RU

Avrasiyada əməkdaşlıq üçün güclü siyasi zəmanət...

Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İlham Əliyev: Azərbaycan Bakıdan Aralıq dənizinə neft kəməri, Bakıdan İtaliyaya qaz kəməri kimi transmilli layihələrə start verən və onlara rəhbərlik etməyi bacaran bir ölkədir

Prezident İlham Əliyevin 13-15 fevralda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər, səsləndirdiyi fikirlər Cənubi Qafqazın yeni inkişaf tarixinin təcəssümü kimi yadda qaldı. Xüsusilə, fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasətin Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələr zamanı dövlət başçımız vacib məsələlərə aydınlıq gətirdi. ATƏT-in keçmiş Baş katibi Helqa Mariya Şmidin moderatorluğu ilə baş tutan panel müzakirəsində Prezident İlham Əliyev ilə yanaşı Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos, Çin və Qloballaşma Mərkəzinin təsisçisi və prezidenti, Çin Xalq Respublikasının keçmiş dövlət müşaviri Vanq Huiyao da iştirak ediblər.

Hədəf 500 min nəqliyyat vahididir...

Azərbaycanın son illərdə Cənubi Qafqazda formalaşdırdığı təhlükəsizlik arxitekturası Orta Dəhlizi qlobal diqqət mərkəzinə salıb. Bu marşrut beynəlxalq ticarət imkanlarını artırmaqla yanaşı, həm də yeni perspektiv vəd edir. Panel iclasında moderatorun sualını cavablayan Prezident İlham Əliyev bildirib ki, sonuncu dəfə panel sessiyasında görüşdükdən sonra regionumuzda dəhlizlər və bağlantılar baxımından xeyli dəyişikliklər olub. Həmin dövrdə Azərbaycan fiziki infrastruktura, o cümlədən dəniz limanları, dəmir yolları, magistral və hava yolları ilə yüklərin daşınmasına böyük sərmayələr yatırıb. Birmənalı olaraq, regional daşımalar qovşağına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır və Azərbaycanda həm Qərb, həm də Şərq istiqamətlərində belədir: “Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın coğrafi mövqeyi üstünlükdür, lakin fiziki infrastruktursuz onun mənası çox deyil. Ötən il biz Azərbaycan vasitəsilə daşınan yüklərin 100 mindən artıq nəqliyyat vahidi üzrə rekord göstərici əldə etdik. Bir neçə ildən sonra həmin göstərici 200 min və hətta 300 min nəqliyyat vahidinə çatacaq. Hədəf 500 min nəqliyyat vahididir. Biz bu məqsədlə artıq dəniz limanımızın genişləndirilməsinə başlamışıq və hazırda orada sərmayələr yatırılır”.

Regional bağlantı layihələrinə gəldikdə isə, söhbət təkcə dəmir yollarından getmir, həmçinin fiber-optik kabellər də nəzərdə tutulur: “Hazırda Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi üzərində Mərkəzi Asiyadakı tərəfdaşlarımızla sıx işləyirik. O, bu il hazır olmalıdır və Ermənistanla sülh qurulduqdan sonra yeni imkanlar əldə olunub. Azərbaycandan Ermənistana və oradan Avropa istiqamətində gedən dəhlizin yük həcmi baxımından böyük potensialı var. Azərbaycan hazırda öz ərazisində dəmir yolunun çəkilməsinə sərmayə yatırır. Azərbaycan ərazisində - ölkəmizin əsas hissəsi və eksklav Naxçıvanda çəkiləcək və bərpa olunacaq dəmir yolunun tam uzunluğu 600 kilometrdir. Ermənistanda həmin yolun uzunluğu 40 kilometrdən bir az çoxdur. Çəkilən kimi biz Azərbaycan vasitəsilə Orta Dəhlizin iki hissəsinə malik olacağıq. Bu, Qərb ilə Şərq üçün faydalı olacaq və təbii ki, Cənubi Qafqazda yerləşən ölkələrə də fayda verəcək”.

Sülh həqiqi sülh prosesi getdikdə əldə oluna bilər...

Ötən ilin avqustunda Vaşinqtonda imzalanan Birgə Bəyannamə Orta Dəhlizin daha effektiv işləməsi üçün olduqca münbit şərait yaratdı - TRIPP layihəsi geniş Trans-Xəzər əməkdaşlıq çərçivəsində vacib bir yer tutacaq. Bu həm də sülh və qarşılıqlı etimad mühitinin yaranmasına da böyük töhfə verəcək. Panel iclasında bununla bağlı sualı cavablayan Prezident İlham Əliyev bu il sülh müqaviləsini imzalayacağımıza ümid etdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə paraflanması, Ermənistanın Baş naziri və öz tərəfimdən, Prezident Trampın da şahid qismində bəyannamənin imzalanması söyləməyə əsas verir ki, sülh artıq əldə olunub: “Biz Ermənistanla fiziki əməkdaşlığa da başlamışıq. Azərbaycandan keçən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürmüşük. Biz gürcü dostlarımıza minnətdarıq ki, onlar Azərbaycana daxil olan yüklərin Gürcüstan vasitəsilə çox mühüm tranzitini təmin edirlər. Biz, həmçinin Ermənistan üçün çox mühüm olan neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, qarşılıqlı ticarət əslində başlayıb. Yəni imzalanacaq rəsmi sülh sazişi baxımından, hər şey Azərbaycana qarşı üç onillik ərzində mövcud olan ərazi iddiasının Ermənistan Konstitusiyasından çıxarılmasını nəzərdə tutan dəyişiklikdən asılıdır. O, baş verdikdən sonra növbəti gün sülh sazişi rəsmən imzalanacaq. Bununla belə, yeni bağlantıların yaradılmasında mühüm rol oynayacaq “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” tamamilə yeni vəziyyət yaradacaq. Çünki qeyd etdiyim kimi, Çindən başlayan daşımalar Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan, eksklav Naxçıvan, Türkiyə və sonra Avropanı əhatə edəcək. Bu, bütün ölkələr üçün faydalı olacaq. Marşrut boyunca bütün ölkələr həm siyasi, həm iqtisadi baxımdan daha sıx inteqrasiya olunacaq və həmin addım Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli və əbədi sülhə növbəti töhfə olacaq. Çünki sülh həqiqi sülh prosesi getdikdə əldə oluna bilər. Sənədin imzalanması vacibdir. O, bünövrədir. Lakin sonra gördüyünüz işlərin də əhəmiyyəti heç də az deyil”, - deyə dövlət başçısı vurğulayıb.

Biz bunu Türkiyə ilə birlikdə özümüz etdik...

Ümumiyyətlə, Prezident Donald Trampın ABŞ-da yenidən hakimiyyətə qayıdışı Vaşinqtonun Cənubi Qafqaza baxışında mühüm yeniliklər və dəyişikliklərlə yadda qaldı. TRIPP layihəsi Azərbaycan-ABŞ əməkdaşlığında xüsusi yer tutur. Ölkəmizin başçısı panel iclasında bildirib ki, TRIPP-in Prezident Trampın adını daşıması faktı o deməkdir ki, bu dəhliz bu administrasiya üçün və bəlkə də bu administrasiyanın müddətindən sonra da vacib olacaq. Adın verilməsi onun həyata keçiriləcəyi deməkdir və ad təsdiqləndikdən sonra biz tamamilə əminik ki, Birləşmiş Ştatlar bunun bir hissəsi olacaq: “Hazırda əlimizdə olan məlumata görə, ABŞ ilə Ermənistan fiziki tikinti və investisiya hüququna malik olacaq şirkətin fəaliyyət parametrlərini müzakirə edirlər. Bu, artıq açıq mənbələrdən götürülüb. Biz bilirik ki, şirkətin 76 faizi ilk 49 il ərzində ABŞ-a, 24 faizi isə Ermənistana məxsus olacaq, sonra isə daha 49 il olacaq. Başqa sözlə, bu format bir əsr ərzində işlək olacaq”.

Dövlət başçısı qeyd edib ki, Amerika administrasiyasından regionumuzdakı bağlantı layihələrinə fərqli yanaşmalar olub və yalnız Prezident Tramp hakimiyyətə gələndə biz böyük bir maraq görməyə başladıq. Başqa sözlə, region ölkələri, Azərbaycan, Gürcüstan, Xəzərin o tayında Mərkəzi Asiyadakı qonşularımız tərəfindən görülən bütün işlər Amerikanın heç bir praktiki iştirakı olmadan həyata keçirilib: “Beləliklə, biz bunu Türkiyə ilə birlikdə özümüz etdik. Biz Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçən neft kəmərini, Avropaya uzanan qaz kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd edə bilərik ki, bunların hamısı Amerikanın heç bir praktiki iştirakı olmadan həyata keçirilib. Beləliklə, biz bunu özümüz etdik. Bu gün Prezident Tramp administrasiyasının diqqətini cəmləşdirdiyi böyük bir resursa sahib olduğumuz halda, əlbəttə ki, bu genişmiqyaslı layihələrin həyata keçirilməsi potensialı daha böyükdür”.

Prezident İlham Əliyev deyib ki, biz region ölkələri haqqında danışdıq və Xəzər dənizinin o tayında Mərkəzi Asiyadakı qonşularımızı unutmamalıyıq. Çünki onlar olmadan Çindən Avropaya heç bir yük daşımaq mümkün olmayacaq: “Beləliklə, Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Avropa - coğrafiya budur və Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə çox fəal qarşılıqlı əlaqədədir. Ötən ilin noyabrında Azərbaycan rəsmi olaraq Mərkəzi Asiya beşliyinə daxil edildi, Mərkəzi Asiya beşliyi altılığa çevrildi. Bu, misli görünməmiş bir hadisədir, çünki biz Cənubi Qafqaz ölkəsiyik, amma Mərkəzi Asiya Məşvərət Şurasının üzvüyük”, - deyən dövlət başçısı vurğulayıb ki, biz bağlantı sahəsində çox işlər görürük, Mərkəzi Asiya ölkələri ilə Çin arasında da bağlantı sahəsində çox işlər görülür. Mövcud yollarla yanaşı, Çin tərəfindən tikilməkdə olan və maliyyələşdirilən başqa bir yol da var - Xəzərə aparan daha bir yol. Çindən Qazaxıstan vasitəsilə Xəzərə uzanan mövcud yoldan əlavə olaraq: “Çin hazırda Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər yolunu maliyyələşdirir. Yenə də yol Xəzər dənizinə gedir. Bu o deməkdir ki, o, Azərbaycana və sonra Cənubi Qafqazdan keçərək Avropaya çatacaq. Beləliklə, xeyli geosiyasət, xeyli beynəlxalq münasibətlər, xeyli diplomatiya həyata keçirilir. Azərbaycan bir çox ölkələrin marşrutu boyunca keçən, hamısı ilə yaxşı münasibətlər quraraq Bakıdan Aralıq dənizinə neft kəməri, Bakıdan İtaliyaya qaz kəməri kimi transmilli layihələrə start verən və onlara rəhbərlik etməyi bacaran bir ölkədir. Beləliklə, bu, Avrasiyanın çox geniş coğrafiyasında əməkdaşlıq üçün daha bir çox güclü siyasi zəmanət olacaq”.

Erməni nümayəndəyə cavab: Prezident Bayden qayıdanda sizin “Sülh yolu kəsişməsi” layihəsini yenidən başladar...

Təbii ki, Cənubi Qafqazın prioritet gündəmi sülh prosesidir - sülh olmadan hər hansı bir iqtisadi layihədən və ya inkişafdan söhbət gedə bilməz. Azərbaycanın isə sülhlə bağlı fikirləri, yanaşmaları açıqdır. Prezident İlham Əliyev panel iclasında erməni nümayəndənin sualını cavablandıraraq bildirib ki, Azərbaycana birbaşa ərazi iddiasını ehtiva edən Ermənistanın müstəqillik bəyannaməsi Ermənistan Konstitusiyasının bir hissəsidir və bəli, Konstitusiyanın preambula hissəsindədir: “Gəlin indi, tədbiri bitirməzdən əvvəl Vikipediyadan yoxlayaq. Konstitusiya Məhkəməsinin heç bir qərarı Konstitusiyadan üstün deyil. Mən hüquqşünas deyiləm, lakin hətta mən də bunu bilirəm. Buna görə də Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir. Düşünürəm ki, Ermənistan və Azərbaycan rəhbərlikləri arasında hansı addımların atılması və bunların hansı ardıcıllıqla edilməsi barədə xeyli anlaşma var”.

Maraqlıdır ki, sülh prosesinin olduqca vacib məqamında bəzi ermənilər hələ də prosesə xələl gətirmək niyyətindədr. Məsələn, fərqli məcralardan bəhs açmaq, hətta “Bayden dövrü nostaljisini” xatırlamaq kimi ... Prezident İlham Əliyev bunun da cavabını tutarlı şəkildə verib: “Sülh yolu kəsişməsi”nə gəlincə, bilirsiniz, Prezident Tramp yenidən hakimiyyətə qayıdanda o, TRIPP layihəsinə start verdi. Odur ki, Prezident Bayden qayıdanda sizin “Sülh yolu kəsişməsi” layihəsini yenidən başladar”.

Bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qəsdən edilmiş bir hücum idi...

Qlobal gündəmin əsas problemlərindən olan Rusiya-Ukrayna müharibəsi Azərbaycana da kifayət qədər ziyan vurub. Ukraynada yerləşən ölkəmizə məxsus enerji obyektləri, hətta səfirliyimiz belə dəfələrlə Rusiyanın hücumuna məruz qalıb. Dövlət başçısı bildirib ki, bu məsələ Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları səviyyəsində rəsmilərimiz arasında çoxsaylı təmaslar zamanı dəfələrlə qaldırılıb. “Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb. Eyni zamanda, Azərbaycanın Ukraynadakı səfirliyi 3 dəfə hücuma məruz qalıb. Birinci hücumdan sonra biz düşündük ki, bu, təsadüfən baş verib və rusiyalı həmkarlarımıza Azərbaycanın diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq idarəsinin, mədəniyyət mərkəzlərinin və səfirliyimizin bütün koordinatlarını təqdim etdik. Bütün bunlara baxmayaraq, iki əlavə hücum oldu. Beləliklə, bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qəsdən edilmiş bir hücum idi və biz xüsusi bəyanat yaydıq, Rusiya səfiri dəvət olundu və ona diplomatik nota verildi. Biz yalnız diplomatik yolla hərəkət edirik. Bundan başqa heç nə edə bilmərik. Lakin, əlbəttə ki, bu hərəkətlər Azərbaycana qarşı dostyana hərəkət hesab edilmir. Mən sizin sualınızı başa düşürəm və sadəcə sizə məlumat vermək istəyirəm ki, Azərbaycan hökuməti tərəfindən bütün zəruri diplomatik addımlar atılıb”, - deyə Prezident İlham Əliyev bildirib.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
yeniazerbaycan.com

2Источники