RU

“Vardanyan işi” beynəlxalq humanitar hüquq pozucularının cəzasız qalmayacağını göstərən MÜHÜM MESAJDIR - ŞƏRH

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı (hökm) elan olundu. Bakı Hərbi Məhkəməsində Ruben Vardanyana 20 il azadlıqdan məhrumetmə cəzası verildi.

Qeyd edək ki, erməni əsilli rusiyalı milyarder, Xankəndidəki sabiq terrorçu-separatçı xuntanın maliyyə mənbələrindən biri, sonra da rəhbərləri arasında yer almış Ruben Vardanyan yalnız biznes və siyasətdəki rolu ilə deyil, həm də bu hadisələrdəki yeri ilə xüsusi fərqlənən şəxs kimi tanınırdı. 2022-ci il sentyabrın 1-də Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb. O, bütün Rusiya aktivlərini ailə fonduna, idarəetməni isə tərəfdaşlarına ötürmək qərarına gəlib. 2022-ci il oktyabrın 20-də Vardanyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın hökumət başçısı “vəzifəsi”nə “təyin edilib” və noyabrın 4-də vəzifəsinin icrasına başlayıb. Lakin Bakının qətiyyətli addımlarından sonra qondarma vəzifədən çıxmalı olub. Buna baxmayaraq Vardanyan Xankəndidə təxribatçı fəaliyyətini davam etdirib. O, aktiv şəkildə Qarabağın gorbagor olmuş status məsələsini gündəmdə saxlamağa çalışıb, “böhran”, “humanitar fəlakət”, “aclıq” kimi kartlardan istifadə etməklə beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə cəhd edib. Ona qarşı irəli sürülən ittihamlar Azərbaycan Cinayət Məcəlləsinin 15-dən çox maddəsini əhatə edir. Bu ittihamlar aqressiv müharibənin təşkilindən terrorizmin maliyyələşdirilməsinə qədər geniş bir spektri əhatə edir və onu Qarabağ münaqişəsi ilə bağlı ən vacib fiqurlardan birinə çevirir. Azərbaycan Baş Prokurorluğu Vardanyanın cinayətkar fəaliyyətlərini təsdiqləyən inandırıcı sübutlar təqdim etmişdir. Onlar silahlı separatçı qruplaşmaların maliyyələşdirilməsi, Azərbaycanın ərazi bütövlüyünü pozmağa yönəlmiş əməliyyatların təşkil olunması, habelə BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qətnamələri kimi beynəlxalq sənədlərin pozulmasıdır.

Beynəlxalq hüquq üzrə ekspert Tomas Hamilton "Eurasian Legal Review" jurnalına verdiyi müsahibədə bildirib: "Bu proses təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya ədalət sistemi üçün əhəmiyyətlidir. Bu göstərir ki, hətta maliyyə resursları və əlaqələri olan nüfuzlu şəxslər də öz hərəkətlərinə görə məsuliyyətdən yayına bilməyəcəklər".

Ruben Vardanyana qarşı irəli sürülmüş əsas ittihamlara nəzər salsaq görərik ki, bura daxildir: Aqressiv müharibənin planlaşdırılması və aparılması (Azərbaycan CM-nin 100-cü maddəsi), deportasiya və məcburi köçürmə (Azərbaycan CM-nin 107-ci maddəsi), qanunsuz azadlıqdan məhrum etmə və işgəncələr (Azərbaycan CM-nin 112 və 113-cü maddələri) Zərərçəkmişlərin şahid ifadələri dəhşətli mənzərələr açır. Gözə dəyən şahidlərin dediyinə görə, Vardanyan dinc sakinlərə qarşı işgəncələrin və qeyri-insani rəftarın təşkilatçısı olub. Həmçinin, terrorizmin maliyyələşdirilməsi (Azərbaycan CM-nin 214 və 214-1-ci maddələri) Vardanyan öz maliyyə resurslarından istifadə edərək silahlı qruplaşmaları dəstəkləyib, bu isə döyüşlərin davam etməsinə imkan verib. İstintaqın məlumatına görə, bu əməliyyatlar ofşor hesablar vasitəsilə həyata keçirilib. Hakimiyyətin zorla ələ keçirilməsi (Azərbaycan CM-nin 278-ci maddəsi) Vardanyan qanunsuz silahlı birləşmələrdən istifadə edərək siyasi məqsədlərini həyata keçirməyə çalışıb. Onun hərəkətləri yalnız Azərbaycana deyil, həm də regionun sabitliyinə təhlükə yaradıb.

Vardanyanın vətəndaşlığı məsələsi xüsusi diqqət çəkir. Rusiyanın keçmiş vətəndaşı və iri biznesmen olaraq, o, qəfildən Ermənistan vətəndaşlığına keçib ki, bu da suallar doğurur. Vətəndaşlığın dəyişdirilməsi ona siyasi sığınacaq əldə etməyə imkan verib və Qarabağ münaqişəsindən öz ambisiyalarını həyata keçirmək üçün istifadə edib. Cinayət işinin istintaqı zamanı onun qanunsuz fəaliyyətinin miqyasını və dərinliyini göstərən kifayət qədər sübutlar toplanmışdır. Bu sübutlar beynəlxalq humanitar hüququn çoxsaylı pozuntularını üzə çıxarıb. Həmin cinayətlər arasında mülki şəxslərin hərbi əməliyyatlarda iştirakına məcbur edilməsi, mülki infrastrukturun hərbi məqsədlər üçün istifadə olunması, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın suveren hissəsi kimi tanınan ərazilərdə qanunsuz hərbi təlimlərin keçirilməsi və s. var.

Ruben Vardanyan üzərində aparılan məhkəmə prosesi təkcə region üçün deyil, həm də qlobal hüquq sistemi üçün böyük təsirə malikdir. Bu proses göstərdi ki, suverenliyə və beynəlxalq qaydalara qarşı törədilən cinayətlər cəzasız qala bilməz. Azərbaycan sübut edir ki, qanunun və ədalətin gücü hətta ən çətin münaqişələrin həllində əsas prinsip olaraq qalır. “Ruben Vardanyan işi” yalnız ədalətin bərpasına doğru bir addım deyil, həm də qanunun gücünü və Azərbaycanın öz hüquqlarını və maraqlarını qorumaq qətiyyətini dünyaya xatırladan güclü bir mesaj oldu. Həbs qərarından sonra bəzi Qərb dairələrinin və insan haqları təşkilatlarının prosesi "siyasi motivli" kimi təqdim etməyə çalışa biləcəyi də istisna edilmir. Lakin bu məsələ də ötən həftələrdə ən yüksək səviyyədə həll edildi. İrəvan Bakıda həbsdə olan ermənilərə görə son çarə kimi ABŞ Vitse-prezidenti Ceyms Devid Vensi qabağa vermişdi. O, Prezident İlham Əliyevlə görüşdə bu məsələyə toxundu. Azərbaycanın isə cavabı qəti oldu. Bu barədə İlham Əliyev fevralın 13-də Münxendə "France 24" telekanalına müsahibəsində bildirdi: "Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam". Prezident müxbirin əfvlə bağlı sualına isə birmənalı cavab verdi. “Bəli, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər və onların əfvi mümkün deyil!”

Bu proses bir daha göstərdi ki, heç kim, statusundan, var-dövlətindən və ya təsirindən asılı olmayaraq, törətdiyi cinayətlərə görə məsuliyyətdən yayına bilməz. Azərbaycan dünya ictimaiyyəti üçün nümunə olacaq bir standart qoydu: Ədalət mümkündür, hətta şərait mürəkkəb və siyasi gərginlik yüksək olduqda belə. Azərbaycan hüquqsuzluğa qarşı mübarizə aparmaq, öz hüquqlarını müdafiə etmək və ədalətə nail olmaq üçün digər ölkələri ruhlandıracaq mühüm bir presedent müəyyən etmişdir. Bu isə hüquq sisteminə olan inam və etibarı gücləndirəcək bir amildir.

Sevinc Azadi, “İki sahil”

Избранный
23
ikisahil.az

1Источники