RU

Prezident İlham Əliyevin Münxendə ikitərəfli görüşləri...

Hazırda dünya gündəminin əsas mövzularından biri Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında  müzakirə edilən məsələlərdir. Çünki Münxen Təhlükəsizlik Konfransı dünyada mövcud problemlərin, o cümlədən təhlükəsizlik məsələlərinin müzakirə edildiyi mühüm beynəlxalq platformadır. Sayca 62-ci Münxen Təhlükəsizlik Konfransı (MSC 2026) geniş proqrama malik idi. Dünyada təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə olunduğu bu mühüm konfransda 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, BMT, NATO, Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxs iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması, aktual  mövzulara həsr olunmuş tədbirlərdə iştirakı, ikitərəfli görüşləri Azərbaycanın dünya üçün əhəmiyyətini bir daha təsdiqləyir. Dövlət başçısının müxtəlif tədbirlərdə iştirakı ilə yanaşı, keçirdiyi ikitərəfli görüşlərdə də səmərəli müzakirələr aparılıb. Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 13-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşüb. Söhbət zamanı Neçirvan Bərzaninin Azərbaycana səfərləri, həmçinin dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanaraq, bütün bunların əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığı bildirilib. Azərbaycan Prezidenti və İraq Kürdüstan Regionunun başçısı iqtisadi, ticari, mədəni, humanitar sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. İlham Əliyev Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət edib.

Almaniya sülh prosesini dəstəkləyir

Fevralın 14-də isə Prezident İlham Əliyev Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb. Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirərək sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Görüşdə, həmçinin Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləri barədə söhbət açılıb.

Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rola toxunulub, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqda oynadığı rol da vurğulanıb, bu təcrübənin beynəlxalq çərçivədə bölüşülməsinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan-Bolqarıstan əlaqələri inkişaf edir

Münxendə Prezident İlham Əliyev Bolqarıstan Prezidenti İliyana Yotova ilə də görüşüb.  Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirib. İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə edib. O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişin imzalanması məmnunluqla qeyd olunub. Ölkələrimiz arasında enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Eləcə də, Bolqarıstanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Bu ilin mayında Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanaraq, Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirilib.

Aİ ölkəmizlə enerji əməkdaşlığını yüksək dəyərləndirir

Prezident İlham Əliyevin Münxendə keçirdiyi növbəti görüş isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla olub. Söhbət zamanı Kaya Kallasın ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlanıb. Avropa İttifaqının Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğu bildirilib.

Görüşdə Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, bu xüsusda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi mühüm töhfələrə toxunulub. Eləcə də, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsi ilə yanaşı, nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri, Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Zelenski Azərbaycan Prezidentinə minnətdarlıq edib

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşü olub. Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə, xüsusilə ukraynalı uşaqlara olan diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Azərbaycan və Ukrayna prezidentləri ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb. Görüşdə ölkəmizlə şirkət arasında 2010-cu ildən bəri həyata keçirilən uğurlu tərəfdaşlığa toxunulub, əlaqələrin mövcud vəziyyəti müzakirə olunub. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə ölkəmizlə “The Goldman Sachs Group Inc.” arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “The Goldman Sachs Group Inc.” şirkətinin uğurlu tərəfdaşlığının əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən “The Goldman Sachs Group Inc.” 1869-cu ildə təsis edilib. Şirkət investisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində çalışan dünyanın aparıcı qlobal maliyyə institutlarından biridir və hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. O, müxtəlif siniflər üzrə 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.

Nardar BAYRAMLI

Избранный
46
3
yeniazerbaycan.com

10Источники