Cənab Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri zamanı səsləndirdiyi bəyanatlar Azərbaycan–Serbiya münasibətlərinin hazırkı vəziyyətini, strateji mahiyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur.
Çıxışlarda həm siyasi etimad, həm iqtisadi əməkdaşlıq, həm də enerji tərəfdaşlığı məsələləri geniş yer alaraq iki ölkə arasında münasibətlərin artıq çoxşaxəli strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini nümayiş etdirir. Ölkə başçısı nitqində Azərbaycan və Serbiya arasında əlaqələrin uzun illər ərzində formalaşmış qarşılıqlı hörmət, etimad və səmimi dialoqa əsaslandığını bildirdi. Liderlərin bir-birini yaxından tanıması, müntəzəm görüşlərin keçirilməsi və açıq fikir mübadiləsi münasibətlərin sabit və davamlı xarakter daşımasını təmin edir.
Dövlət başçısı Serbiya xalqının tarix boyu dövlət suverenliyinin qorunması uğrunda göstərdiyi səyləri yüksək qiymətləndirərək bunun hər bir müstəqil dövlətin gücünü müəyyən edən əsas amillərdən biri olduğunu bildirdi. Bu fikirlər Azərbaycan və Serbiyanın beynəlxalq münasibətlərdə suverenlik, müstəqillik və milli maraqların qorunması kimi ortaq prinsiplərə söykəndiyini göstərir. Ölkə başçısı şıxışında Serbiya Prezidenti Aleksandar Vuçiçin fəaliyyətinə də xüsusi qiymət verdi. Onun dövlət maraqlarını üstün tutan siyasətini, xalqına bağlılığını və həyata keçirdiyi islahatları qeyd edərək bildirdi ki, bu liderlik nəticəsində Serbiya beynəlxalq nüfuz qazanıb, iqtisadi və sosial inkişaf yolunda mühüm nailiyyətlər əldə edib.
Təbii sərvətlərin məhdudluğuna baxmayaraq ölkənin öz gücünə arxalanaraq inkişaf etməsi düzgün idarəetmə modelinin göstəricisi kimi təqdim olundu. Səfər zamanı keçirilmiş Serbiya–Azərbaycan Strateji Şurasının ilk iclası münasibətlərin institusional əsasda inkişaf etdiyini göstərdi. Tərəflər siyasi, iqtisadi, energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəldilər. Siyasi müstəvidə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi məsələsi xüsusi vurğulandı. Bu yanaşma tərəflər arasında strateji etimadın möhkəm olduğunu və ortaq xarici siyasət baxışlarının mövcudluğunu göstərir. Energetika sahəsində əməkdaşlıq səfərin əsas istiqamətlərindən biri kimi ön plana çıxdı. Azərbaycan artıq Serbiyaya təbii qaz ixrac edir və tərəflər bu ixracın həcmini artırmaq barədə qərara gəliblər. İxrac edilən qazın elektrik enerjisinə çevrilməsi Serbiyaya daha təmiz enerji əldə etməyə, daxili bazarın tələbatını ödəməyə və gələcəkdə enerji ixrac imkanlarını genişləndirməyə şərait yaradacaq.
Bu yanaşma Azərbaycanın enerji resurslarının regionda iqtisadi inkişaf alətinə çevrildiyini göstərir. Səfərin yekununda Prezident cənab İlham Əliyev vurğuladı ki, əldə olunmuş razılaşmaların nəticələri uzun müddət gözlədilməyəcək və yaxın vaxtlarda konkret layihələrdə öz əksini tapacaq. O, Serbiya rəhbərliyini Azərbaycana dəvət etdiyini və cari il ərzində bir neçə dəfə qarşılıqlı səfərlərin baş tutacağını bildirdi. Əlbəttə ki, bu cür intensiv siyasi təmaslar strateji tərəfdaşlığın dərinləşməsinə və qərarların operativ icrasına xidmət edir. Dövlət başçısının çıxışında səsləndirdiyi dostluq və həmrəylik mesajları Azərbaycan–Serbiya münasibətlərinin yalnız rəsmi əməkdaşlıqla məhdudlaşmadığını, qarşılıqlı hörmət və siyasi yaxınlıq üzərində qurulduğunu nümayiş etdirdi.
Fatimə Gözəlova;
Neftçala rayonu


