ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“AzerGold” QSC 2025-2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsinin icrası üzrə yeni mərhələyə start verib.
İstehsalat və idarəetmə proseslərinin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması və innovativ texnologiyaların tətbiqini nəzərdə tutan Yol Xəritəsi dövlət başçısının 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası sənədinin tələblərinə uyğun hazırlanıb.
Dövlət şirkətinin sözügedən istiqamət üzrə fəaliyyətinin yeni mərhələsi Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə müəyyən etdiyi strateji istiqamətlərin praktiki icrasına xidmət edir.
Qeyd edək ki, ötən müddət ərzində Yol Xəritəsi çərçivəsində bir sıra nəticələr əldə olunub. Dövlət şirkətində rəqəmsallaşma layihələrinin icrasına nəzarət üçün yeni idarəetmə mexanizmi – rəqəmsallaşma üzrə müşavir institutu yaradılıb. Həmçinin, kibertəhlükəsizlik istiqamətində layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin gücləndirilməsi məqsədilə məsul şəxslər təyin olunub.
İstehsalat zəncirində şəffaflığı təmin edən “Mədəndən Tərəziyə – Tərəzidən Emala” sisteminin birinci modulu istifadəyə verilib. Geoloji kəşfiyyat məlumatlarının idarə olunması üçün vahid informasiya sistemi yaradılıb və infrastruktur Hökumət Bulud sisteminə miqrasiya edilib. Bu addımlar məlumat təhlükəsizliyini və qərarvermə prosesinin səmərəliliyini artırıb.
Cari ilin əsas strateji mərhələsi “Məlumat əsaslı qərarvermə və analitik yetkinliyin formalaşdırılması” kimi müəyyən edilib.
Planlaşdırılan mərhələli və kompleks tədbirlər çərçivəsində müvafiq sistemlərin qurulması ilə yanaşı, struktur islahatları vasitəsilə məlumatların analitik təhlili istiqamətinin təşkili, həmçinin gələcəkdə qərarvermə proseslərinə süni intellekt texnologiyalarının inteqrasiyası üçün müvafiq infrastruktur və institusional əsasın formalaşdırılması nəzərdə tutulur.
Həyata keçirilən layihələr Cəmiyyətin Rəqəmsal Yetkinlik İndeksinə uyğun inkişafını təmin etməyə və növbəti strateji mərhələlərin daha dəqiq planlaşdırılmasına xidmət edəcək. Bununla yanaşı, tətbiq edilən yeni texnoloji həllər şirkətin rəqabət qabiliyyətinin möhkəmləndirilməsinə və dayanıqlı inkişaf hədəflərinə çatmasına əlavə töhfə verəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.