RU

Süni intellektli gələcəyə aparan inamlı yol

Prezident İlham Əliyevin sədrliyi ilə fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirənin keçirilməsi ölkəmizin  rəqəmsal transformasiya strategiyasında yeni mərhələnin başlanılmasından xəbər verir. Bu toplantı texnoloji inkişaf məsələlərinin müzakirəsi ilə bərabər, həm də dövlət idarəçiliyinin, iqtisadiyyatın, sosial xidmətlərin və milli təhlükəsizliyin rəqəmsal əsaslar üzərində yenidən qurulması istiqamətində strateji yol xəritəsinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. 

Qeyd edim ki, “rəqəmsal arxitektura” anlayışı təkcə informasiya texnologiyalarının tətbiqi ilə məhdudlaşmır. Bu, eyni zamanda, dövlətin idarəetmə mexanizmlərinin, iqtisadi modelinin və cəmiyyətlə münasibətlərinin rəqəmsal platformalar üzərində inteqrasiyasını nəzərdə tutur. Müasir dünyada rəqəmsal arxitekturaya dövlətlərin rəqabət qabiliyyətinin əsas göstəricilərindən biri kimi yanaşılır. Bu baxımdan Azərbaycanın qarşısına qoyduğu əsas məqsədlərdən biri – rəqəmsal dövlət modelinin formalaşdırılması respublikamızın uzunmüddətli inkişaf strategiyasının mühüm komponentidir.

Prezident İlham Əliyev müşavirədə bununla bağlı deyib: “Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu, belədir. Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, – belə adlandırılır, – kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt, təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər”.

Dövlət başçısı çıxışında daha sonra kibertəhlükəsizlik üzrə əsas hədəflərin müəyyən edilməsinin zəruriliyini də diqqətə çatdıraraq bunun kritik sahələrdən biri olduğunu, keçən il ölkəmizin çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qaldığını vurğulayaraq bildirib: “Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır”.

Azərbaycan liderinin diqqətə çatdırdığı bu məqama görə, respublikamız rəqəmsallaşmanı texnoloji yenilik olmaqla bərabər, həm də  dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələyə keçidi kimi qəbul edir. Bu yanaşma, bir tərəfdən idarəetmədə şəffaflığın və operativliyin artırılmasını, digər tərəfdən isə iqtisadiyyatın rəqəmsal transformasiyasının gerçəkləşdirilməsini şərtləndirir.    

Qeyd edim ki, Azərbaycanın coğrafi mövqeyi – Asiya ilə Avropanın kəsişməsində yerləşməsi indiyədək nəqliyyat və enerji dəhlizləri üçün strateji üstünlük yaradıb. İndi isə bu üstünlük rəqəmsal magistrallara çevrilməlidir. Rəqəmsal arxitekturanın əsas şərtlərindən biri enerji təminatıdır. Süni intellekt və iri data mərkəzləri böyük enerji gücü tələb edir. 

Prezident İlham Əliyev müşavirədə vurğuladı ki, son 20 ildə Azərbaycanın generasiya gücü 2 dəfə artaraq 10 min meqavata çatıb və hazırda ən azı 2 min meqavat istifadə edilməyən potensial mövcuddur. Bu göstərici region üçün nadir üstünlükdür. Üstəlik, bərpaolunan enerji sahəsində imzalanmış müqavilələr gələcəkdə əlavə güc yaradacaq. Bu isə Azərbaycanın “yaşıl enerji” əsasında fəaliyyət göstərən data mərkəzləri qurmaq imkanını genişləndirir və Avropanın karbon neytrallığı siyasəti ilə uzlaşır.

Yeri gəlmişkən, dövlət başçısının hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi ilə bağlı tapşırığı da beynəlxalq idarəetmə təcrübəsinə uyğun sistemli yanaşmadır. Prezident İlham ­Əliyevin süni intellekt və rəqəmsal infrastrukturu prioritet elan etməsi isə həm daxili idarəetmə islahatı, həm də beynəlxalq tərəfdaşlara yönəlmiş strateji mesajdır. Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında süni intellekt, data mərkəzləri və rəqəmsal in­frastruktur üzrə əməkdaşlıq istiqamətlərinin ayrıca əksini tapması, eyni zamanda, Avropa İttifaqına üzv ölkələr və Çin Xalq Respublikası ilə mövcud strateji tərəfdaşlıq formatları bu sahədə çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirir. 

Bir pedaqoq kimi demək istəyirəm ki, süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə məktəblərdə uşaqlara yalnız akademik biliklərin deyil, həm də yumşaq bacarıqların öyrədilməsi mühüm önəm daşıyır.  Nəticə etibarilə süni intellekt dövründə məktəblərin əsas vəzifəsi şagirdlərə yalnız bilik deyil, həm də öz emosiyalarını idarə etmək, başqaları ilə əməkdaşlıq qurmaq və mürəkkəb problemlərə yaradıcı yanaşmaq bacarıqlarını öyrətməkdir. Ən vacib bacarıq isə öyrənməni qısa yollardan üstün tutmağı, yəni işi süni intellektə tapşırmadan əvvəl onu özünün bacarmağını öyrənməkdir. 

Nizami NOVRUZOV,  
texnika üzrə fəlsəfə doktoru

 

Избранный
30
xalqqazeti.az

1Источники