RU

Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ – İsrail texnikaları ERMƏNİSTANDA

İsrail istehsalı olan “Harop” kamikadze dronlarının texnologiyalarının Ermənistana ötürülməsi ilə bağlı yayılan məlumatlar regionda ciddi rezonans doğurub. Bu məsələ xüsusilə Azərbaycan ictimaiyyətində və hərbi dairələrdə maraqla izlənilir.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan bu yaxınlarda “Dragonfly-3” adlı kamikadze dronunu təqdim edib. Yeni pilotsuz uçuş aparatının İsrailin “Harop” modeli ilə oxşarlığı beynəlxalq hərbi ekspertlərin diqqətini çəkib. Bəzi xarici mənbələr bu vəziyyətin Azərbaycanla İsrail arasında narazılıq yaratdığını iddia edib.

Məlumata görə, mümkün texnologiya sızması İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətinin Hindistanla əməkdaşlığı çərçivəsində baş verə bilər. Qeyd olunur ki, Hindistan “Made in India” siyasəti çərçivəsində xarici şirkətlərdən istehsalın lokallaşdırılmasını və texnologiya ötürülməsini tələb edir. Bu isə gələcəkdə həmin texnologiyaların üçüncü ölkələrə ötürülməsi riskini artırır.

“Harop” dronu 200 kilometrədək uçuş məsafəsinə, 9 saat havada qalma imkanına, 417 km/saat sürətə və 16 kiloqramlıq döyüş başlığına malikdir. Bu göstəricilər onu hava hücumundan müdafiə sistemləri üçün çətin hədəfə çevirir. 2016-cı ilin aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində bu dron Azərbaycan Ordusunun üstünlüyündə mühüm rol oynayıb.

Ermənistan tərəfi isə bildirir ki, “Dragonfly-3” yerli mühəndislərin məhsuludur və hər hansı texnologiya oğurluğu baş verməyib. Onların sözlərinə görə, yeni dron ələ keçirilmiş texnikaların öyrənilməsi və daxili tədqiqatlar əsasında hazırlanıb.

Azər Hüseynov

Məsələni NOCOMMENT.az-a şərh edən siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, ümumiyyətlə, dövlətlərarası münasibətlər sabit və dəyişməz kateqoriya deyil:

“Bu münasibətlərin əsasını emosional bağlılıqdan daha çox maraqlar təşkil edir. Dövlətləri bir araya gətirən, onları əməkdaşlığa sövq edən və ya uzaqlaşdıran əsas faktor məhz ortaq maraqların olub-olmamasıdır.

Təbii ki, istisnalar mövcuddur. Tarixi yaxınlıq, mədəni və dini ortaq zəmin, etnik bağlılıq kimi amillər bəzi ölkələr arasında münasibətləri daha dərin və davamlı edir. Bu baxımdan Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər xüsusi xarakter daşıyır. Ortaq etnik kök, dini eyniyyət, coğrafi təmas və müəyyən dövrlərdə kəsişən tarixi proseslər bu əlaqələri adi diplomatik münasibətlər çərçivəsindən çıxararaq daha strateji səviyyəyə yüksəldib. Lakin regiondan uzaqda yerləşən digər dövlətlərlə münasibətlər daha çox praqmatik əsaslara söykənir. Burada emosional və ya tarixi faktorlar deyil, konkret siyasi, iqtisadi və təhlükəsizlik maraqları ön plana çıxır. Maraqlar üst-üstə düşdüyü müddətdə əməkdaşlıq davam edir. Hətta mümkündür ki, ümumi siyasi baxımdan fikir ayrılığı olsa belə, müəyyən sahələrdə – məsələn enerji, ticarət və ya texnologiya istiqamətində – əməkdaşlıq saxlanılsın”.

Şərhçinin sözlərinə görə, bu kontekstdə hər hansı yüksək texnologiyanın Ermənistana ötürülməsi ilə bağlı iddiaların gündəmə gəlməsi, əlbəttə ki, münasibətlərə təsirsiz ötüşməz:

“Əgər bu məlumatlar təsdiqini taparsa, rəsmi Bakı tərəfindən siyasi və diplomatik reaksiyanın verilməsi gözləniləndir. Çünki təhlükəsizlik məsələləri dövlətlər üçün prinsipial əhəmiyyət daşıyır.

Bununla belə, belə həssas məsələlərdə ilkin məlumatlara əsaslanaraq nəticə çıxarmaq doğru olmaz. Məlumatın dəqiqliyi, mənbələrin etibarlılığı və prosesin real mahiyyəti diqqətlə araşdırılmalıdır. Azərbaycanın regiondan xeyli uzaqda yerləşən dövlətlərlə münasibətləri əsasən praqmatik maraqlar üzərində qurulur. Ortaq maraq varsa – əməkdaşlıq var. Maraqlar toqquşursa – münasibətlər ya məhdudlaşır, ya da yeni balans axtarışına çıxır. Dövlətlərarası siyasətin təbiəti də məhz bundan ibarətdir. Xarakter və perspektiv baxımından İsrail ilə əlaqələr də eynidir. İsrail və Azərbaycanın tərəfdaşlığı sahəvidir. Sahəvi münasibətlər isə qarşılıqlı öhdəliklər üzərində qurulur”.

Turan
NOCOMMENT.az

Избранный
47
2
nocomment.az

3Источники