RU

İlqar Quliyev: “...bu günlərdə görüşəcəyik...”

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Yaş artdıqca dostların, tanışların sayı get-gedə azalır; bu, həyatın qanunudur. Bu “qanun”un kədərli tərəfi budur ki, hər bir dost itkisi də insan həyatında öz izlərini qoyur. İlqar Quliyevin də itkisi belələrindəndir. Bu itki həm də ona görə ağırdır ki, vəfatı vaxtsız-vədəsiz, qəflətən gəldi; necə deyərlər, hələ əlində nə qədər işləri vardı, həyatda arzuları vardı, reallaşdırmadığı işləri çox idi. Mən onu həmişə belə görmüşəm; sakitidi, hər sözü sanki fikirləşir, beynində fırlayıb sonra ağzından çıxarırdı. İlqar Quliyev söz, ədəbiyyat, yazı-pozu adamı idi, daim irəliyə baxan, öz işlərini, ideyalarını həyata keçirməyə çalışan, həyatda öz yerini bilən, dostları arasında xətir-hörməti olan bir dostun itkisi də ağır olur...İndi arxaya baxanda İlqar Quliyevlə tanışlığımı xatırlamağa çalışıram; görürəm ki, yalan olmasın bu tanışlığın 40 illik bir keçmişi var. Hardasa 80-ci illərin ortaları olardı, şəhərdə-Nizami muzeyinin yanında qəflətən qarşıma dayım oğlu Emin Mahmudov bir neçə nəfərlə-gərək ki, özündən başqa iki nəfər idi,-çıxdı. Ona görə qəflətən deyirəm ki, dayım oğlu dediyim Emin Mahmudov (məndən yaşca xeyli böyük olduğundan ona dayı deyirdim!) Tiflisdə yaşayırdı, Gürcüstanda Azərbaycan radiosunun baş redaktoru işləyirdi. Bu zaman mən Bakıda yaşayır və işləyir, tez-tez onunla əlaqə saxlayır, yazılar göndərirdim. O yazıları Emin dayı radioda səsləndirir və hətta mənə müəyyən qələm haqqı (qonarar) da göndərirdi. Bakıya gəldiyini isə mənə deməmişdi. Deməli ki, bu gəlişi qəfildən olmuş, mənə bildirməyə zamanı olmamışdı. Görüşdən, xoş-beşdən sonra yanındakı dostlarını mənimlə tanış etdi. Onalrdan biri o zaman “Yazıçı” nəşriyyatında işləyən İlqar Quliyev idi. İndi yadımda qalmasa da, güman edirəm ki, digəri də İlqar Quliyevin iş yolsdaşlarından biri idi. Məlum oldu ki, Emin Mahmudovun “Yazıçı” nəşriyyatına təqdim etdiyi kitabın nəşriyyat redaktoru İlqar Quliyev olmuşdur. Bu tanışlıq sonralar onların dostluğuna çevrildi. Elə mənim də...

Doğrudur, Emin Mahmudovun o kitabı işıq üzü görmədi, ancaq onların və mənim dostluğum davam etdi. Sonralar Emin dayım İlqar Quliyevlə tanışlığı, dostluğyu haqqında qürurla danışırdı. Elə İlqar Quliyevin də Emin Mahmudov haqqında həmişə xoş sözlərini eşitmişəm. Hətta Emin dayıma böyük minnətdarlıq duyğusunu həmişə ifadə edirdi. Nişanlı olarkən nişanlısı ilə birgə Tiflisə gedib bu ailənin qonağı olmuş, toy əşyalarının bir qismini Tiflisdən etmişdi. Emin dayı da dostunu  Borçalı türklərinin adəti ilə ağır qarşılamış, Tiflisi gəzdirmiş, bir neçə gün qonaq etmişdi. Sonralar bu dostluq onların ailəvi münasibətlərinə çevrilmişdi.

İlqar Quliyevlə sonralar da hərdən görüşürdük; mən “Xalq ordusu” (sonralar “Azərbaycan ordusu”), o isə “Sərhəd” qəzetində işlədik. Mənim yaxın dostum Lətif Şüküroğlu da “Sərhəd” qəzetində işləyirdi və tez-tez görüşməsək də dostum vasitəsilə ondan xəbər tuturdum. Sonra iş elə gətirdi ki, həm dostum Lətif Şüküroğlu, həm İlqar Quliyev Milli Təhlükəsizlik Nazirliyində işləməyə başladılar. Bu zaman qardaşım oğlu Ceyhun Mahmudovun rəisi olan İlqar Quliyevlə tez-tez görüşür, ya da bir-birimizə daim salam göndərirdik. Bir dəfə görüşümüzdə isə mənə bir kitabını bağışladı. Bir neçə il əvvəl İlqar Quliyevin təqaüdə çıxdığını Ceyhun Mahmudovdan öyrəndim. Onu da öyrəndim ki, onun təqaüd yaşı çoxdan çatsa da, nəşriyyat sahəsində böyük təcrübəsini nəzərə alaraq onu bir neçə il işdə saxlamışdılar. Bir dəfə tədbirlərin birində görüb söhbətləşdik; işlərindən məmnun olduğunu gördüm.

İlqar Quliyevlə son görüşümüz onun kitabının təqdimat mərasimində oldu. Bu, çox təsirli bir görüş idi. İlqar çox sevinirdi; bir yazıçının, publisistin kitab təqdimatı onun yaradıcılıq hesabatıdır. İlqar da belə bir hesabata hazır idi, yazdığı hekayələri cəmləşdirib bir kitabda oxucularına təqdim etmişdi. Bu, onun dostlarını da sevindirdi. Çünki bilirik kitab təqdimatı nədir. Mənə zəng edərək Azərbaycan Yazıçılar Birliyində kitabının təqdimatı olacağını bildirdi və əlavə etdi ki, istəyirəm o təqdimatı sən aparasan. Hiss olunurdu ki, təqdimata böyük önəm verir. Doğrusu, həmin gün Elmi Şura var idi, fikrim bu idi ki, çıxışımdan dərhal sonra gəlib Elmi Şuraya yetişim. Ancaq bu təklifi də geri çevirmək olmazdı, ona görə də Elmi Şurada iştirak etməmək üçün icazə almaq məcburiyyətində qaldım. İlqar Quliyev tədbir aparıcılığını boynuma götürdüyümdən çox məmnun qaldı. Məni səndən başqa kim yaxşı tanıya bilər ki, -deyə məni razı saldı. Doğrudan da, ortada qırx illik bir tanışlıq var idi, üstəlik hər ikimiz ədəbiyyat adamı idik.

Yazıçı, publisist İlqar Quliyevin kitab təqdimatı çox möhtəşəm keçdi; dostları, iş yoldaşları, oxucuları və ailə üzvləri onun haqqında fikirlərini bildirdilər. Xüsusilə, onu bir yazıçı kimi xarakterizə etmək mənə də nəsib oldu. Həm tədbirin açılışında, həm də çıxışlararası söhbətimdə İlqar Quliyevin yazıçı, publisist kimliyini üzə çıxarmağa çalışırdım. Onun bədii və publisistik mətnləri sadə struktur üzərində qurulur. Öz fikirlərini sadə həyat həqiqətlərinin təsviri ilə çatdıra bilir ki, bu da onun yazılarının oxunaqlığını artırmış olur. Təqdimatda həm keçmişi xatırladıq, həm bugünü danışdıq, həm də gələcəyə körpü saldıq. Deyim ki, dostum İlqar Quliyev çox razı qalmışdı, bütün dostlar başına yığışmış, ən xoş sözlərini bildirmişdilər. İki saata yaxın çəkən tədbir hamıda xoş bir ovqat yaratdı...

Ancaq gəl gör ki, bu təqdimat bizim son görüşümüz oldu. Ayrılarkən mənə təşəkkür etdi, bilirdim dedi, yaxşı keçəcəyini, sonra da tələsdiyimi görüb “biz bugünlərdə görüşəcəyik”,-dedi. Görüşə bilmədik, görüşmək bizə qismət olmadı, qəfil ölüm xəbərini eşitdik, dostları bir də yalnız onun yasında bir araya gəldi. Bu günlərdə isə qızı Aytən Qurbanovanın atasının xatirəsinə kitab hazırladığını eşidəndə çox sevindim. Yazıçı, publisist, polkovnik İlqar Quliyevin xatirəsi onun dostları üçün həmişə əziz olacaq...

Bədirxan Əhmədli,

Filologiya elmləri doktoru, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
redaktor.az

2Источники