RU

Gömrükdə süni qiymət artımı: Sahibkarlar əlavə xərclərlə üz-üzə qalır

Son dövrlər ölkəyə kommersiya məqsədilə mal idxal edən hüquqi şəxslər və fərdi sahibkarlar gömrük rəsmiləşdirilməsi prosesində ciddi problemlərlə üzləşirlər.

Xüsusilə idxal olunan malların gömrük və ya statistik dəyərinin süni şəkildə artırılması halları biznes subyektləri üçün əlavə maliyyə yükü yaradır, onların fəaliyyətinə mənfi təsir göstərir.

Rəsmi alqı-satqı sənədləri təqdim olunsa belə, bəzi hallarda gömrük orqanları həmin sənədləri əsas kimi qəbul etmir və daha yüksək dəyər tələb edirlər.

Nəticədə sahibkarlar nəqliyyat vasitələrinin saxlanılması, gecikmə və digər əlavə xərclərlə üzləşməmək üçün bu şərtlərlə razılaşmağa məcbur qalırlar. Bu isə qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, sahibkarların hüquqlarının pozulmasına gətirib çıxarır.

Fuad Məmmədov

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov qeyd edib ki, gömrük orqanlarının idxal zamanı malların dəyərini əvvəlki analoji məhsulların qiyməti ilə əsaslandıraraq artırması qanunvericiliyə uyğun deyil və belə yanaşma sahibkarların hüquqlarını ciddi şəkildə pozur:

“Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar ölkəyə kommersiya məqsədilə idxal etdikləri malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları tərəfindən idxal olunan malların gömrük dəyərinin və ya statistik dəyərinin süni şəkildə qaldırılması (artırılması) halları ilə rastlaşırlar. Belə hallarda idxal həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən malların faktiki alqı-satqı sənədlərinin təqdim olunmasına baxmayaraq, gömrük orqanlarının tələbi öz qüvvəsində qalır və nəticə etibarilə hüquqi şəxslər və fərdi sahibkarlar yaranan nəqliyyat vasitəsinin saxlanılması və digər əlavə xərclərin qarşısını almaq üçün gömrük orqanlarının şərtləri ilə razılaşmalı olurlar. Malların gömrük dəyərinin və ya statistik dəyərinin bu cür artırılması hüquqi şəxslər və fərdi sahibkarlar ilə gömrük orqanları arasında mübahisələrə səbəb olur ki, bu da biznesin çevikliyini aşağı salır və idxalçı üçün əlavə xərclərin yaranmasına gətirib çıxarır.

Bir sıra hallarda gömrük orqanlarının əməkdaşları idxal zamanı tətbiq edilən gömrük dəyərini və ya statistik dəyərini artıq eyni adlı malın həmin qiymətlə gömrük rəsmiləşdirilməsindən keçdiyi və heç bir halda daha aşağı qiymətlə rəsmiləşdirilməyəcəyi ilə əsaslandırırlar. Belə tələb isə birbaşa olaraq qanunvericiliyin tələblərinə ziddir”.

Hüquqşünas qeyd edib ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə uyğun olaraq, bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 (bir) gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır:

“Gömrük orqanlarının əsassız tələblərinin icra edilməməsi, pozulmuş hüquqlarının müdafiəsi və bəyan olunmuş malların sərbəst dövriyyəyə buraxılışına nail olunması üçün hüquqi şəxslərə və fərdi sahibkarlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsi üçün müraciət etmələri tövsiyə olunur”.

Tunar
NOCOMMENT.az

Избранный
58
2
nocomment.az

3Источники