Qvineya körfəzində, Kot-d’İvuarın şelfində iri təbii qaz yatağı aşkar olunub. Bu barədə “Business Insider Africa” nəşri məlumat yayıb.
Yataq sahildən 45 km məsafədə, 2,2 min metr dərinlikdə yerləşir. Qazılan quyunun dərinliyi isə 4,4 min metrdir. İşlər İtaliyanın enerji qrupu “Eni” tərəfindən Kot-d’İvuarın dövlət şirkəti “Petroci Holding” ilə tərəfdaşlıq çərçivəsində aparılıb.
Qiymətləndirmələrə əsasən, “Calao South” adlandırılan yataqda 85 milyard kubmetrədək qaz və 100 milyon barel kondensat ehtiyatı mövcuddur ki, bu da təxminən 1,4 milyard barel neft ekvivalentinə bərabərdir.
“Calao South” Kot-d’İvuarın ərazi sularında yerləşən ən böyük neft-qaz yatağı olan “Baleine” yatağından 70 km məsafədə yerləşir. “Baleine” yatağının ehtiyatları 2,5 milyard barel neft və təxminən 93 milyard kubmetr qaz həcmində qiymətləndirilir.