RU

“Əyləncə deyil, asılılıqdır” – Psixoloq qumar oyunlarının təhlükəsindən danışıb

Qumar oyunlarına aludəçilik günümüzdə cəmiyyət üçün ciddi sosial və psixoloji problemlərdən biridir. İnsanlar əyləncə və sürətli qazanc ümidi ilə bu oyunlara yönəlsələr də, tez-tez maddi itkilər və emosional gərginliklə üzləşirlər. Aludəçilik yalnız fərdi həyatı deyil, ailə və sosial münasibətləri də mənfi təsirə məruz qoyur. Bu vəziyyətdən çıxış yolları nədir? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, qumar oyunlarına aludəçilik digər asılılıq növləri ilə eyni psixoloji və neyrobioloji mexanizmlər əsasında formalaşır:

"Bu prosesdə beyində dopamin sistemi əsas rol oynayır. Nəticədə rasional düşüncə zəifləyir, impulsiv davranış güclənir və şəxs verdiyi qərarların nəticələrini düzgün dəyərləndirə bilmir. Asılılıq inkişaf etdikcə yalanlar, bəhanələr və özünü aldatma davranışları da artmağa başlayır. Qumar oyunu insanın sosial həyatını, peşə fəaliyyətini və şəxsi münasibətlərini ciddi şəkildə pozursa, bu artıq vərdiş deyil, asılılıqdır. Bu mərhələdə oyun əvvəlki kimi zövq vermir, sadəcə həyat tərzinə çevrilir. Zövq mərhələsi geridə qalır. Oyun daha çox gərginliyi azaltmaq və daxili boşluğu kompensasiya etmək üçün təkrarlanan davranış formasını alır. Şəxs real problemlərdən uzaqlaşır və vəziyyətin ağırlığını dərk etməkdə çətinlik çəkir",- psixoloq qeyd edib.

Rövşən Nəcəfovun sözlərinə görə, qumar asılılığından çıxışın əsas yolu psixoterapiyadır:

"Koqnitiv davranış terapiyası bu sahədə ən effektiv yanaşmalardan biri hesab olunur. Terapiya prosesində disfunksional düşüncə formaları və zərərli davranış modelləri mərhələli şəkildə korreksiya edilir. Asılılığı gücləndirən amillər müəyyənləşdirilir, riskli vəziyyətlərlə mübarizə bacarıqları formalaşdırılır. Əgər təşviş, stress və impulsivlik idarəolunmaz səviyyədədirsə, psixiatrın qiymətləndirməsi əsasında dərman müalicəsinə ehtiyac yarana bilər".

E.Nəcəfov qeyd edib ki, asılılıqla mübarizədə effektiv nəticə multidisiplinar yanaşma ilə əldə olunur:

"Psixoloq və psixiatrın paralel fəaliyyəti, ailə üzvləri ilə aparılan maarifləndirici və dəstək yönümlü iş, eləcə də sosial mühitin və gündəlik həyat tərzinin tənzimlənməsi müalicənin ayrılmaz hissəsidir. Asılılıqdan əziyyət çəkən şəxsdə dəyişməyə hazır olma və müalicəyə niyyət mərhələsinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Problem qəbul edilmədən və dəyişiklik istəyi yaranmadan müalicənin davamlı və effektiv olması mümkün deyil. Buna görə də ilk və ən vacib addım problemin dərk edilməsi, sonrakı mərhələdə isə peşəkar dəstək ilə sistemli şəkildə irəliləməkdir",- deyə psixoloq əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
57
missiya.az

1Источники