RU

Professor: Rəqəmsal bacarıqlar ibtidai sinif müəllimlərinin peşə kompetensiyasının əsas tərkib hissəsidir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 17 fevral, Xatirə Cəfərova, AZƏRTAC

Qlobal rəqəmsal transformasiya təhsil sisteminin məzmun və strukturunda ciddi dəyişikliklərə səbəb olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov AZƏRTAC-a müsahibəsində gələcək ibtidai sinif müəllimlərinin rəqəmsal bacarıqlarının formalaşdırılmasının zəruriliyi və bu bacarıqların əsas komponentləri barədə danışıb.

O bildirib ki, ibtidai təhsil səviyyəsi şagird şəxsiyyətinin formalaşmasında əsas mərhələ olduğundan bu səviyyədə fəaliyyət göstərəcək müəllimlərin rəqəmsal bacarıqlara yüksək səviyyədə yiyələnməsi xüsusi əhəmiyyət kəsb edir. Gələcək müəllimlər rəqəmsal mühitdə təlimi layihələndirməyi, süni zəka alətlərindən səmərəli istifadə etməyi və şagirdlərdə təhlükəsiz rəqəmsal davranış mədəniyyətini formalaşdırmağı bacarmalıdırlar.

F.Rüstəmov qeyd edib ki, gələcək ibtidai sinif müəllimlərinin rəqəmsal bacarıqlarının koqnitiv komponenti onların rəqəmsal texnologiyaların nəzəri əsaslarını sistemli şəkildə mənimsəməsini, informasiya-kommunikasiya texnologiyalarının təhsil prosesində rolunu və funksional imkanlarını dərk etməsini nəzərdə tutur. Bu komponent çərçivəsində tələbələr süni zəka anlayışının mahiyyətini, onun təhsildə tətbiq perspektivlərini və pedaqoji prosesə inteqrasiya imkanlarını elmi əsaslarla qavramalıdırlar. Eyni zamanda, onlar müxtəlif mənbələrdən informasiyanı məqsədyönlü şəkildə axtarmağı, seçməyi, təhlil etməyi, qiymətləndirməyi və elmi-pedaqoji fəaliyyətlərində düzgün istifadə etməyi bacarmalıdırlar.

Müsahibimizin fikrincə, əməliyyat (praktik) komponenti gələcək müəllimlərin rəqəmsal texnologiyalardan səmərəli istifadə etmək qabiliyyətini əhatə edir. Bu komponent çərçivəsində tələbələr elektron tədris resurslarını müstəqil şəkildə hazırlamağı və dərsin məqsədinə uyğun tətbiq etməyi, şagird nailiyyətlərinin monitorinqini aparmağı və nəticələri təhlil edərək təlim prosesini təkmilləşdirməyi bacarmalıdırlar. Metodiki komponent rəqəmsal texnologiyaların təlim prosesinə məqsədyönlü və pedaqoji baxımdan əsaslandırılmış şəkildə inteqrasiyasını nəzərdə tutur. Bu komponent çərçivəsində tələbələr rəqəmsal mühitdə dərsin layihələndirilməsini, təlim məqsədlərinə uyğun rəqəmsal alət və resursların seçilməsini, eləcə də dərsin mərhələlərinə uyğun interaktiv fəaliyyətlərin planlaşdırılmasını bacarmalıdırlar. Metodiki komponent, həmçinin diferensial və fərdiləşdirilmiş təlim imkanlarından istifadə etməyi, şagirdlərin fərdi xüsusiyyətlərini və öyrənmə sürətini nəzərə alaraq rəqəmsal mühitdə uyğun tapşırıqlar və fəaliyyətlər təşkil etməyi əhatə edir.

“Reflektiv komponent gələcək müəllimin öz rəqəmsal fəaliyyətini sistemli şəkildə təhlil etməsini, istifadə etdiyi texnologiyaların effektivliyini qiymətləndirməsini və peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirməsini nəzərdə tutur. Bu komponent çərçivəsində tələbə öz rəqəmsal tədris təcrübəsini təhlil edir, güclü və zəif tərəflərini müəyyənləşdirir və davamlı inkişaf üçün fərdi strategiya formalaşdırır. Beləliklə, “yeni rəqəmsal arxitektura” konsepsiyası ibtidai sinif müəllimlərində rəqəmsal bacarıqların formalaşdırılmasını tələb edir ki, bu da nəticədə ali pedaqoji təhsilin məzmununun yenilənməsini obyektiv zərurətə çevirir”, - deyə professor bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
70
1
azertag.az

2Источники