RU

AMEA rəhbəri: İnstitut direktorları rəqəmsal arxitektura istiqamətində işlərin mahiyyətini düzgün öyrənməlidirlər

Bakı, 18 fevral, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə vahid fəaliyyət planının müddəaları və Azərbaycan Milli Elmlər Akademiyasının vəzifələri haqqında müzakirələr aparılıb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2023-cü ilin əvvəlindən etibarən Akademiyada elektron xidmətlər sahəsində həyata keçirilən işlərdən danışıb. “Ötən müddətdə AMEA əməkdaşlarının elmmetrik məlumatlar bazasını yaratmış, istinad sistemi qurmuşuq. Həmçinin jurnallarımızın elektron bazalarını formalaşdıraraq artıq bütün müəlliflərimizin məqalələrinə DOİ veririk. Eyni zamanda, biri beynəlxalq konfrans olmaqla, mütəmadi olaraq bu istiqamətdə seminarlar keçiririk. Elektron Akademiya şöbəsi tərəfindən “Humanoid SUFİ” (Sözlərin Universal Funksionallıqla İşlənilməsi) robotu hazırlanıb. AMEA rəhbəri Akademiyada, direktorlar isə müəssisələrində rəqəmsal arxitekturanın qurulmasına məsuliyyət daşıyırlar. Müəssisələrdəki “Rəqəmsal elm sahəsi və süni intellekt” şöbələri bu arxitekturanın əsas icraçı qollarıdır”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Bu istiqamətdə mühüm nəticələrin əldə edilməsində kadr hazırlığı və maddi-texniki bazanın qurulmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirən AMEA rəhbəri elmi müəssisələrin zəruri avadanlıqla təchiz olunması məqsədi ilə müvafiq maliyyə vəsaitinin ayrıldığını söyləyib. Qeyd edib ki, institutların direktorları, elektron şöbələrin müdirləri dövlətimizin başçısının rəqəmsallaşma ilə bağlı qarşıya qoyduğu vəzifələri, bu arxitekturanın qurulması istiqamətində aparılacaq işlərin mahiyyətini düzgün öyrənməlidirlər.

Избранный
93
azertag.az

1Источники