RU

Tamam Cəfərova: Azərbaycan–Serbiya münasibətləri strateji tərəfdaşlıq əsasında yüksələn xətlə inkişaf edir



Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin son illərdə artan dinamizmini və dərinləşən strateji tərəfdaşlıq xarakterini bir daha aydın şəkildə nümayiş etdirdi. Bu səfər Azərbaycan–Serbiya əlaqələrinin qarşılıqlı etimada, yüksək səviyyəli siyasi dialoqa və real iqtisadi nəticələrə söykənən yeni mərhələyə keçdiyini təsdiqləyir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlığın möhkəm hüquqi və siyasi əsası mövcuddur. Onun sözlərinə görə, 2013-cü il fevralın 8-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, 2018-ci il mayın 21-də qəbul edilən “Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”, eləcə də 2022-ci il noyabrın 23-də Belqrad şəhərində Strateji Tərəfdaşlıq Şurasının yaradılmasına dair Memorandum bu münasibətlərin institusional əsaslar üzərində qurulduğunu açıq şəkildə göstərir.

Tamam Cəfərova vurğulayıb ki, hazırda Azərbaycan–Serbiya əməkdaşlığının əsas istiqamətlərindən biri energetika sahəsidir. Azərbaycan artıq Serbiyaya təbii qaz ixracına başlayıb və Prezident İlham Əliyevin səfəri çərçivəsində ixrac həcminin artırılması barədə qərar qəbul olunub. Bu addım Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, qazın elektrik enerjisinə çevrilməsi yolu ilə “təmiz enerji” istehsalına da geniş imkanlar yaradır.
Millət vəkili qeyd edib ki, Azərbaycanın energetika strategiyası uzunmüddətli və perspektivli xarakter daşıyır. Hazırda ölkəmizin enerji ixrac potensialı 2 giqavat təşkil edir. Eyni zamanda, bərpaolunan enerji sahəsində həyata keçirilən irimiqyaslı layihələr bu potensialın yaxın illərdə əhəmiyyətli dərəcədə artacağını deməyə əsas verir. Dövlətimizin başçısının bəyan etdiyi kimi, 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə ediləcək və bunun böyük hissəsi ixraca yönəldiləcək. Bu baxımdan Serbiya ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.

Deputatın sözlərinə görə, artan enerji ixracı yeni və daha geniş transmissiya imkanlarını zəruri edir. Azərbaycanın əsas ixrac istiqamətinin Avropa məkanı olması Serbiyanın geostrateji mövqeyini xüsusi əhəmiyyətli edir. Serbiya Balkan regionunda mühüm tranzit ölkə kimi Azərbaycanın Avropaya enerji ixracında etibarlı tərəfdaş rolunu getdikcə daha da gücləndirir.

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər bir daha sübut etdi ki, Azərbaycan–Serbiya münasibətləri təkcə diplomatik çərçivə ilə məhdudlaşmır, real iqtisadi layihələr, enerji təhlükəsizliyi və regional əməkdaşlıq müstəvisində yüksələn xətlə inkişaf edir. Bu strateji tərəfdaşlıq həm iki dost ölkənin milli maraqlarına, həm də daha geniş Avropa məkanında sabitlik və dayanıqlı inkişaf hədəflərinə xidmət edir. Millət vəkili Tamam Cəfərova belə deyib.



Избранный
21
aia.az

1Источники