RU

Qış turizminin perspektivləri müzakirə edilib

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Toplantıda Türk Dövlətləri Təşkilatının rəsmiləri və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvohid Azimov türk dünyasında turizm sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, qış turizminin, eləcə də qış idman yarışlarının türkdilli ölkələrin iqtisadiyyatında mühim rol oynadığını və bu istiqamətdə ortaq layihələrin həyata keçirilməsinin, birgə yarışların təşkilinin və vahid turizm marşrutlarının formalaşdırılmasının strateji əhəmiyyət daşıdığını vurğulayıb. Mirvohid Azimov Türk Dövlətləri Təşkilatının fəaliyyətinin prioritet istiqamətlərindən birinin türk dövlətlərini turizm sahəsində inteqrasiya olunmuş, vahid yanaşma əsasında fəaliyyət göstərən və beynəlxalq miqyasda rəqabətqabiliyyətli məkan kimi formalaşdırmaq olduğunu qeyd edib. Türkdilli dövlətlərin dağ-xizək kurortları arasında koordinasiyanın gücləndirilməsinin vacibliyinə toxunan Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Baş katibi Orxan Bədəlov öz çıxışında təcrübə mübadiləsinin aparılmasının və birgə marketinq layihələrinin həyata keçirilməsinin gələcəkdə ortaq turizm brendinin formalaşmasına xidmət edəcəyini bildirib. O, İttifaqın əsas hədəfinin üzv kurortlar arasında davamlı əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək, xidmət keyfiyyətini yüksəltmək və türk dünyasını qış və yay turizminin cəlbedici mərkəzlərindən birinə çevirmək olduğunu diqqətə çatdırıb. Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə qış turizminin inkişafında beynəlxalq səviyyəli idman yarışlarının xüsusi yer tutduğunu və turist cəlbediciliyi baxımından böyük önəm kəsb etdiyini qeyd edib. O beynəlxalq idman federasiyaları və təşkilatları ilə qurulan əməkdaşlıq çərçivəsində qış idman tədbirlərinin təşkilinin artıq ölkənin turizm potensialının nümayişi üçün mühim marketinq alətinə çevrildiyini və bu səpkili yarışların ölkə imicinin formalaşmasına müsbət təsir göstərdiyini bildirib. Kənan Quluzadə bu formatlı toplantıların türk dövlətləri arasında təcrübə mübadiləsinin dərinləşdirilməsinə, tədbirlər barədə ölkələrimizdə məlumatlılığın artırılmasına, ortaq təşəbbüslərin təşviqinə, vahid kommunikasiya strategiyasının formalaşdırılmasına və qarşılıqlı dəstəyin gücləndirilməsinə mühim zəmin yaratdığını qeyd edib. Toplantında türk dövlətləri arasında qış və dağ turizmi sahəsində ortaq marketinq strategiyasının hazırlanması, investisiya imkanlarının təşviqi, kadr hazırlığı, iş birliyinin genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə olunub. Tədbir çərçivəsində toplantı iştirakçılarına Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının rəsmi veb səhifəsinin təqdimatı keçirilib. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının dəstəyi ilə yaradılan Türkdilli Dövlətlərinin Xizək Kurortları İttifaqı hazırda Azərbaycan, Türkiyə, Özbəkistan və Qazaxıstandan olmaqla ümumilikdə 8 üzv kurortu özündə birləşdirir. AzVision.az

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
102
2
azvision.az

3Источники