Javlon Vahabov diqqətə çatdırıb ki, ikitərəfli münasibətlər, xüsusilə Özbəkistan–Azərbaycan əlaqələri də yeni keyfiyyət mərhələsinə yüksəlib.
O, həmçinin qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Özbəkistanın ən yüksəksəviyyəli etimad münasibətləri qurduğu ilk ölkə olub. Eyni zamanda, ikitərəfli dialoqun statusu müttəfiqlik səviyyəsinə qaldırılıb.