Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinin ilk oyununda Ayan Allahverdiyeva ilə Türkan Məmmədyarova arasında keçirilmiş partiyanın nəticəsinə yenidən baxılıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Fevralın 17-də baş tutan qarşılaşmada hakimlər kollegiyasının qərarına əsasən Ayan Allahverdiyeva tərəfindən iki dəfə əsassız iddia irəli sürüldüyü qeyd edilərək partiya Türkan Məmmədyarovanın xeyrinə hesablanıb.
Nəticədən narazı qalan Ayan Allahverdiyeva Azərbaycan çempionatının Apellyasiya Komitəsinə müraciət edib.
Apellyasiya Komitəsi tərəfindən partiyanın videoyazısı və gedişlərin ardıcıllığı araşdırılıb. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qüvvədə olan qaydalarına əsasən Ayan Allahverdiyevanın etirazı təmin olunub.
Apellyasiya Komitəsinin qərarına əsasən Türkan Məmmədyarovanın qələbəsi ləğv edilib və tərəflər arasında keçirilən ilk partiyanın nəticəsi heç-heçə kimi rəsmiləşdirilib.
Türkan Məmmədyarova Apellyasiya Komitəsinin qərarı ilə razılaşdığını bildirib.
"Cebheinfo.az"