RU

İstedadlı gənclər Dünya TV-də: tərbiyə və dəyərlər ön planda- VİDEO/ FOTO

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin bir qrup istedadlı üzvləri Dünya TV-nin “Bu səhər” verilişində qonaq olublar. Verilişdə birliyin fəaliyyəti, istedadlı uşaq və gənclərin inkişafı, eləcə də ailə-məktəb-müəllim əməkdaşlığının əhəmiyyəti geniş müzakirə olunub.

Birliyin sədri Vüsalə Qələndərli çıxışı zamanı uşaqların düzgün təlim-tərbiyəsində ailə və məktəbin birgə rolunun həlledici olduğunu vurğulayıb:

“Uşağın gələcəyi təsadüflərlə deyil, tərbiyə ilə formalaşır. Bu tərbiyənin isə üç əsas dayağı var: ailə, məktəb və müəllim. Bu üçlük bir-birini tamamlayanda cəmiyyət sağlam, savadlı və dəyərlərinə bağlı nəsil qazanır. Unutmamalıyıq: ailə məktəbi günahlandıranda, məktəb ailəni günahlandıranda uşaq itirir. Amma ailə ilə məktəb bir-birinə dayaq olanda uşaq qazanır, cəmiyyət qazanır.”

Verilişdə həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ictimai birliyin "Parlaq Ulduzlar" layihəsi çərçivəsində çap olunmuş "İstedadları Uğura aparan yol" adlı jurnal haqqında danışılıb, jurnalda yer alan istedadlardan bəhs edilib. 

Verilişin bədii hissəsində birliyin gənc istedadları maraqlı çıxışları və rəngarəng ifaları ilə tamaşaçıların böyük rəğbətini qazanıblar. Canlı diskussiya şəraitində keçən proqramda hər bir istedadlı gənc uğurlarında müəllimlərinin rolunu xüsusi vurğulayaraq onlara təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində bir sıra istedadlı gənclər mükafatlandırılıb. Belə ki, Yusif Hüseynli, İlqar Bayramlı və Tofiq İsmayılov “İlin fəal gənci” fəxri diplomu ilə təltif olunub. Cəmi 5 yaşı olan istedadlı Rüqəyya Salmanova isə xüsusi Təşəkkürnamə ilə mükafatlandırılıb. Birliyin sədri və gənc istedadlar verilişin aparıcısı Kamran Cavada dəvətə və gənclərin tanıdılmasında göstərdiyi dəstəyə görə təşəkkür edib. 

“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi bundan sonra da istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların inkişafının dəstəklənməsi və cəmiyyətə tanıdılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Избранный
34
qht.az

1Источники