ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb.
Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
İlham Əliyev və Neçirvan Bərzani ilə görüşlər Münhen Təhlükəsizlik Konfransı üçün xarakterik hal alıb. Ənənəvi görüşlər tərəflərin strateji dialoqa geniş bucaqdan, o cümlədən regional təhlükəsizlik paradiqmalarından yanaşdığının indikatorudur. Azərbaycanın İraqın ərazi subyekti olan İraq Kürdüstanı ilə münasibətləri qarşılıqlı maraqların uzlaşdırılması üçün mühüm əhəmiyyətə malikdir. Bu, iki tərəfin əməkdaşlıq perspektivlərində genişhəcmli platforma yaradacağına dair güclü siqnaldır.
Azərbaycan-İraq münasibətlərində Kürdüstan Regionunun yeri
Azərbaycanla İraq arasında əlaqələr İraq Kürdüstanı ilə münasibətlərə əlavə motivasiya verir. Mərkəzi İraq hökuməti ilə Kürdüstan bölgəsi arasında ziddiyyətlər olsa da, bu, artıq tarixi bir fakta çevrilir. Bağdadla İraq Kürdüstanı arasındakı münasibətlər indi həmişəkindən daha yaxşıdır və tarixi-siyasi çəkişmələr öz yerini əməkdaşlığa, anlaşmaya ötürür. 2025-ci ilin noyabrında keçirilən Yaxın Şərq İnstitutu Forumunda (MERI) Neçirvan Bərzani çıxış edərək həm mübahisəli məqamlara, həm də əməkdaşlığa diqqət çəkib.
Onun panel müzakirələr zamanı səsləndirdiyi fikirlərin icmalını belə təsvir etmək olar:
- Kürdüstan bölgəsinin səmərəli idarə olunması və əhalinin ehtiyaclarına cavab verən funksional hökumət qurmaq üçün Bağdadla münasibətlərdə dialoqu davam etdirmək vacibdir;
- Kürdüstan və Bağdad arasındakı məsuliyyət və narahatlıqlar paylaşılır, narahatlıqlara görə təqsiri yalnız bir tərəfə yükləmək lazım deyil;
- İraqın gələcəyi Kürdüstanla Bağdad arasında qarşılıqlı hörmətə əsaslanaraq əməkdaşlığı inkişaf etdirən modelin qurulmasını vacib elan edir.
Mərkəzi İraq hakimiyyəti İraq Kürdüstanı ilə əlaqələrdə mübahisəli kontekstlərdən çox, əməkdaşlıq müstəvisinə önəm verir. Bağdadla Kürd regional hökuməti arasında 2025-ci ilin sentyabrında əldə edilən tarixi razılaşmaya əsasən, İraq Kürd bölgəsindən Türkiyəyə neft nəqli bərpa edilib. ABŞ-nin vasitəçiliyi ilə İraq, Kürdüstan Regional Hökuməti, Türkiyə və xarici neft şirkətləri arasında əldə edilən razılaşmaya əsasən, Kərkükdən cənuba, Türkiyənin Aralıq dənizi limanı olan Ceyhan limanına gündə 180 000-190 000 barel xam neft axır. Türkiyə rəsmiləri bu rəqəmin 230 000 barelə qədər artacağını gözləyirlər ki, bu da 2023-cü il qapanmasından əvvəlki səviyyəyə yaxındır (Kərkük-Ceyhan boru kəməri vasitəsilə neft axını 2023-cü ilin mart ayından bəri bağlanmışdı).

Göründüyü kimi, Bağdadla kürd muxtariyyətinin münasibətlərində müsbətə doğru irəliləyişlər daha çoxdur, hərçənd ki, bu hələ də gərginlik altında olan kövrək əməkdaşlıq kimi xarakterizə edilir. Lakin Bağdadla kürd muxtariyyəti arasındakı əməkdaşlığın yüksəlməsi regional sabitlik üçün əhəmiyyətlidir. Bu, geosiyasi baxımından Azərbaycanın maraqlarında şaxələnmə açır.
Başqa sözlə, Azərbaycan Respublikasının həm İraq, həm də Kürdüstan Regionu ilə təşəkkül tapan siyasi dialoq imkanları daha geniş sektorlar üzrə paylanır. Bu istiqamət regional və qlobal dinamikalar arasında Azərbaycan strategiyasının Yaxın Şərqdə genişlənməsinə imkan verir. Ona görə də İlham Əliyev ilə Neçirvan Bərzaninin Münhen Təhlükəsizlik Konfransında normaya çevrilən görüşləri daha geniş regional təzahürlərin kodları kimi başa düşülə bilər.

Azərbaycan üçün digər motivasiya
Yaxın Şərqin güc vitrininə əlverişli mövqelərdən daxil olmaq üçün İraq kritik qiymətə sahibdir. Türkiyə Cümhuriyyətinin İraqdakı maraqları həm təhlükəsizlik narahatlıqları, həm də iqtisadi-siyasi faktorlarla əlaqəlidir. Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra PKK terror təşkilatının ləğv edilməsi prosesinin həyata keçirilməsində Türkiyə məsuliyyət bölgüsündə İraqın əhəmiyyətini bir daha vurğulayır.
PKK terror təşkilatının İraqdakı mövcudluğu Ankara-Bağdad ikitərəfli münasibətlər kontekstində prioritet təhlükəsizlik məsələlərindən biri kimi aktuallığını qoruyur. Bu, PKK-nın Türkiyə ilə sərhədə yaxın ərazilərdə, logistik və əməliyyat xarakterli bütün mövcudluğunun tam şəkildə aradan qaldırılmasına fokuslanıb. Bu, Türkiyənin İraq hökumətindən gözləntilərini bir daha gündəmə gətirir. Bu məsələnin həlli regional sabitlik və təhlükəsizlik baxımından fundamental əhəmiyyət daşıyır.
İraq Amerika Birləşmiş Ştatları üçün Yaxın Şərq strategiyasında eksklüziv dəyərə malikdir. ABŞ-nin İraqa 2003-ci ildəki müdaxiləsindən sonra yaranan təhlükəsizlik narahatlıqları Ağ Evin həll etməli priorietləri sırasındadır. Bu cəhətdən ABŞ İraqla strateji tərəfdaşlığı dərinləşdirməyi, İraqın müdafiə qabiliyyətinin gücləndirilməsini hədəfləyir. Bu amil İŞİD kimi təşkilatların yenidən dirçəlməsinin qarşısını almağı hədəfləməklə yanaşı, ABŞ-nin İranla Yaxın Şərqdəki rəqabətinin açıq əlamətlərini də özündə birləşdirir. Yeni dünya nizamının flaqmanına çevrilməyi hədəfləyən Çin üçün də İraq cəlbedici bazardır. Çin xaricdə yeni bazarlar və geosiyasi portfel axtardıqca, İraq Pekinin Yaxın Şərqdəki planlarının ayrılmaz hissəsinə çevrilir.
Çin Sədri Si Cinpin Qlobal Sivilizasiya Təşəbbüsünü təqdim edən çıxışında qədim mədəniyyətlərarası mübadiləni Çinin müasir əlaqələrinin təməli kimi qeyd edib. Çin rəsmiləri İraq haqqında da oxşar ifadələrlə danışırlar. İraqla əlaqədar Rusiya, Fransa, Böyük Britaniya, İsrail, Səudiyyə Ərəbistanı kimi aktorların da maraqları inkişaf edir. Lakin nə Rusiya, nə Çin İraqda dominant aktor kimi görünür. Bununla belə, İraq təhlükəsizliyində güc maraqlarının toqquşması ümumi ajiotajla bağlı qavrayışları inkişaf etdirir. Xüsusilə İraq Kürdüstanı kimi mövzularda fərqli hekayələr risk kimi meydana çıxa bilər. Bunlara baxmayaraq, indi İraq, o cümlədən Kürdüstan regionu həmişəkindən daha çox əməkdaşlıq və dialoq mühiti kimi diqqət mərkəzinə düşür. Bu mənada İlham Əliyevin Neçirvan Bərzani ilə müzakirələri geniş regional təhlükəsizlik dilemmalarına verilən diplomatik-siyasi reaksiya kimi xarakterizə oluna bilər.
Hər iki lider Yaxın Şərqlə Cənubi Qafqaz regionlarına yumşaq və sərt güc komponentləri ilə daxil olmaq istəyən aktorların təsirlərini müzakirə predmetinə çevirirlər. Azərbaycan üçün İraq Kürdüstanı ilə əlaqələr Yaxın Şərq üzrə strateji investisiyanı qiymətləndirəcək meyara malikdir. Üstəlik, Türkiyə ilə strateji müttəfiqlik, ABŞ ilə strateji tərəfdaşlıq, Çinlə müttəfiqlik əlaqələri Azərbaycanın xarici siyasət kursunun İraqla bağlı səhifələrini təkmilləşdirməyə münbit şərait yaradır. Bu o deməkdir ki, Azərbaycan İraqda toqquşan maraqların tərəfinə çevrilməkdənsə, qarşılıqlı məqsədlər üçün işləmək, regional əməkdaşlıq imkanlarını artırmağı daha üstün formul kimi görür.
Türkman kursu
İraq türkmanları, əsasən, ölkənin şimal və mərkəzi bölgələrində, xüsusilə Kərkük, Mosul, Telafer, Tuz Xurmatu və Altunköprü kimi ərazilərdə məskunlaşıblar. Bundan əlavə, Bağdad, Ərbil, Səlahəddin və Diyalada da türkmanlar yaşayırlar. Ancaq İraqdakı türkmanların sayı barədə dəqiq rəqəm yoxdur. Bir neçə müxtəlif mənbə müxtəlif təxminlər təqdim edir. Bəzi beynəlxalq mənbələr türkman icmasının təxminən 600 000‑2 000 000 nəfər arasında olduğunu bildirir.
Bunlara baxmayaraq, türkmanlar İraqda ərəblər və kürdlərdən sonra üçüncü ən böyük etnik qrupu təmsil edirlər. Bu coğrafi yayılma onları həm Bağdad-Ərbil münasibətlərinin, həm də regional təhlükəsizlik proseslərinin birbaşa təsir dairəsinə daxil edir.

Türkiyə Xarici İşlər Nazirliyi İraq türkmanlarını "iki ölkə arasında mədəni əlaqə və insan körpüsü" kimi göstərir. Türkiyə hökuməti öz rəsmi xarici siyasətində İraq türkmanlarını regional mədəni-tarixi bağlarla əlaqələndirərək onların hüquqlarının qorunmasını vurğulayır. Bu, insan resurslarına əsaslanaraq, həm İraq, o cümlədən İraq Kürdüstanı ilə əlaqələrdə, həm də ümumi regional siyasət kontekstində qeyd edilən yanaşmadır.
Ankaranın mövqeyi Azərbaycan üçün insan kapitallı resurslara diqqəti artırır. Deməli, regionda geosiyasi, təhlükəsizlik, iqtisadi-ticari amillərlə yanaşı, demoqrafik məsələlər də İraqı Azərbaycan və Türkiyə üçün mühüm bölgəyə çevirir.
Türkiyə Orta Şərq Araşdırmalar İnstitutu qeyd edir ki, 2003-cü ildən sonra İraqda dövlət hakimiyyətinin zəifləməsi fonunda türkmanların yaşadığı ərazilər davamlı təhlükəsizlik riskləri ilə üzləşib.
İŞİD-dən sonrakı mərhələdə belə, mərkəzi hökumətin Kərkük və ətraf bölgələrdə tam nəzarəti təmin edə bilməməsi həmin əraziləri silahlı qruplar üçün təhlükəsizlik boşluqları olan həssas zonalara çevirib. PKK-nın Sincar, Mahmur və Kərkükün kənd ərazilərində müəyyən dövrlərdə mövcudluğu bu risklərin nəzəri deyil, real xarakter daşıdığını göstərir.
Türkmanların təhlükəsizliyinin aktuallığı fonunda, Azərbaycan-İraq Kürdüstanı arasında formalaşan dialoq, o cümlədən İlham Əliyevlə Neçirvan Bərzani arasında davamlı təmaslar türkmanlara münasibətdə konstruktiv təsirləri gücləndirə bilər. Azərbaycanla İraq Kürdüstanı arasındakı münasibətlər regionda kürd-türkman tandemi üçün yeni əməkdaşlıq mühiti yaradır. Bu dinamika, xüsusilə İraq Kürdüstanına daxil olan ərazilərdə yaşayan türkman icmalarının təhlükəsizlik, hüquqi təmsilçilik və sosial-iqtisadi perspektivləri baxımından müsbət təəssürat formalaşdırır.
Gələcəkdə Azərbaycan-İraq Kürdüstanı dialoqunun davam etməsi Kərkükdə qarşılıqlı anlaşmanı gücləndirə bilər. Bu əməkdaşlıq enerji, ticarət və humanitar sahələrdə yeni imkanlar yaradılmasını stimullaşdırır. Nəticədə, regional sabitlik və qarşılıqlı etimadın yüksəlməsi Azərbaycan üçün geosiyasi baxımdan əlavə üstünlüklər təmin edən faktora çevrilə bilər.
Aqşin Kərimov, siyasi təhlilçi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.