RU

80 il sonra ilk yaşanır: Dünyanın gözü önündə elan edildi Nə baş verəcək?

ain.az bildirir, GlobalInfo portalına istinadən.

1945-ci ildən sonra formalaşan beynəlxalq münasibətlər sistemi artıq dağılma mərhələsinə daxil olub və yeni sistemin qurulması prosesi gedir. Ekspertlər iddia edirlər ki, “Epşteyn işi” də bu transformasiyaya təsir göstərir.

Digər tərəfdən, ABŞ-ın transatlantik əməkdaşlıq və NATO siyasətindəki dəyişikliklər də diqqət çəkir. ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı mövqeyi Vaşinqtonun artıq Avropanın təhlükəsizliyinə görə cavabdehlik daşımadığının mesajı kimi dəyərləndirilir.

Bununla yanaşı, ABŞ-ın BMT-dəki nümayəndəsi Mayk Valts təşkilatın Trampın liderliyi ilə islah olunacağını və son 10 ildə NATO üçün görülən işlərin BMT üçün də tətbiq ediləcəyini bildirib.

ABŞ-ın yeni dünya nizamı ilə bağlı planı nədir? Yaxın gələcəkdə dünya ölkələrini nə gözləyir?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sistemi bu gün ciddi transformasiya mərhələsindən keçir:

“İkinci Dünya müharibəsinin nəticəsi olaraq yaradılmış institusional çərçivə, ilk növbədə BMT və NATO uzun müddət qlobal təhlükəsizlik arxitekturasının və siyasi balansın əsas dayaqları olub. Lakin dəyişən qüvvələr balansı, regional münaqişələrin qlobal qarşıdurma elementinə çevrilməsi və beynəlxalq hüququn selektiv tətbiqi bu sistemin effektivliyini sual altında qoyub. Münxen Təhlükəsizlik Konfransında ABŞ Dövlət katibi Mark Rubionun çıxışı məhz bu transformasiya prosesinin siyasi manifesti kimi qiymətləndirilə bilər.

Rubio diplomatik üslubda ifadə etsə də, onun mesajı kifayət qədər aydın idi. Belə ki, onun fikirlərinə əsasən ABŞ transatlantik alyansın qorunmasında maraqlıdır, lakin əvvəlki model artıq etibarlı deyil. Həmçinin rəsmi Vaşinqton zəif və asılı müttəfiqlərlə yola davam etmək istəmir, əksinə öz təhlükəsizliyini təmin edə bilən güclü tərəfdaşlar axtarışındadır. Bu yanaşma xüsusilə Tramp administrasiyası dövründə NATO ilə bağlı səsləndirilən tezislərin daha sistemli və diplomatik formada davamı kimi çıxış edir. Çünki ABŞ artıq Avropanın təhlükəsizliyinə görə birtərəfli məsuliyyət daşımaq niyyətində deyil. Eyni zamanda, rəsmi Vaşinqton Avropanın təhlükəsizliyinin ABŞ-ın milli maraqları ilə birbaşa bağlı olduğunu vurğulamaqla alyansdan tam uzaqlaşmadığını da göstərir. Beləliklə, bu addımlar alyansın tamamilə dağılması demək deyil, sadəcə funksional olaraq təşkilatın yenidən balanslaşdırılmağa ehtiyacı var”.

Aytən Qurbanova 

Politoloq qeyd edib ki, Rubionun çıxışında beynəlxalq təsisatlara yönəlmiş tənqid xüsusilə diqqət çəkir:

“O, milli maraqların mücərrəd normativ anlayışlarla əvəz edilə bilməyəcəyini qeyd etməklə liberal beynəlxalq nizamın ideoloji əsaslarını yenidən müzakirəyə çıxarmış oldu. BMT-nin müasir böhranlara adekvat cavab verməkdə çətinlik çəkməsi barədə fikirlər isə qlobal institutların legitimlik və effektivlik böhranını bir daha aydın şəkildə təsdiqləyir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, “yeni dünya nizamı” anlayışı emosional deyil, struktur məzmun daşıyır. Belə ki, məsələ sistemin tam dağılması deyil, hegemonik modeldən daha çoxqütblü və maraq əsaslı modelə keçid anlayışının doğru təhlil edilməsidir.

Mövcud şəraitdə ABŞ diqqətini tədricən Avropa təhlükəsizliyindən qlobal rəqabətin əsas istiqaməti olan Çin faktoruna yönəldir. Çinlə bağlı səsləndirilən selektiv əməkdaşlıq və idarə olunan rəqabət tezisləri də bu yanaşmanın tərkib hissəsi olaraq qiymətləndirilə bilər. Bəzi dairələr tərəfindən “Epşteyn işi” kimi hadisələrin qlobal transformasiyaya xidmət etdiyi iddiaları isə daha çox konspirativ xarakter daşıyır. Beynəlxalq sistemlərin dəyişməsi əsasən güc balansının transformasiyası, iqtisadi və texnoloji inqilablar, enerji və nəqliyyat marşrutları üzərində rəqabət kimi fundamental amillərlə şərtlənir.

Nəticə etibarilə, Münxen mesajı göstərdi ki, Qərb daxilində parçalanma deyil, model dəyişikliyi baş verir. Transatlantik əməkdaşlıq zəifləməkdən çox, yenidən strukturlaşır. ABŞ qlobal liderlikdən imtina etmir, lakin bu liderliyi əvvəlki paternalist təhlükəsizlik modeli üzərində deyil, daha rasional və məsuliyyət paylaşımına əsaslanan formatda davam etdirmək niyyətindədir. Beləliklə də, 1945-ci ildən sonrakı sistem öz sonuna deyil, yeni mərhələsinə daxil olur. Qarşıdakı dövr isə çoxqütblü rəqabət, institusional islahatlar və regional güclərin artan rolu ilə xarakterizə edilə bilər. Bu transformasiya prosesində əsas müzakirə mövzusu sistemin dağılması deyil, onun hansı prinsiplər üzərində yenidən qurulacağıdır”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
67
globalinfo.az

1Источники