RU

Əli Kərimli uzun illər milli maraqlara və dövlət təhlükəsizliyinə ciddi zərbə vurub



Dövlət Təhlükəsizliyi Xidmətinin açıqladığı istintaq materialları Azərbaycan siyasi mühitində uzun müddət yalnız ehtimal səviyyəsində müzakirə olunmuş məqamları rəsmi faktlara çevirdi. Artıq söhbət yalnız siyasi iddialardan deyil, dövlət orqanlarının sənədlərinə əsaslanan konkret faktlardan gedir. Ən diqqətçəkən məqam isə AXCP sədri Əli Kərimli ilə Ramiz Mehdiyev arasındakı əməkdaşlıq xəttidir.

Uzun illər Kərimli özünü Qərbyönlü, demokratik müxalifət lideri kimi təqdim edib, Ramiz Mehdiyev isə postsovet idarəçilik sisteminin əsas ideoloqlarından biri kimi tanınıb. Lakin istintaq materialları göstərir ki, bu ziddiyyətli imic yalnız səhnə dekorasiyasıdır — birinin “Qərbyönlü müxalifət” obrazı, digərinin postsovet idarəçisinin rolu arxasında gizlətdiyi körpülər var. Bu körpülər konkret geosiyasi maraqlara xidmət edib və ictimaiyyət üçün illər boyu manipulyasiya vasitəsi olub.

Əsas diqqət çəkən nüanslardan biri 2012-ci ildə yaradılmış və “Milyarderlər İttifaqı” kimi tanınan “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”dır. Bu struktur vasitəsilə Azərbaycandakı siyasi proseslərə müdaxilə planları hazırlanıb, 2013-cü il prezident seçkiləri ərəfəsində isə formalaşdırılmış “Milli Şura” həmin strategiyanın tərkib hissəsi olub. Uzun illər ərzində bu kimi iddialar zaman-zaman səslənsə də, indi ortada konkret sənədlər, məktublar və istintaq materialları var ki, bu da Milli Şuranı sırf daxili siyasi koalisiya deyil, xarici geosiyasi layihə kimi qiymətləndirməyə əsas verir. Müxalifətin öz daxilində belə bir strukturu dərindən analiz edənlər belə bu faktların mövcudluğunu artıq etiraf edirlər.
Çox ciddi narahatlıq doğuran məqamlardan biri xarici xüsusi xidmət orqanları ilə koordinasiya və qarşılıqlı öhdəlik məsələləridir. Hakimiyyət dəyişikliyi halında müəyyən strateji addımların atılması üçün razılaşmalar mövcud olduğu ortaya çıxıb. Bu isə artıq adi siyasi mübarizə deyil, birbaş.a milli təhlükəsizlik məsələsidir. Əli Kərimlinin fəaliyyəti həm daxildə, həm də beynəlxalq səviyyədə ciddi manipulyasiya xronikasına çevrilib — onun Qərbyönlü imici ilə gerçək geopolitik məramı arasındakı fərq bu materiallarla daha aydın görünür.

Maliyyə komponenti isə vəziyyəti daha da ağırlaşdırır. Söhbət yalnız xarici xüsusi xidmət orqanlarının verdiyi vəsaitlərdən və kütləvi iğtişaşlar üçün istifadə olunacaq resurslardan getmir. İstintaq materiallarına görə, Ramiz Mehdiyev tərəfindən cinayət yolu ilə əldə edilmiş milyonlarla manatın leqallaşdırılması faktı da ortaya çıxıb. Bu, məsələnin yalnız siyasi iddia deyil, həm də konkret maliyyə cinayəti kontekstində qiymətləndirilməsinə əsas yaradır.
“Milli Şura” kimi strukturların necə formalaşdığı, Putinə və digərlərinə hansı məktubların yazıldığı və hansı şəxslərlə əlaqələrin qurulduğu artıq açıq müzakirə predmetidir və bu proseslər bir daha təsdiqləyir ki, bəzi siyasi fiqurların qərbyönlü imici əslində görüntüdən başqa bir şey olmayıb.

Bu sənədlər və faktlar göstərir ki, Əli Kərimli uzun illər öz tərəfdarlarını və xalqı yanıltmaqla yanaşı, milli maraqlara və dövlət təhlükəsizliyinə ciddi zərbə vurub. Onun Qərbyönlü ritorikası faktiki olaraq manipulyasiya və şəxsi maraqlara xidmət edən maskadır. Bu cür davranış forması yalnız siyasi münaqişənin bir hissəsi deyil, milli maraqların satılması kimi qiymətləndirilməlidir.

Yusif Bağırzadə, politoloq
Избранный
17
1
newscenter.az

2Источники