RU

İsrailin İordan çayının qərb sahilində torpaq qeydiyyatını təsdiqləməsi gərginlik yaratdı

BAKI, 17 fevral. TELEQRAF

İsrail Nazirlər Kabineti işğal olunmuş İordan çayının qərb sahilində İsrailin nəzarətini daha da gücləndirən və məskunlaşanlara torpaq alqı-satqısını asanlaşdıran yeni tədbirləri təsdiqləyib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, Fələstin tərəfi bu addımı “de-fakto ilhaq” kimi qiymətləndirib.

İordan çayının qərb sahili fələstinlilərin gələcək müstəqil dövlət üçün tələb etdiyi ərazilərdən biridir. Ərazinin böyük hissəsi İsrail hərbi nəzarəti altındadır, bəzi bölgələrdə isə Qərbin dəstəklədiyi Fələstin Muxtariyyəti məhdud özünüidarəetməni həyata keçirir.

İsrailin baş naziri Benyamin Netanyahu bu il keçiriləcək seçkilər ərəfəsində, hər hansı Fələstin dövlətinin yaradılmasını təhlükəsizlik təhdidi hesab etdiyini dəfələrlə bildirib. Onun rəhbərlik etdiyi koalisiyada Qərb sahilindəki məskunlaşma məntəqələrindən güclü seçici dəstəyi olan və 1967-ci il Yaxın Şərq müharibəsində ələ keçirilmiş bu ərazinin ilhaqını istəyən siyasətçilər var.

Nazirlər 1967-ci ildən bəri ilk dəfə olaraq torpaqların rəsmi qeydiyyat prosesinə başlanmasına səs veriblər. Bu qərar bir həftə əvvəl Qərb sahili ilə bağlı beynəlxalq qınağa səbəb olan digər tədbirlərin təsdiqlənməsindən sonra qəbul edilib.

İsrailin ifrat sağçı maliyyə naziri Betsalel Smotriç bildirib: “Biz məskunlaşma inqilabını davam etdirir və torpaqlarımızın bütün hissələrində mövqeyimizi gücləndiririk”.

Müdafiə naziri İsrail Kats isə torpaq qeydiyyatını vacib təhlükəsizlik tədbiri adlandırıb. Nazirlər Kabinetinin bəyanatında bu addımın “Fələstin Muxtariyyətinin təşviq etdiyi qeyri-qanuni torpaq qeydiyyatı proseslərinə adekvat cavab” olduğu bildirilib. İsrail Xarici İşlər Nazirliyi isə tədbirin şəffaflığı artıracağını və torpaq mübahisələrinin həllinə kömək edəcəyini qeyd edib.

Fələstin prezident administrasiyası qərarı pisləyərək bəyan edib ki, bu, “işğal olunmuş Fələstin ərazilərinin de-fakto ilhaqı və qeyri-qanuni məskunlaşma fəaliyyəti yolu ilə işğalın möhkəmləndirilməsinə yönəlmiş ilhaq planlarının başlanğıcının elanıdır”.

İsraildə məskunlaşmaları izləyən “Peace Now” təşkilatı xəbərdarlıq edib ki, bu addım Qərb sahilinin təxminən yarısında fələstinlilərin torpaqlarından məhrum edilməsinə gətirib çıxara bilər.

ABŞ prezidenti Donald Tramp İsrailin Qərb sahilini rəsmi şəkildə ilhaq etməsini istisna etdiyini desə də, onun administrasiyası İsrailin məskunlaşma tikintisini sürətləndirməsinin qarşısını almağa çalışmayıb.

Birləşmiş Millətlər Təşkilatının ən yüksək məhkəməsi 2024-cü ildə verdiyi məcburi olmayan məsləhət rəyində İsrailin Fələstin ərazilərini işğalının və oradakı məskunlaşmaların qanunsuz olduğunu və mümkün qədər tez dayandırılmalı olduğunu bildirib. İsrail isə bu mövqeyi qəbul etmir.

Избранный
58
teleqraf.com

1Источники