RU

Çin şirkəti bu il 20 minədək humanoid robot tədarük etməyi planlaşdırır

Çində Bahar bayramına həsr olunmuş qala-konsertdə humanoid robotlarının çıxışı ilə geniş beynəlxalq rezonans doğuran yerli “Unitree Robotics” şirkəti tədarükləri əhəmiyyətli dərəcədə artırmağı və humanoid robototexnikası seqmentində lider mövqeyini möhkəmləndirməyi planlaşdırır.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “South China Morning Post” qəzetinin yaydığı məlumata görə,  “Unitree Robotics” şirkətinin baş direktoru Van Sinsinin sözlərinə görə, cari ildə şirkət 20 minədək humanoid robot tədarük etməyi planlaşdırır. Bu da 2025-ci ilin göstəricisini 5,5 min vahid üstələyir. O, Çinin “36Kr” texnologiya nəşrinə müsahibəsində bildirib ki, bu il humanoid robotların qlobal ümumi tədarükü “on minlərlə” vahidə çata bilər və bunun təxminən 10–20 mini “Unitree” şirkətinin payına düşəcək.

Məlumata görə, şirkətin robotlarının Çin Mərkəzi Televiziyasının (CCTV) qala-gecəsində növbəti çıxışı ötən illə müqayisədə əhəmiyyətli irəliləyiş nümayiş etdirib. Hançjou şəhərində hazırlanmış robotlar mürəkkəb döyüş sənəti elementlərini, batut üzərində tullanma, salto və yüksək sürətli qaçışı yerinə yetirib ki, bu da son 12 ayda ciddi texnoloji sıçrayışın baş verdiyini göstərir.

Şirkətdən bildirilib ki, proqramın elementlərinin bir hissəsi, o cümlədən “G1” model robotların kunq-fu nümayişi tam avtonom rejimdə həyata keçirilib. Çıxış çərçivəsində “H2” humanoid robotu və “B2-W” robot-itlər də istifadə olunub. Batut üzərində tullanmanın maksimal hündürlüyü üç metrə, qaçış sürəti isə saniyədə dörd metrədək (təxminən saatda 14 kilometr) çatıb.

Ekspertlər vurğulayırlar ki, səhnə nümayişləri nəzarət olunan şəraitdə keçirilir və real mühitlərin bütün mürəkkəbliyini əks etdirmir. Çinli texnologiya üzrə analitik Patrik Çjanın sözlərinə görə, praktikada robotlar kifayət qədər böyük məhdudiyyətlərlə üzləşir, lakin səhnə çıxışları texnologiyaların hazırkı inkişaf səviyyəsini əyani şəkildə nümayiş etdirməyə imkan verir.

Van Sinsin qeyd edib ki, bu sahə üçün əsas çağırış humanoid robotların real şəraitdə tətbiq edilməsidir. Bununla əlaqədar olaraq “Unitree” mürəkkəb mühitdə fəaliyyət zamanı robotun “beyni” rolunu yerinə yetirə bilən daha avtonom idarəetmə sistemlərinin yaradılması məqsədilə xüsusi süni intellekt sahəsində çalışan komandalarla əməkdaşlıq edir.

“Omdia” tədqiqat şirkətinin məlumatına görə, ötən il “Unitree” 5,5 mindən çox humanoid robot göndərib və “Tesla”, “Figure AI” və “Agility Robotics” də daxil olmaqla bir sıra Amerika rəqiblərinin ümumi tədarük həcmlərini üstələyib. İnvestorlar “Unitree”ni Çində humanoid robototexnikası sektorunun inkişafının əsas göstəricilərindən biri kimi qiymətləndirir, bu fonda onun təchizat zəncirinə daxil olan şirkətlərə maraq da artır. (Azərtac)

Избранный
9
5
fed.az

6Источники