Qurban Qurbanovun “Nyukasl”la oyunöncəsi mətbuat konfransında qonaq həmkarlardan biri diqqətimi çəkdi.
Azı 60 yaşı olan reportyor baş məşqçinin dediklərini kompüter və ya telefon vasitəsi ilə yox, qələmlə dəftərinə yazırdı. Nəhayət, o da sual verdi. Özünü təqdim edəndə BBC-də işlədiyini öyrəndim. Qonaq “Qarabağ”ın mümkün qələbəsi haqda sual verdi. Konfransdan sonra qarışıqlıq oldu, yaxınlaşa bilmədim.
21.30-da “sağsağanlar”ın çalışdırıcısı Eddi Hau media önünə çıxmalı idi. 21.10-da konfrans salonuna getdim və həmin həmkarımı da orda gördüm. Salamlaşdıq, “Bakıya xoş gəlmisiz” dedim. Adını-soyadını öyrəndim - Con Murrey.
Konfrans başlayana qədər söhbət etdik. Bakı haqda soruşanda dedi ki, “50-dən çox ölkədə olmuşam, Bakı qədər gözəl şəhər görməmişəm”. Murrey istiqanlı, mülayim biri idi, eqosunu gizlədirdi.
Lidsdə qalır. “Lids”in durumundan söz açdım, yaxşı vəziyyətlərdə olmadığını təsdiqlədi. Premyer-liqada düşmə zonasında olan komandaların da müzakirəsini etdik. “Vest Hem”in düşməyini istəmədiyimi dedim. O dedi ki, riyazi cəhətdən mümkün olsa da, qalması çətindi. Haqlı səbəb də gətirdi - “Vest Hem”dən irəlidə olan komandalardan biri “Nottingem Forest”, o biri “Tottenhem”di. Onların “Vest Hem”ə bu mübarizəni uduzması inandırıcı deyil”.
- Bəs “Nottingem Forest” niyə belə qeyri-sabitdi?
- Bir neçə cəbhədə mübarizə aparırlar, təcrübə… (gülür)
Təcrübədən söz düşəndə “Qarabağ”ın bu yerlərə təcrübə hesabına gəldiyini, “Nyukasl”dan üstün cəhətinin da bu olduğunu bildirdi. Məndən “Qarabağ”ın əsas fiqurlarını soruşdu. Kamilo Duran, Pedro Bikalyo, Abdulla Zubir və Kadi Borgesi dedim. Məni qabaqlayıb özü dedi ki, Kadi zədədən yeni qayıdıb, ideal formasından uzaqdı. Leandro Andradeni unutmuşdum, soruşdu, onun da əsas futbolçulardan biri olduğunu dedim.
İngiltərədən nə qədər azarkeş gəldiyini öyrənmək istədim. Özü bilmədi, ammaİngiltərədən gələn digər jurnalistlərdən soruşdu. Biri dedi ki, “dəqiq bilmirəm, amma mindən çoxdu”.
Çox xoş təcrübə oldu. Sonradan bu adı-soyadı internetdə axtardım. 1966-ci il doğumlu Con 1994-cü ildən BBC-də çalışır. Dünya idman mediasının canlı əfsanələrindən sayılır. 2010-cu ildən bu kanalın baş şərhçisidi.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта