RU

Azərbaycan Prezidentinin Serbiya səfəri əməkdaşlığın möhkəm siyasi təməl üzərində qurulduğunu göstərir ŞƏRH

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 fevral, AZƏRTAC

Fevralın 15-də Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı verdiyi bəyanat iki ölkə arasında münasibətlərin həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirdi və bu münasibətlərin uzun illərə söykənən qarşılıqlı etimada əsaslandığını bir daha təsdiqlədi. Dövlətimizin başçısının çıxışında vurğulanan əsas məqamlardan biri Azərbaycan ilə Serbiya rəhbərləri arasında formalaşmış səmimi dialoq və dostluq münasibətləri oldu ki, bu da əməkdaşlığın möhkəm siyasi təməl üzərində qurulduğunu göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç haqqında söylədiyi fikirlər, xüsusilə onun Serbiya xalqına, dövlətinə, dövlət maraqlarına bağlı insan olmasını, dövlət maraqlarını hər şeydən üstün tutmasını və hər bir ölkənin uğurunun arxasında məhz bu amillərin dayandığını qeyd etməsi, iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət və suverenliyə dəstək prinsiplərinə söykəndiyini ortaya qoyur. Serbiya xalqının dövlət suverenliyinin qorunması istiqamətində göstərdiyi tarixi səylərin vurğulanması isə Azərbaycanın da oxşar həssas məsələlərdə prinsipial mövqeyi fonunda xüsusi siyasi məna daşıyır və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdiriləcəyini göstərir.

“Səfər çərçivəsində keçirilən Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclası münasibətlərin artıq sistemli və institusional xarakter aldığını sübut edir, çünki burada yalnız cari məsələlər deyil, gələcək üçün konkret fəaliyyət istiqamətləri də müəyyənləşdirilir. Siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət planları iki ölkə arasında güclü sinerjinin formalaşmasına xidmət edir.

Energetika sahəsi isə bu əməkdaşlığın əsas sütunlarından biri kimi ön plana çıxır, belə ki, Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və ixrac həcminin artırılması barədə qərar Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Birgə elektrik stansiyasının inşası ilə bağlı razılaşma və Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olması iqtisadi əməkdaşlığın praktik müstəviyə keçdiyini göstərir və Serbiyada formalaşmış əlverişli investisiya mühitinin beynəlxalq tərəfdaşlar üçün cəlbedici olduğunu təsdiqləyir.

Eyni zamanda, Azərbaycanın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə etməyi planlaşdırması və ixrac potensialını artırması ölkənin Avropa enerji bazarında rolunun daha da güclənəcəyinə işarə edir və bu kontekstdə Serbiya ilə əməkdaşlıq həm istehsal, həm də enerji ötürülməsi baxımından strateji əhəmiyyət kəsb edir. Yeni transmissiya imkanlarının yaradılması və bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivləri iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın davamlı xarakter alacağını göstərir”, - deyə deputat bildirib.

Onun fikrincə, prezidentlərin qarşılıqlı səfərlərinin davam etdirilməsi, yaxın gələcəkdə yeni görüşlərin planlaşdırılması və nümayəndə heyətlərinin müntəzəm təmasları isə siyasi dialoqun intensivliyini artırmaqla yanaşı, münasibətlərin səmimi və etibarlı mühitdə inkişafını nümayiş etdirir. Prezident İlham Əliyevin Serbiyada özünü evdəki kimi hiss etdiyini vurğulaması və “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya–Azərbaycan dostluğu!” ifadəsi ilə çıxışını tamamlaması bu ifadəni iki xalq arasında dostluq münasibətlərinin rəmzi və emosional ifadəsinə çevirdi.

“Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin Serbiyaya səfəri yalnız diplomatik hadisə deyil, eyni zamanda, konkret layihələrə, qarşılıqlı sərmayəyə, enerji təhlükəsizliyinə və beynəlxalq arenada koordinasiyalı fəaliyyətə əsaslanan strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm mərhələdir və mövcud dinamika yaxın illərdə Serbiya–Azərbaycan münasibətlərinin daha da dərinləşəcəyini deməyə əsas verir”, - deyə V.Qafarov vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
80
2
azertag.az

3Источники