RU

"Kəpəz"in bıçaqlanan futbolçusu ilk dəfə hadisənin DETALLARINI AÇIQLADI

Fevralın 3-də Gəncə şəhərində "Kəpəz" futbol klubunun oyunçusu Veysəl Rzayev bıçaqlanmışdı. Hadisə nəticəsində futbolçu xəstəxanaya yerləşdirilmişdi.

Ölkə.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a açıqlama verən "Kəpəz"in futbolçusu Veysəl Rzayev vəziyyətinin yaxşı olduğunu və fevralın 11-də xəstəxanadan evə buraxıldığını bildirib:

“Vəziyyətimlə bağlı hər şey yaxşıdır. Gəncədə əməliyyat olunduqdan sonra Bakıya gələrək yenidən yoxlanışdan keçdim. Məni əməliyyat edən həkimin qərarlarına yenidən baxıldı və dediklərinə görə hər şey qaydasındadır. 1 ay, yaxud da ay yarım sonra yenidən məşqlərə başlaya bilərəm. Təbii ki, ilk növbədə, yüngül qaçışlara və s. qoşula bilərəm. Birdən-birə ağır məşqlər olmaz. Yəni futbol oynamağımın qarşısını alacaq maneə yoxdur”.

Futbolçu həmçinin cinayətlə bağlı detallara da aydınlıq gətirib. Onun sözlərinə görə, xəsarət yetirən şəxsi əvvəllər görməyib:

“Mən Gəncədə olan vaxt çoxdan tanıdığım dostumla görüşdüm. Həmin dostumla 2 saata yaxın vaxt keçirdim, daha sonra isə hər kəs öz evinə getdi. Bir neçə saat sonra isə dostum mənimlə əlaqə saxlayaraq bir məsələ ilə bağlı danışmaq istədiyini bildirdi. Mən yenidən onunla görüşməyə getdim, lakin həmin an orada tanımadığım şəxsləri gördüm. Hansısa münaqişənin olduğunu hiss etdim və böyüməməsi üçün müdaxilə etməli oldum. O zaman xəsarət aldım. İlk saniyələrdə yaralandığımı hiss etmirdim, qanın axdığını gördüm. Dərhal 3 saylı xəstəxanaya getdik və həkim tərəfindən müdaxilə olundu”.

“Mənə xəsarət yetirən şəxs haqqında heç bir məlumatım yoxdur, onu tanımırdım. Ümumiyyətlə, baş verən hadisə ilə bağlı mənim əlaqəm yox idi, sadəcə məsələ böyüməsin deyə müdaxilə etdim. Xəstəxanada olan zaman isə ailəmə məlumat verdim. Hazırda cinayətlə bağlı araşdırma gedir”,- deyə futbolçu qeyd edib.

Избранный
35
1
olke.az

2Источники