"Ötən həftə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Ermənistan və Azərbaycana rəsmi səfərləri regionun gündəmini zəbt etdi. Bu, Vaşinqtonun hər iki ölkə ilə münasibətlərinin səviyyəsi və məzmunundakı köklü fərqləri əyani şəkildə nümayiş etdirdi".
"Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetində belə deyilir.
Bakıda Prezident İlham Əliyevlə aparılan yüksəksəviyyəli danışıqlar mühüm bir sənədin - hərbi-texniki əməkdaşlığı, energetika sahəsini, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını və Zəngəzur dəhlizi vasitəsilə Tramp marşrutunun reallaşdırılmasını əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə yekunlaşdı. Bu razılaşmalar Azərbaycanın Avrasiya kommunikasiyaları və enerji arxitekturasındakı həlledici həlqə rolunu bir daha möhkəmləndirdi.
İrəvanda Baş nazir Nikol Paşinyanla keçirilən görüş isə daha çox deklarativ xarakter daşıdı. ABŞ-ın çoxmilyardlıq investisiyaları barədə səslənən ilkin bəyanatlar, yekunda Ermənistan tərəfinin məhz Amerika məhsullarını almaq öhdəliklərinə çevrildi. Ermənistan rəhbərliyinin kommunikasiyalar üzərində nəzarət məsələsi də daxil olmaqla, ABŞ və Avropa İttifaqı arasında manevr etmək cəhdləri imkanlar baxımından olduqca məhdud görünür.