RU

“Nyukasl” azarkeşləri: “Bakı əla şəhərdir, amma biabır ola bilərik” - İDMAN.BİZ-in İCMALI

İngiltərənin “Nyukasl” klubunun azarkeşləri son günlər sosial şəbəkələrdə Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Ağdamın “Qarabağ” komandası ilə qarşılaşmaq üçün Bakıya səfəri fəal şəkildə müzakirə edirlər.

İdman.Biz xəbər verir ki, ingilis fanatları üçün ən çox sual doğuran məsələ logistika ilə bağlıdır.

Belə ki, azarkeşlərdən biri istehzalı şəkildə yazıb: “Nyukasldan Bakıya necə çatmağı anlamağa çalışan hər kəsə uğurlar. Üç uçuşdan azla çatmağı bacarsanız, ikiqat xal qazandınız”.

Ayrı mövzu kimi komandaya dəstək verməyə gələcək azarkeşlərin sayı müzakirə olunur. Azarkeş və “YouTube” kanalının müəllifi Adam Pirson artıq Azərbaycana yola düşdüyünü bildirib və Bakıya “Nyukasl”ın iki mindən çox fanatının gələcəyini açıqlayıb.

Müzakirələrdə Bakı ilə bağlı kifayət qədər müsbət fikirlər də yer alıb. Daha əvvəl ölkəmizdə çalışdığını iddia edən azarkeşlərdən biri qeyd edib:

“Bakı əla şəhərdir. Üstəlik, müxtəlif idman tədbirləri üçün populyar məkandır, baxmayaraq ki, ora çatmaq nə asandır, nə də sürətli”, - deyə fanat yazıb və həmvətənlərinə baş çəkməyi tövsiyə etdiyi bir neçə Bakı pabının adını sadalayıb.

İngilis klubunun rəqibi də az maraq doğurmayıb. Müzakirələrin birində azarkeşlərdən biri “Qarabağ”ı belə xarakterizə edib:

“Komandanın əla xarakteri və sürətli hücumları var, ən zəif nöqtəsi isə künc zərbələri və cərimə zərbələridir. “Qarabağ” müəyyən tip rəqiblərə qarşı yaxşı oynayır, lakin “Nyukasl”ın üslubu Qurban Qurbanovun komandası üçün çox narahatdır”.

Bütün optimizmə baxmayaraq, fanatların bir qismi arxayınlaşmağın yolverilməz olduğunu vurğulayıb. Müzakirələrdə xatırladılıb: “Bu mövsüm onlar “Çelsi” ilə 2:2 hesablı heç-heçə edib və Çempionlar Liqasının pley-offuna yüksəliblər. Ona görə də rəqibə hörmətlə yanaşmaq və əsas heyəti meydana buraxmaq lazımdır, əks halda biabır ola bilərik. Bakıda “Qarabağ” həqiqətən güclü komandadır”.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” ilə “Nyukasl” arasında ilk oyun fevralın 18-də, çərşənbə günü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İdman.Biz
Избранный
6
50
idman.biz

10Источники