"Son zamanlar Avropa ilə ABŞ arasında münasibətlərdə, xüsusilə təhlükəsizlik məsələləri ilə bağlı kifayət qədər ciddi fikir ayrılıqları yaranıb".
Bu fikri Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi.
O, qeyd etdi ki, ABŞ Prezidenti Donald Tramp dünyada baş verən bir çox geosiyasi proseslərə biznesmen baxış bucağından yanaşır:
"Bu şəraitdə ABŞ-nin Avropa ilə gələcək münasibətlərinin daha da gərginləşməsi gözləniləndir. ABŞ NATO-da ən böyük paya malik olan ölkədir və demək olar ki, onun qərarı olmadan alyans daxilində heç bir real fəaliyyət həyata keçirilmir".
Ekspert əlavə etdi ki, ABŞ Avropadan tələb etdiyi məsələlərdə müsbət nəticə əldə etməzsə, NATO-dan çıxması da tamamilə mümkün ola bilər:
"Bu isə Avropanı Rusiya qarşısında kifayət qədər həssas vəziyyətə sala bilər. Tramp da bunu yaxşı anlayır və buna görə Avropaya qarşı təzyiqlərini davam etdirir. Başqa sözlə, ABŞ tələb edir ki, “əgər sizin təhlükəsizliyinizə ən çox vəsaiti mən ayırıramsa, o zaman siz də mənim maraqlarımı müdafiə etməlisiniz. Əks halda sizi yarı yolda qoyaram, digər platformalara üstünlük verərəm və NATO ilə əlaqələrimi də kəsə bilərəm”. Lakin bu, zaman tələb edən bir prosesdir. Yəni qısamüddətli perspektivdə tam ayrılmanı həyata keçirmək mümkün olmayacaq".
Xədicə BAXIŞLI