RU

Bakı və Belqrad arasında dialoq konkret layihə və icra mexanizmlərinə əsaslanır

Azərbaycanla Serbiya arasında münasibətlərin bugünkü mərhələsi, sadəcə siyasi dialoqun fəallaşması ilə məhdudlaşmır. Bu əməkdaşlıq artıq institusional əsaslar üzərində qurulan strateji tərəfdaşlıq formatına keçib. Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfəri, prezidentlər İlham Əliyev və Aleksandar Vuçiçin iştirakı ilə Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi Bakı ilə Belqrad arasında münasibətlərin sistemli koordinasiya mərhələsinə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirdi. 

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında deyib ki, burada söhbət formal bəyanatlardan getmir, çünki Strateji Tərəfdaşlıq Şurasının yaradılması ikitərəfli əlaqələrə daimi işləyən mexanizm qazandırır. Bu mexanizm nəticəsində razılaşmaların icrasına nəzarət, prioritetlərin uzlaşdırılması və əməkdaşlığa real məzmun verilməsi üçün konkret platforma formalaşır. "Qlobal qeyri-sabitlik fonunda orta gücə malik dövlətlərin etibarlı tərəfdaşlıqlara ehtiyac duyduğu bir dövrdə bu cür formatlar xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan və Serbiya arasında qarşılıqlı münasibətlər bir neçə əsas istiqamət üzrə inkişaf edir. İlk növbədə siyasi ölçü diqqət çəkir. Bakı və Belqrad suverenlik və ərazi bütövlüyü prinsiplərinə ardıcıl sadiqlik nümayiş etdirir. Müasir beynəlxalq münasibətlər sistemində bu, artıq sıradan bir yanaşma deyil, selektiv hüquq tətbiqinin geniş yayıldığı şəraitdə belə mövqelər xüsusi siyasi çəkidədir. Azərbaycan və Serbiya arasında formalaşan qarşılıqlı etimad məhz bu prinsiplər üzərində qurulur", - deyə deputat əlavə edib. 

Enerji sahəsinin də əməkdaşlığın əsas sütunlarından biri olduğunu deyən deputatın fikrincə, Serbiya üçün enerji mənbələrinin şaxələndirilməsi milli təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycan isə mövcud enerji potensialı və ixrac infrastrukturu ilə Balkan regionunun enerji dayanıqlılığının gücləndirilməsində mühüm tərəfdaş kimi çıxış edir. Paralel olaraq Bakı üçün Serbiya istiqaməti Avropa bazarlarında mövqelərin genişləndirilməsi strategiyasının tərkib hissəsinə çevrilir. Lakin iqtisadi gündəlik təkcə energetika ilə məhdudlaşmır, nəqliyyat, logistika, infrastruktur və investisiya əməkdaşlığı da xüsusi yer tutur. Birbaşa kommunikasiya xətlərinin, o cümlədən hava əlaqəsinin inkişafı biznes təmasları, humanitar mübadilələr və turizm axınları üçün əlavə imkanlar yaradır. Bu, eyni zamanda kiçik və orta sahibkarlığın prosesə cəlb olunmasına birgə layihələrin reallaşmasına zəmin formalaşdırır.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan-Serbiya yaxınlaşmasını daha geniş geosiyasi kontekstdə də qiymətləndirmək lazımdır: "Bu əməkdaşlıq Bakının çoxtərəfli xarici siyasət kursuna uyğun olaraq tərəfdaşlıqların diversifikasiyası və Avropa məkanı ilə əlaqələrin dərinləşdirilməsi xəttinin tərkib hissəsidir. Balkan istiqaməti artıq ayrıca strateji məna daşıyır və Azərbaycanın Avropa siyasi-iqtisadi məkanına inteqrasiyasında əlavə kanal rolunu oynayır. Serbiya üçün isə Azərbaycanla tərəfdaşlıq xarici iqtisadi əlaqələrin genişləndirilməsi, mənbələrin şaxələndirilməsi və manevr imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Qlobal rəqabətin sərtləşdiyi və bazar konfiqurasiyasının dəyişdiyi şəraitdə bu cür münasibətlər strateji üstünlük yaradır".

Deputat vurğulayıb ki, diqqətçəkən məqam isə Bakı ilə Belqrad arasında dialoqun abstrakt formullara deyil, konkret layihələrə və icra mexanizmlərinə əsaslanmasıdır. Bu isə münasibətlərin yetkin mərhələyə çatdığını göstərir. Strateji Tərəfdaşlıq Şurası ikitərəfli əməkdaşlıq üçün yeni standartlar müəyyən edir - strukturlaşdırılmış yanaşma, müntəzəm təmaslar və ölçülə bilən nəticələr. Eyni zamanda, əməkdaşlıq potensialı hələ tam reallaşdırılmayıb. "Yaşıl enerji", rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, innovasiya və təhsil sahələri yeni inkişaf nöqtələri kimi ön plana çıxır. Məhz bu istiqamətlər gələcək mərhələdə tərəfdaşlığa əlavə dinamika verə bilər", - deyə o bildirib.

S.Fətəliyeva qeyd edib ki, ümumilikdə Azərbaycan-Serbiya münasibətləri qlobal güc mərkəzləri olmayan dövlətlərin də qarşılıqlı faydaya əsaslanan, dayanıqlı və strateji baxımdan düşünülmüş əlaqələr qura bildiyini göstərir. Bu tərəfdaşlıq siyasi iradəyə, ortaq maraqlara və müasir dünyanın reallıqlarının düzgün dərk edilməsinə söykənir. Azərbaycan üçün Serbiya istiqaməti Avropa xəttinin mühüm komponentinə çevrilir. Serbiya üçün isə bu əməkdaşlıq daha balanslı və müstəqil xarici iqtisadi strategiyanın formalaşmasına töhfə verir. Region üçünsə bu model praqmatizmə, sabitliyə və konstruktiv dialoqa xidmət edən əlavə amildir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
19
azerbaijan-news.az

1Источники