RU

Azərbaycanın ən yaxşıları ölkədən gedir: “Müxtəlif variant taparaq qayıtmaq istəmirlər”

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsi 125, magistratura səviyyəsi üzrə 356, doktorantura səviyyəsi üzrə isə 19 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb. 

Müvafiq sərəncama əsasən, hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. 

Beləliklə, 2022-ci ildən başlayan qəbul nəzərə alınmaqla indiyədək 1752 nəfər proqram çərçivəsində təhsil almaq hüququ qazanıb. “Ötən il 33 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil hüququ qazansa da, bundan imtina edib”. 

Bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, həmin yerləri proqram üzrə qalib olan ehtiyat siyahıdakı şəxslər əvəz ediblər, Dövlət Proqramından yararlanıblar. 

Bundan başqa, xüsusilə tibb, elektronika, İKT sahəsində təhsil alan bir çox gənc daha yaxşı təklifləri dəyərləndirir və xarici ölkələrə işləməyə gedir. Belə gənclərin sayı günbəgün artır və bu, ölkəni ixtisaslı kadrlardan məhrum edir. 

Ötən dövr ərzində yüzlərlə gənc Dövlət Proqramı çərçivəsində təhsilini xaricdə davam etdirməsinə baxmayaraq, bu gün bəzi gənclərin həmin proqramdan imtinasını mütəxəssislər müxtəlif səbəblərlə izah edirlər. Burada əsas amillərdən biri kimi gənclərin təhsil aldığı ölkədə qalıb, çalışmaq istəyi göstərilir. 

Bu istiqamətdə mövcud vəziyyət kütləvi beyin axınına gətirib çıxarmayacaqmı?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, Dövlət Proqramı ilə bağlı təhsil alanların sayında azalmanın bir neçə səbəbi var:

“Bəzi gənclər Dövlət Proqramına sənəd verərəkən düşünürlər ki, bu yer əlindən çıxmasın. Yəni burada iştirak edir, yer qazanır və eyni zamanda müstəqil proqramlar üzərindən də digər beynələxalq dərəcəli universitetlərə qəbulda iştirak edir və nəticədə oranı da qazanır. Bu zaman dövlət xətti ilə təhsil almağa yox, həmin yerə üstünlük verir. 

Çünki Dövlət Proqramı təhsil aldıqdan sonra gənclər vətənə qayıdaraq ən azından 3 il burada çalışmaq öhdəliyi yaradır. Digər tərəfdən, bəzi gənclər həmin təhsil ocağında proqramları tam mənimsəyə bilmirsə, bir neçə kəsri yarandıqdan sonra dövlət himayəsindən məhrum olunurlar. Bu baxımdan, bir qədər özgüvəni aşağı olan məzunlar bu məsələdə geri çəkilirlər və müstəqil şəkildə təhsil almaq istəyir, fərdi təqaüd proqramına üstünlük verirlər”. 

Digər məsələ isə bu prosedurlar rəsmiləşənə qədər həmin şəxslərin öz vəsaitini xərcləməli olmasıdır: 

“Onlar dövlətdən o vəsaiti alırlar, ancaq ilkin ödəniş üçün müəyyən vəsait sərf etmək məcburiyətində qalırlar. Bu bürokratiya, bank işləri, yazışmalar, sənədlər vaxt tələb etdiyinə görə bunu da nəzərə alan məzunlar var. İmtina səbəblərindən biri də bu ola bilər”. 

Ekspertin sözlərinə görə, bundan başqa Avropa mühitini görən bəzi tələbələr qayıtmaq istəmirlər: 

“Onların bəziləri müxtəlif variant taparaq ölkəyə qayıtmamaq üçün təşəbbüs də göstərirlər. Bütün bunlar da yəqin ki, Azərbaycandakı əmək bazarının onları qane etməməsi ilə bağlıdır. Burada əmək haqqının az olması da rol oynayır. 

Bunun üçün yeni layihələr olmalıdır ki, gənclərin xaricdən qayıtmaq həvəsi, motivasiyası olsun. Onlar mənzillə təmin olunmalı, xarici təcrübəni tətbiq etmək üçün onlara geniş imkanlar açılmalıdır”. 

Избранный
15
1
cebheinfo.az

2Источники