RU

Yeniyetmələrdə artan aqressiya: Günah kimdədir - valideyn, yoxsa sosial media?

Son zamanlarda təhsil müəssisələrində baş verən silahlı insidentlər cəmiyyətin təhlükəsizlik və psixoloji sağlamlıq məsələlərinə yenidən diqqət yönəltməsinə səbəb olub. Xüsusilə ilk olaraq İdrak Liseyində şagirdin müəlliməsini yaralaması, daha sonra isə Quba şəhərində şagirdin ov tüfəngi ilə özünü yaralaması kimi hadisələr təkcə fərdi faciə deyil, həm də ailə, məktəb və ümumilikdə sosial mühit üçün ciddi xəbərdarlıq siqnalıdır.

Maraqlıdır, məktəblilərin odlu silahdan istifadə hallarının artması daha çox valideyn nəzarətsizliyi ilə əlaqədardır, yoxsa sosial medianın, oyunların və aqressiv mühitin təsiri ilə yeniyetmələr arasında silah və zorakılığa meylin artmasından irəli gəlir?

Azedu.az-a mövzu ilə bağlı psixoloq Ezgi Şahin açıqlama verib.

O qeyd edib ki, uşaqlar virtual mühitdə "vurmağı" təkrarladıqca, real faciə hissini itirirlər; çünki onların emosional vəziyyəti artıq bu hala uyğunlaşıb.

"Uşaqların oynadığı oyunlar onların şüuraltına ciddi şəkildə təsir göstərir. Müntəzəm olaraq silahlı oyunlar oynamaq və virtual mühitdə kimisə "vurmaq" uşaqlar üçün real faciə hissini itirir. Çünki onlar bu hərəkətləri gündəlik oyun fəaliyyətlərində təkrarladıqca, emosional vəziyyətləri bu hala uyğunlaşır. Nəticədə, zorakılıq halları onlar üçün qeyri-adi bir hadisə kimi görünmür. Bu səbəbdən böyüklər uşaqların oyun seçiminə diqqət yetirməlidirlər. Əgər yeniyetmə davamlı olaraq aqressiya, qətl və silahlı münaqişə ehtiva edən oyunlara vaxt ayırırsa, o, bu cür hallara qarşı emosional neytrallıq nümayiş etdirir və bu davranışı real həyatına adaptasiya edir".

Son bir ildə artan intihar və aqressiya hallarının kökündə valideynlərin övladlarına yetərincə mənəvi zaman ayırmaması dayanır:

"Günümüzdə valideynlərin hər ikisinin çalışması və ailənin həm maddi, həm də mənəvi ehtiyaclarını qarşılamaq üçün gərgin həyat ritminə adaptasiya olmağa çalışmaları əsas reallıqlardan biridir. Lakin maddi təminat yüksək olsa belə, valideynlərin yeniyetmələrə mənəvi baxımdan yetərincə zaman ayırmadıqları müşahidə olunur. Məhz bu mənəvi boşluq son bir il ərzində yeniyetmələr arasında intihar hallarının, özünəqəsd cəhdlərinin və ətrafdakılara qarşı aqressiv davranışların kəskin artmasına səbəb olan əsas amillərdən biridir.

Hesab edirəm ki, artıq məktəblərə giriş zamanı bu məsələyə ciddi diqqət yetirilməlidir. Təhlükəsizlik məqsədilə şagirdlərin çantalarının müəyyən müddət ərzində yoxlanılması məqsədəuyğundur. Bununla yanaşı, məktəb psixoloqlarının fəaliyyəti gücləndirilməli, şagirdlərin emosional vəziyyətinə mütəmadi nəzarət təmin olunmalıdır".

AzEdu.az mövzu ilə bağlı psixoloq Aytən Ələkbərovadan da açıqlama alıb.

O qeyd edib ki, məktəblərdə gördüyümüz zorakılıq və aqressiya halları əslində bir "SOS" siqnalıdır. Bu, uşaqların diqqətə, düzgün yönləndirməyə və emosional dəstəyə ehtiyacının göstəricisidir:

"Son illər məktəblərdə baş verən silahlı insidentlər, bullinq halları, hətta qızlar arasında baş verən zorakı və alçaldıcı davranışlar ciddi narahatlıq doğurur. Bu hadisələr təsadüfi deyil və onların arxasında daha dərin səbəblər dayanır. 

Biz tez-tez keçmişlə müqayisə aparırıq. Deyirik ki, “keçmişlə yaşamaq istəmirik”, amma eyni zamanda keçmişi bəhanəyə çeviririk. “Biz psixoloqla böyüməmişik ki, övladlarımız psixoloqla böyüsün” deyə düşünürük. Halbuki məsələ psixoloqla böyüməkdə deyil, sağlam düşüncə və emosional inkişaf mühitində böyüməkdədir. Bəli, biz məktəbə gedirdik, valideyn tərbiyəsi alırdıq, müəllimlərimizdən öyrənirdik, fərdi söhbətlər edirdik. Bizi formalaşdıran əsas amillər düşünmək, sual vermək və cavab axtarmaq idi. Cəmiyyətdə seçilən, düşünən və düşündürən insan olmağımızın səbəbi də məhz bu idi.

Bir insanı tanımaq üçün onun cavabına deyil, verdiyi sualın mahiyyətinə baxmaq lazımdır. Çünki sual düşüncənin məhsuludur. İnkişaf edən beyin əvvəl sualı daxilində analiz edir, sonra onu ifadə edir. Sual vermək bacarığı tənqidi düşüncənin göstəricisidir. Bu gün isə biz fərqinə varmadan uşaqların bu bacarığını zəiflədirik. İnformasiyanın həddindən artıq çoxluğu, sosial media təsiri, süni intellektlə yaradılan məzmunlar, hətta musiqinin belə avtomatlaşdırılması - gəncləri passiv istehlakçıya çevirir. İnformasiya bolluğu informasiya stresinə çevrilir.

Nəticədə isə məktəblərdə gördüyümüz zorakılıq və aqressiya halları əslində bir “SOS” siqnalıdır. Bu, uşaqların diqqətə, düzgün yönləndirməyə və emosional dəstəyə ehtiyacının göstəricisidir. Problemi keçmişlə müqayisə edərək deyil, bu günün reallığını anlayaraq və məsuliyyətli yanaşaraq həll edə bilərik".

Məktəb psixoloqu olmaq formal göstərici ilə məhdudlaşmamalıdır. Sadəcə müəyyən bal toplayıb vəzifə tutmaq kifayət deyil. Psixoloq davamlı inkişaf etməli, praktik bilik və bacarıqlarını artırmalı, real psixoloji iş aparmağı bacarmalıdır:

"Bu baxımdan məktəblərdə həm fərdi, həm də qrup şəklində psixoterapiya və psixoloji maarifləndirmə işləri aparılmalıdır. Məqsəd uşaqların idrakının, şüurunun və şüuraltı proseslərinin sağlam şəkildə inkişafına dəstək olmaqdır. Çünki bu gün cəmiyyətdə hər kəs “şüur” anlayışından danışsa da, təəssüf ki, onun mahiyyətini dərindən bilməyən mütəxəssislər də var. Bu isə uşaqların düzgün istiqamətdə formalaşmasına mane ola bilər.
Məktəb psixoloqu olmaq formal göstərici ilə məhdudlaşmamalıdır. Sadəcə müəyyən bal toplayıb vəzifə tutmaq kifayət deyil. Psixoloq davamlı inkişaf etməli, praktik bilik və bacarıqlarını artırmalı, real psixoloji iş aparmağı bacarmalıdır. Əks halda görülən işlərin nəticəsi də zəif olacaq."

Maarifləndirmə və şüurlu yanaşma çox erkən yaşlardan başlamalıdır,  hətta içdiyimiz suyun tərkibini belə övladımıza izah etməliyik:

"Uşaqlarla aparılan söhbətlər isə onların öz suallarından başlamalıdır. Məsələn, ailədə silah saxlanılırsa, uşaq bunu necə qavrayır? O, silahın məqsədini necə anlayır? Valideyn evdə silah saxlayırsa, bunun səbəbini övladına necə izah edir? Bu suallar bizi birbaşa valideynlərlə iş aparmağın vacibliyinə gətirib çıxarır.
Əslində hər evdə müəyyən mənada “soyuq silah” sayılan əşyalar var – mətbəx bıçağı, çəngəl, ət doğramaq üçün balta və s. Bu əşyaların özü təhlükəli deyil; onları təhlükəli edən istifadə məqsədi və situasiyadır. Uşaqlar hansı alətin hansı məqsədlə istifadə olunduğunu düzgün dərk etməlidirlər. Dərketmə problemi yarandıqda isə riskli davranışların ortaya çıxma ehtimalı artır.

Bu səbəbdən maarifləndirmə və şüurlu yanaşma çox erkən yaşlardan başlamalıdır. Hətta içdiyimiz suyun tərkibini belə övladımıza izah etmək, onun dünyanı anlama bacarığını inkişaf etdirmək, düşünmə vərdişini formalaşdırmaq və emosional zəkanı gücləndirmək vacibdir. Uşağın zehnini kiçik yaşlardan sağlam şəkildə formalaşdıra bilsək, gələcəkdə bu kimi ağır hadisələrin qarşısını almaq daha mümkün olar".

Избранный
25
1
azedu.az

2Источники