RU

Şahdağ istiqamətində elektrik xətləri yenilənir

Bakı, 17 fevral, AZƏRTAC

Ötən il Xaçmaz RETSİ ərazisində 14 kəndin elektrik şəbəkəsi tam yenilənib. Hazırda region üzrə 17 kənddə yenidənqurma işləri davam etdirilir.

“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Xaçmaz RETSİ ərazisinə daxil olan Qusar rayonunda bir neçə kənddə təmir-bərpa işləri yekunlaşdırılıb.

Yenidənqurma işləri nəticəsində 110/35/10 kilovoltluq “Qusar” yarımstansiyası ilə 35/10 kilovoltluq yarımstansiya arasında 35 kilovoltluq ikidövrəli xətt çəkilib. Yuxarı Tahircal kəndinin 10 kilovoltluq elektrik şəbəkəsi də yenidən qurulub. Eyni zamanda, 0,4 kilovoltluq xətlərdə cari təmir və yenidənqurma işləri aparılıb. Həmçinin Əvəcük, Gündüzqala, Xürəl, Köhnə Xudat qazmalar kəndlərinin elektrik şəbəkəsi də tamamilə yenilənib.

“2026-cı ilin ilk günlərindən başlayaraq Şahdağ istiqamətində elektrik təsərrüfatında təmir-bərpa, sazlama işlərinə start verilib. Yararsız dayaqlar yenilənir, özünüdaşıyan izolyasiyalı naqillər çəkilir. Son günlərdə yağan güclü qar və şaxtalı hava da əməkdaşlarımız üçün maneə deyil. Bütün çətinliklərə baxmayaraq Şahdağ istiqamətində işlər fasiləsiz davam edir. Şahdağ istiqamətində 6 kənddə – Çubuqlu, Bədirqala, Langi, Aladaş, Laza, Əlix kəndlərində təmir-bərpa və yenidənqurma işləri aparılır. Şahdağ istiqamətində görülən işlər yekunlaşdıqdan sonra Qusarda həm mərkəz, həm də ətraf kəndlər daha keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, “Azərişıq” ASC bütün regionlarda, həmçinin Qarabağ və Şərqi Zəngəzurda mərhələli şəkildə təmir-bərpa və yenidənqurma işlərini davam etdirir. Məqsəd abonentləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməklə yanaşı, enerji itkisini minimuma endirməkdir.

Избранный
21
16
azertag.az

10Источники