RU

Yüksək təzyiqə səbəb nədir? - AÇIQLAMA

Hipotalamusda yerləşən hiperaktiv sinir hüceyrələri arterial hipertenziyanın inkişafını başlada bilər. Bu nəticəyə University of Missouri və University of Oxford alimləri gəliblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri Cardiovascular Research (CRes) jurnalında dərc olunub.

Yüksək qan təzyiqi insult və infarktın əsas risk faktorlarından biri hesab olunur. Adətən bu problem həyat tərzi, böyrək xəstəlikləri və ya hormonal pozuntularla əlaqələndirilir. Lakin sinir sisteminin hipertenziyanın yaranmasındakı rolu indiyədək kifayət qədər öyrənilməmişdi.

Alimlər siçovullar üzərində apardıqları eksperimentdə hipotalamusun paraventrikulyar nüvəsində yerləşən neyronlara diqqət yetiriblər. Bu beyin sahəsi “vur və ya qaç” stress reaksiyasını və simpatik sinir sisteminin fəaliyyətini tənzimləyir. Həmin hüceyrələr ürək-damar sisteminə təsir göstərən və stress reaksiyasında iştirak edən kortikotropin hormonunun ifrazına nəzarət edir.

İlkin hipertenziyası olan heyvanlarda bu neyronların aktivliyinin artdığı və ürək ritmi ilə damar tonusunu tənzimləyən beyin kötüyü mərkəzlərinə siqnalların gücləndiyi müəyyən edilib. Eyni zamanda sinir və hormonal sistemləri birləşdirən neyroendokrin hüceyrələrin də hiperaktiv olduğu müşahidə olunub.

Tədqiqat zamanı alimlər bu hüceyrələrin aktivliyini süni şəkildə azaltdıqda siçovullarda arterial təzyiqin aşağı düşdüyünü görüblər. Bundan əlavə, hipotalamusla simpatik sinir sistemi arasında əlaqəni təmin edən xüsusi reseptor da aşkarlanıb. Müəlliflərin sözlərinə görə, həmin mexanizmi bloklayan preparat gələcəkdə ilkin hipertenziyanın müalicəsində yeni üsul ola bilər.

Nuriyyə NATİQQIZI

Избранный
14
1
redaktor.az

2Источники