RU

Şabranda mədəni irsin tədqiqində qurumlararası əməkdaşlıq gücləndirilir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şabran, 19 fevral, Elxan Yusifli, AZƏRTAC

Şabranda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Yeraltı və yerüstü irsin vəhdəti” mövzusunda dəyirmi masada şəhərsalma prosesində tarixi mühitin qorunması ilə müasir infrastrukturun uzlaşdırılması, gələcək layihələr və prioritet vəzifələr müzakirə edilib. Müzakirələr zamanı rayon ərazisində mövcud tarixi və mədəni irs nümunələrinin qorunması, tədqiqi, elmi-tədqiqat işlərinin genişləndirilməsi, gənclərin bu sahəyə cəlb edilməsi və qurumlararası əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən Şabran şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdən əvvəl iştirakçılar tarixi və memarlıq abidələrini əks etdirən maketlərdən ibarət, həmçinin abidələrə dair fotoşəkillər əsasında hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə regionun tarixi-mədəni irsi, abidələrin memarlıq xüsusiyyətləri, yerləşdiyi ərazilər və qorunması istiqamətində aparılan işlər barədə əyani məlumat təqdim edilib.

Dəyirmi masa ətrafında keçirilən müzakirlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, Şabran arxeoloji ekspedisiyasının rəhbəri Səfər Aşurov, həmin institutun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri Bəhlul İbrahimli, Arxeoloji texnologiya və ölçü-layihə şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, ICOMOS-un üzvü, Azərbaycan memarlıq və arxeoloji abidələrinin tədqiqatçısı Faiq Nəsibov, eləcə də Şabran Rayon İcra Hakimiyyəti, Şabran bələdiyyəsi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi və digər qurumların nümayəndələri iştirak ediblər.

“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Günel Pirquliyeva tarixi-mədəni irsin qorunması, tədqiqi və təbliği istiqamətində görülən və planlaşdırılan işlər, müxtəlif icmalarla birgə əməkdaşlıq, eləcə də yeraltı və yerüstü irs nümunələrinin vəhdət halında araşdırılmasının elmi nəticələrə verdiyi töhfələr barədə məlumat verib.

Tədbirdə Səfər Aşurov “Xəzərin qərb sahilləri Orta əsrlərdə: müdafiə istehkamları, Şabran şəhəri” mövzusunda, Bəhlul İbrahimli “Xaraba Gilan şəhər yeri – II memorial kompleks, 1 saylı türbənin sərdabəsi” mövzusunda məruzələrlə çıxış ediblər. Azad Zeynalov Çıraqqala yaxınlığında yerləşən mağarada aparılan arxeoloji qazıntılar barədə məlumat verib, Faiq Nəsibov isə şəhərsalma mövzusunda çıxış edərək tarixi mühitin qorunması, memarlıq irsinin müasir urbanizasiya layihələri ilə uzlaşdırılması və beynəlxalq təcrübənin tətbiqinin vacibliyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
azertag.az

1Источники