ain.az bildirir, Xalq qazeti portalına istinadən.
Cənubi Qafqazda sülhün xəritəsi inamla formalaşır
Azərbaycan və Ermənistan arasında ötən il avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanması regionda uzun illər davam etmiş qarşıdurmanın hüquqi müstəvidə tənzimlənməsi istiqamətində atılmış mühüm addım oldu. Sənədin imzalanması ilə paralel tərəflər münasibətlərin normallaşdırılması üçün praktiki mexanizmlərin işə salınmasına üstünlük veriblər. Xüsusilə nəqliyyat-kommunikasiya xətlərinin açılması, tranzit imkanlarının bərpası və qarşılıqlı ticarətin başlanması məsələləri gündəliyin əsas istiqamətlərini təşkil edir. Bu proseslər yalnız iqtisadi dividend vəd etmir, eyni zamanda, qarşılıqlı əlaqə mühitini formalaşdıraraq siyasi riskləri minimuma endirməyi hədəfləyir.
Kommunikasiyaların açılması regionun logistik xəritəsində yeni konfiqurasiya yaradır, iki ölkəni daha geniş iqtisadi şəbəkələrin tərkib hissəsinə çevirir. Qarşılıqlı ticarətin başlanması isə uzunmüddətli sabitliyin sosial-iqtisadi dayaqlarını möhkəmləndirə bilər. Çünki iqtisadi əməkdaşlıq genişləndikcə, tərəflər üçün qarşıdurma ritorikasına qayıdış daha az rasional görünür. Bu baxımdan sülh prosesi yalnız siyasi razılaşma deyil, həm də əməkdaşlıq platforması kimi formalaşır.
Bütün bu təşəbbüslərin dayanıqlı nəticə verməsi üçün əsas şərtlərdən biri dövlət sərhədinin hüquqi və faktiki baxımdan dəqiq müəyyənləşdirilməsidir. Məhz bu mərhələdə delimitasiya və demarkasiya prosesi xüsusi əhəmiyyət kəsb edir. Sərhədlərin xəritələr əsasında razılaşdırılması, yerində işarələnməsi, sərhəd dirəklərinin quraşdırılması tərəflər arasında gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almağa xidmət edir. Eyni zamanda, bu addım təhlükəsizlik mühitini sabitləşdirir, kommunikasiyaların açılması və ticarət əlaqələrinin inkişafı üçün zəruri hüquqi zəmin yaradır. Beləliklə, sülh sazişinin paraflanması, iqtisadi əlaqələrin qurulması və nəqliyyat xətlərinin açılması ilə yanaşı, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi bütövlükdə regionda davamlı sülhün institusional əsaslarını formalaşdıran bir-biri ilə bağlı mərhələlər kimi çıxış edir.
Bu istiqamətdə yenilik Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının növbəti iclasının yaxın vaxtlarda keçiriləcəyi ilə bağlıdır. Bunu Ermənistan mediasına açıqlamasında Ermənistan–Azərbaycan “Sülh körpüsü” təşəbbüsünün iştirakçısı, “Erməni Şurası” analitik mərkəzinin nümayəndəsi Narek Minasyan bildirib. O, növbəti görüşün Ermənistanda keçiriləcəyini deyib: “Yaxın vaxtlarda iki ölkənin sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyalarının iclası planlaşdırılır. Nəzərə alsaq ki, əvvəlki iclas Azərbaycan ərazisində keçirilib, növbəti iclas çox güman ki, Ermənistanda baş tutacaq”. Sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyaların sonuncu – 12-ci iclası 2025-ci il noyabrın 28-də Qəbələ şəhərində komissiyaların hər iki tərəfdən həmsədrləri – Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə keçirilib.
***
Komissiyaların növbəti iclasının yaxın vaxtlarda keçiriləcəyi barədə məlumat sülh prosesinin texniki mərhələsinin davam etdiyini göstərən mühüm siqnaldır. Bu, paraflanmış sülh sazişindən sonra tərəflərin konkret mexanizmlər üzərində işləməyə davam etdiyini nümayiş etdirir və prosesi siyasi bəyanatlar müstəvisindən praktik icra mərhələsinə keçirir. Əvvəlki iclasın Azərbaycan ərazisində keçirildiyini nəzərə alsaq, növbəti görüşün Ermənistanda baş tutmasının planlaşdırılması danışıqların qarşılıqlı prinsip əsasında aparıldığını göstərir. Bu, həm də tərəflər arasında müəyyən prosedur razılaşmalarının formalaşdığını təsdiqləyir. Delimitasiya və demarkasiya kimi həssas məsələlərdə belə texniki ardıcıllıq və razılaşdırılmış mexanizmin mövcudluğu daşıyır. Çünki sərhədlərin dəqiqləşdirilməsi yalnız xəritə üzərində xətt çəkmək deyil, həm də təhlükəsizlik, kommunikasiya və yerli əhali ilə bağlı praktiki məsələlərin həllini tələb edir.
Sərhədin hüquqi baxımdan razılaşdırılması regionda uzunmüddətli sabitliyin əsas dayaqlarından biridir. Delimitasiya, yəni sərhəd xəttinin hüquqi sənədlər və xəritələr əsasında müəyyənləşdirilməsi gələcək mübahisələrin qarşısını almağa xidmət edir. Demarkasiya isə həmin xəttin yerində, fiziki olaraq işarələnməsidir ki, bu da praktiki müstəvidə anlaşılmazlıqları minimuma endirir. Hər iki mərhələ paralel və ya ardıcıl şəkildə aparıldıqda, sərhəd boyunca insident riskləri azalır, hərbi-siyasi gərginlik üçün zəmin daralır. Bu prosesin davam etməsi, eyni zamanda, kommunikasiya xətlərinin açılması və tranzit layihələrinin reallaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Çünki sərhədlərin dəqiq müəyyənləşdirilmədiyi şəraitdə nəqliyyat marşrutlarının təhlükəsiz və davamlı fəaliyyəti çətinləşir. Qarşılıqlı ticarətin başlanması və iqtisadi əlaqələrin genişlənməsi üçün də sabit sərhəd rejimi zəruridir. Bu mənada, delimitasiya və demarkasiya sülh gündəliyinin texniki detalı deyil, onun əsas sütunlarından biridir.
Digər tərəfdən, komissiyaların iclaslarının müntəzəm keçirilməsi göstərir ki, tərəflər prosesi uzatmaq yox, mərhələli şəkildə irəlilətmək niyyətindədirlər. Əlbəttə, sərhəd məsələsi tarixən mürəkkəb və emosional fonu olan mövzudur və hər addım ciddi hüquqi əsaslandırma tələb edir. Lakin institusional mexanizmlərin işlək qalması və dialoqun davam etməsi özü-özlüyündə müsbət tendensiyadır.
Beləliklə, növbəti iclasın planlaşdırılması sülh sazişinin paraflanmasından sonra yaranmış dinamikanın qorunduğunu göstərir. Əgər proses ardıcıl və qarşılıqlı hörmət prinsipi əsasında davam etdirilərsə, delimitasiya və demarkasiya işləri regionda davamlı sülhün və təhlükəsiz əməkdaşlıq mühitinin formalaşmasına real töhfə verə bilər.
Ramiyə MƏMMƏDOVA,politoloq
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların növbəti iclasının planlaşdırılması ilk baxışda texniki xarakterli xəbər kimi görünə bilər. Lakin əslində, bu, regionda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasının mühüm elementidir. Çünki sərhəd məsələsi iki ölkə münasibətlərində həm simvolik, həm də praktik baxımdan ən həssas istiqamətlərdən biri olaraq qalır. Uzun illər qeyri-müəyyən qalan xəttin hüquqi əsaslarla müəyyənləşdirilməsi tərəflər arasında məsuliyyət bölgüsünü də dəqiqləşdirir. Sərhədin haradan keçdiyi aydın olduqca, insidentlərə dair iddiaların və qarşılıqlı ittihamların manevr sahəsi daralır. Bu isə təkcə hərbi risklərin azalması demək deyil, eyni zamanda, diplomatik münasibətlərin daha proqnozlaşdırılan müstəviyə keçməsi anlamına gəlir.
Növbəti görüşün keçirilməsi barədə məlumat onu göstərir ki, tərəflər dialoq kanalını açıq saxlayırlar. Bu, xüsusilə vacibdir, çünki sərhəd məsələsi prosesin ən çətin komponentlərindən sayılır. Məhz bu sahədə ardıcıllıq qorunursa, deməli, ümumi sülh gündəliyinin digər istiqamətləri üçün də müəyyən baza mövcuddur.
Sərhədlərin dəqiqləşdirilməsi yalnız təhlükəsizlik məsələsi deyil. Bu, həm də iqtisadi və sosial sabitliklə bağlıdır. Sərhədyanı ərazilərdə yaşayan əhali üçün aydın hüquqi status, torpaq və mülkiyyət məsələlərinin dəqiqləşməsi gündəlik həyatın sabitləşməsinə xidmət edir. Eyni zamanda, dövlətlərarası münasibətlərdə qeyri-müəyyən zonaların aradan qalxması investisiya və infrastruktur layihələri üçün daha əlverişli mühit yaradır.
Səxavət HƏMİDXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.