RU

Polşalı geofizik: Buzlaqların ərimə sürəti təkcə alimləri deyil, hər kəsi narahat etməlidir

Bakı, 17 fevral, AZƏRTAC

Təmiz suyun təbii ehtiyatları olan buzlaqlar dünyanın ekosistemlərinə və iqliminə təsir göstərir. Buna görə də onların ərimə sürəti təkcə alimləri deyil, hər kəsi narahat etməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşa Elmlər Akademiyasının Geofizika İnstitutunun əməkdaşı Bartolomey Luks Polşanın PAP xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

O hesab edir ki, buzlaqların öyrənilməsi iqlim dəyişikliyinin nəticələrini geniş miqyasda görməyə imkan verir.

“Yer kürəsi əhalisinin çox böyük bir hissəsinin qar və buzlaqlardan gələn sudan asılı olduğunu unutmamaq vacibdir. Həmçinin qarın özünün əla izolyator olduğunu, torpağı və orada yaşayan mikroorqanizmləri qışda donmaqdan qoruduğunu da yaddan çıxarmamaq lazımdır. Qar, həmçinin kiçik heyvanlar və bakteriyalar üçün yaşayış yeri kimi xidmət edə bilər”, deyə artıq 20 ildən çoxdur ki, Şpitsbergenin Hornsund şəhərindəki Polşa qütb stansiyasına müntəzəm olaraq ekspedisiyalar aparan tədqiqatçı izah edib. O əlavə edib: “Bütün həyat dövrünü buzlaqlarda keçirən orqanizmlər var”.

“Albedo” fenomenini - buz və qarın günəş radiasiyasını əks etdirmə qabiliyyətini qeyd edən polşalı alim bildirib ki, bu, öz növbəsində, planeti həddindən artıq istiləşmədən qoruyur. Bartolomey Luks vurğulayıb ki, buzlaqların əriməsi prosesini dayandırmağın yeganə yolu istixana qazı tullantılarını azaltmaqdır.

 

Избранный
14
3
azertag.az

4Источники