RU

Macarıstan Mi-24 hücum helikopterlərini istismardan çıxarıb

Fevralın əvvəlində Macarıstan Silahlı Qüvvələri Mi-24 hücum helikopterlərinin istismarını rəsmi olaraq dayandırıb.

“Poliqon” istinadən xəbər verir ki, onların xidmətdən çıxarılmasının səbəbi istismar resurslarının başa çatması olub.

Macarıstanda son Mi-24 helikopterinin uçuşu fevralın 4-də həyata keçirilib. Çünki ertəsi gün həmin helikopterin uçuşa yararlılığını təsdiq edən sənədlərin qüvvədə olma müddəti bitib. Helikopterlər texniki cəhətdən hələ də işlək vəziyyətdə olsalar da, qaydalara əsasən artıq havaya qalxa bilməzlər. Maraqlıdır ki, bu münasibətlə aviasiyada adət halını almış rəsmi vida mərasimi keçirilməyib və uçuş qabiliyyətini itirmiş helikopterlər hərbi reyestrdən də çıxarılmayıb.

Xatırladaq ki, Mi-24 helikopterləri Macarıstan Silahlı Qüvvələrində 1978-ci ildən xidmətə başlayıb. İlk mərhələdə alınan Mi-24D versiyalarından 30 ədəd tədarük olunmuş, onların ilk dördü 26 iyul tarixində SSRİ-dən gətirilərək Szentkirályszabadja aviabazasında yerləşdirilən 87-ci helikopter alayına daxil edilib. Sonradan bölmə yenidən silahlandırılıb, döyüş təyinatlı alaya çevrilib və Mi-24-lərlə təchiz edilmiş iki eskadrilyanı birləşdirib. 1987–1988-ci illərdə daha müasir Mi-24V helikopterləri alınsa da, iqtisadi çətinliklər səbəbindən onların sayı 10 ədədlə məhdud qalıb. 1995-ci ildə isə Macarıstan Almaniya tərəfindən verilmiş keçmiş ADR mənşəli Mi-24 helikopterlərini qəbul edib, lakin yalnız Mi-24P versiyaları xidmətdə saxlanılıb. İstismar dövründə üç helikopter qəza nəticəsində itirilib.

2004-cü ildə silahlı qüvvələrin ixtisarı çərçivəsində helikopter bölməsi kiçildilərək 12 helikopterlik bir eskadrilyaya endirilib. Maliyyə çatışmazlığı səbəbindən 2011–2012-ci illərdə bütün Mi-24-lər istismardan çıxarılıb anqarlara yerləşdirilib. Bir neçə ildən sonra parkın qismən bərpasına qərar verilib və 2018-2019-cu illərdə 8 ədəd helikopter Sankt-Peterburq şəhərində yerləşən zavodda əsaslı təmirdən keçirilib. Təmir zamanı mühərriklər yenilənib, kabinələr gecəgörmə avadanlığına uyğunlaşdırılıb və helikopterlər yeni qrafit-qara rəng sxemi alıb. Bütün bunlar onların xidmət müddətini məhdud da olsa uzadıb.

Xidmətin son mərhələsində Macarıstan Mi-24-lərinin döyüş qabiliyyəti xeyli məhdud idi. Onlar üçün 9M114 tank əleyhinə idarəolunan raket ehtiyatı yox idi, S-5 və S-8 idarə olunmayan raketlərin saxlanma müddəti isə bitmişdi. Nasazlıq riski yüksək olduğuna görə bu raketlər təlim üçün belə istifadə olunmurdu. Aktiv istifadədə yalnız Mi-24P versiyasındakı 30 mm-lik toplar üçün sursat qalmışdı.

Hazırda istismar imkanlarının tükənməsi səbəbindən Szolnok aviabazasında yerləşən bütün Mi-24-lər torpaq bəndlərlə əhatələnmiş dayanacaq sahələrinə çəkilib. Onların gələcək taleyi barədə qərar verilənədək böyük ehtimalla orada qalacaqlar. Bu helikopterlərin Macarıstan bayrağı altında yenidən xidmətə qaytarılması ehtimalı azdır, çünki onların yerini 2019-2021-ci illərdə Silahlı Qüvvələrin istismarına daxil edilmiş 20 ədəd yüngül silahlı H145M helikopteri tutub.

Artıq istifadədən çıxarılan Mi-24-lərə Ukraynanın maraq göstərə biləcəyi ehtimal edilir. Lakin bu məsələ ilə bağlı Macarıstan tərəfinin qərarı yalnız 12 aprel 2026-cı ilə planlaşdırılmış parlament seçkilərindən sonra verilə bilər. Hazırkı hökumət başçısı Viktor Orban Ukraynaya hərbi dəstəyə qarşı çıxır. Hazırda NATO ölkələri arasında Mi-24 helikopterlərini istismar edən yalnız Polşa və Bolqarıstan qalıb.

Избранный
68
poliqon.az

1Источники