Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Abşeron rayonunda 38 yaşlı kişi keçmiş həyat yoldaşı ilə mübahisə edib, üç yaşlı oğluna şiddət göstərib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Taleh 2022-ci il təvəllüdlü oğlu Sərxan ilə görüşmək üçün gəldiyi keçmiş arvadı Səidənin Mehdiabad qəsəbəsi, Mehdiabad-Pirşağı yolu, nömrəsiz fərdi yaşayış evinin həyətində yerləşən və kirayəyə verilmiş digər evdə uşağı soyundurmaqla əlaqədar onunla aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə edib. Bu zaman o, keçmiş arvadına əsəbləşib, sonra isə qəsdən oğlu Sərxanın sağ bud nahiyəsindən təpiklə bir dəfə zərbə vurub.
Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səidə ilə 2021-ci ildə rəsmi qaydada ailə həyatı qurub və birgə nikahından 2022-ci il təvəllüdlü oğlu Sərxan olub: “Səidə ilə baş verən çoxsaylı problemlərə və söz-söhbətlərə görə 2022-ci ilin avqust ayında rəsmi qaydada boşandıq. Həmin vaxtdan Səidə azyaşlı oğlum ilə birlikdə valideynlərinin yaşadıqları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Mehdiabad-Pirşağı yolunda olan evə köçdü və orada yaşadıq. Məhkəmə qərarı ilə uşağa görə aylıq 500 manat aliment təyin edildi və həftə sonu uşaqla görüş üçün vaxt müəyyən edildi. Abşeron rayonu İcra və Probasiya şöbəsi uyğunsuz olduğu üçün mənə uşaqla görüşmək üçün Səidənin yaşadığı valideyinlərinin evinin həyətində yerləşən və kirayəyə verdikləri digər evdə şərait yaradıldı”. Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin mayın 27-də uşağı görmək üçün daima getdiyi həmin evə gedib: “Səidə oğlumla birlikdə həmin evə gəldi. Görüş vaxtı uşağı qucağıma alaraq oynadan zaman oğlumun sol qolunun altında narahatçılıq hiss etdim və bədəninin həmin nahiyyəsinə toxunduqca uşağın ağladığını gördüm. Oğlumun paltarını qaldırıb baxmaq istədikdə isə Səidə havanın soyuq olmasını bəhanə edərək soyundurmağıma icazə vermədi. Səidəyə əhəmiyyət vermədim və oğlumu soyundurmaq istədim. Amma Səidə qolumu cırmaqlamağa başladı. Bu zaman Səidənin qolundan kənara itələdim. Səidə də qoluma toxunmağından istifadə edərək “bizə də elə bu lazım idi, bundan sonra uşağı sənə göstərməyəcəyik” ifadələrini işlətdi, əvvəlcə polisə, sonra isə icra və probasiya şöbəsinə, daha sonra isə qəyyumluq şöbəsinə zəng edərək şikayət etdi. Bundan sonra isə Səidə qardaşı Rasimə və anası Xumara zəng etdi, onları döydüyümü bildirdi. Uşaqla görüş təyin edilən evdə kirayədə yaşayan Xatirə adlı qadın həyətin çıxış qapısını bağladı, mənim polis əməkdaşları gələnədək getmə ehtimalımın qarşısını aldı. Heç bir yerə getmək fikrimin olmadığını dedim, polisi gözləyən zaman Səidənin qardaşı Rasim evə gəldi, üzərimə hücum etdi. Həmin vaxt kimsə mənim ayağımdan çəkdi və arxası üstə yerə yıxıldım. Rasim də üstümə çıxaraq boğazımdan əlləri ilə boğmağa çalışdı. Həmin ərəfələrdə orada olan şəxslər bizi ayırdılar. Hadisə yerinə polis əməkdaşları gəldi, bizi Mehdiabad Polis Bölməsinə apardılar”.Zərərçəkmiş azyaşlı Sərxanın qanuni nümayəndəsi, anası Səidənin sözlərimə görə, mayın 27-də, saat 17 radələrində Sadiq yaşadığı evin qarşısına gələrək zəng edib və oğlu Sərxan ilə görüşmək istədiyini bildirib: “Həmin vaxt evdə anam və qardaşım olub. Oğlum Sərxanı götürərək həyətə düşdüm. Bundan sonra Sadiqlə oğlum Sərxanı görüşdürmək üçün yaşadığım evin həyətində yerləşən qardaşıma məxsus kirayə verilmiş evə getdik. Görüş zamanı Sadiq oğlumu soyundurmağa başladı, uşaq isə ağlamağa başladı. Sadiqə havanın küləkli və Sərxanın da tərli olmasını bildirdi, soyundurmasına etiraz etdim. Bu zaman Sadiq “qorxma, ölməz” deyərək soyundurmağa davam etdi. Yenə etiraz etdikdə Sadiq əlləri ilə boyun nahiyəmdən tutaraq sıxdı. Özümü müdafiə etmək üçün Sadiqin boğazından tutdum. Sadiq əlləri ilə boyun nahiyəmdən və hər iki qollarımın yuxarı hissəsindən vurdu. Buna görə də Sadiqi itələdim. Sadiq isə “mən bu küçüyə görə sənə pul verirəm, atayam, istədiyim kimi rəftar edə bilərəm” deyərək bir dəfə təpiklə divarın yanında olan azyaşlı oğlumun bud nahiyəsindən vurdu. Zərbənin təsirindən oğlumun başı divara dəydi və yerə yıxıldı. Bundan sonra oğlum ağalamağa başladı. Məcbur olaraq qardaşıma zəng etdim, Sadiqin məni və uşağı döyməsini bildirdim, köməyə çağırdım. Qardaşım və anam bir neçə dəqiqə sonra yanıma gəldilər. Qardaşım Sadiqdən niyə belə etdiyini soruşdu. O da “yaxşı edirəm, ananın tumanının altında gizlənmə, kişisən qabağa çıx” ifadələrini işlətdi. Bu zaman qardaşımla Sadiq əlbəyaxa oldular. Sonra isə Sadiq küçəyə çıxaraq qardaşımın ünvanına söyüşlər söydü”.Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib. Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 44.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. O, təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə ona bəraət verilməsi barədə yeni hökm çıxarılması xahiş edib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli hökmü və bununla əlaqədar 29 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ləğv edilib. Cinayət işi Abşeron Rayon Məhkəməsinə hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılıb. Bu iş üzrə yenidən məhkəmə araşdırması başlanıb. Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.