RU

Azərbaycan dövlətinin MÖHÜRDARI!

 

I Ledi Mehriban Əliyevanın iki tarixi şəxsiyyət – Vu Zetian və Ledi Mişillə qarşılıqlı müqayisəsi

Azərbaycanın I Ledisi Mehriban Əliyevanın Emin Hüseynliyə verdiyi cavab dərhal trendə çevrilərək, ölkənin ictimai-siyasi həyatının müzakirə olunan əsas məsələsi oldu. 

Mən bu yazıda Mehriban xanımın siyasi fəaliyyətinə, bacarığına və intellektinə, professionallıq səviyyəsinə, ümumiyyətlə, istənilən bir siyasi xadimi önə çıxaran mühüm kriteriyalardan hansına cavab verdiyinə az da olsa, işıq tutmaq istəyirəm. Yəni bu yazı I Ledinin siyasi portreti kimi də qəbul oluna bilər.

Yazının süjet xəttini beynimdə quraşdırarkən belə qərara gəldim ki, Mehriban xanımı tarixdə mühüm rol oynamış hansısa qadın hökmdar və ya siyasi xadimlə müqayisəli şəkildə təsvir edim, çünki onun siyasi fəaliyyətinə qiymət verərkən tarixi hadisələrə müraciət məsələnin mahiyyətinin anlaşılmasında əhəmiyyətli rol oynaya bilər. Müzakirələr zamanı bir nəfərin şərhi diqqətimi çəkdi: Mehriban xanım möhür vurdu! O, bu dövlətin möhürdarıdır!

Doğrusu, bilmirəm ki, bu şərhi yazan adam “möhürdar” sözünün mənasını bilir, ya bilmir, ancaq yerində işlənmiş bir sözdür və dərhal diqqətimi çəkdi…

Tarix boyu bir çox qadın hökmdar, dövlətin idarə edilməsində güc və səlahiyyət sahibi, mühüm siyasi qərarlar verən qadın siyasətçilər olub. Nefertiti, Kleopatra, Katerina Mediçi… Ancaq onların fəaliyyəti ilə Mehriban xanımın siyasi fəaliyyəti arasında oxşar cəhətlər çox azdır, fərqliliklər isə kifayət qədərdir. Məsələn, kral II Henrinin xanımı, daha 3 Fransa kralının anası olan Katerina Mediçi güclü siyasi fiqur olsa da, tarixə daha çox din savaşlarının – Katolik-Quqenot qarşıdurmasının əsas səbəbkarı kimi düşüb. Ancaq Mehriban xanım multikultiralizmi öz siyasi fəaliyyətində önə çıxaran bir fiqurdur.

Bəs, Mehriban xanımı kiminlə müqayisə etmək olar, onun siyasi fəaliyyəti bizə hansı tarixi şəxsiyyətləri xatırladır? Belə tarixi şəxsiyyətlər varmı? Var! Həm də çoxdur, ancaq onların içərisində koreyalı Lady Mishil və Çinin Tanq sülaləsinin imperatriçəsi Vu Zetian daha çox diqqət çəkir. Hər ikisi böyük güc sahibi, dövləti ayaqda tutan xüsusi əhəmiyyətli siyasi persona olub. Mehriban Əliyeva əlindəki gücdən istifadə etmə bacarığı və siyasi qabiliyyətinə görə, bu iki tarixi şəxsə daha çox bənzəyir.

***

Əvvəlcə Ledi Mişil (Lady Mishil) barədə. Koreya xalqının tarixində “3 krallıq dönəmi” deyilən tarixi bir dövr olub. Miladdan öncə 50-ci illərdən başlayaraq, VII əsrin ortalarına qədər 700 il davam edən bu dövrdə indiki Koreya yarımadası və Cənubi Mancuriyada 3 güclü Koreya krallığı olub – Qoquryo, Bekçe və Şilla. Ledi Mişil Şilla krallığında (VI əsrin 70-ci illərindən başlayaraq, təxminən 60 il) kraldan sonra ən mühüm postu tuturdu. Şilla dövlətində “Seju” adlanan bir ünvan vardı, bizim dilə “möhrdar” kimi tərcümə olunur. Ledi Mişil məhz bu vəzifəni tuturdu – Şilla krallığının möhürdarı idi. Bu vəzifənin nədən ibarət olduğunu, hansı güc və səlahiyyətləri əlində cəmləşdirdiyini anlamaq üçün Mişil haqqında bəzi maraqlı faktlara diqqət yetirək:

– O, kral möhrünün qoruyucusu kimi böyük siyasi nüfuza sahib idi;
– Mişilin əlində böyük güc cəmləşmişdi. O, “Hwarang” (“Gül cəngavərləri”) kimi böyük hərbi gücün – saray qvardiyasının lideri (Wonhwa) kimi fəaliyyət göstərmiş və bunun nəticəsində saray daxilində faktiki olaraq, hakimiyyəti əlində saxlamışdır;
– o, Şilla krallığının bir neçə kralı (Jinheung, Jinji, Jinpyeong) dövründə yaşamış və dövlət idarəçiliyində həlledici rol oynamışdır. Hər üç kralın dönəmində mühüm siyasi təsirə malik olduğundan Şilla krallığının tarixinə də birbaşa təsir edən çox böyük siyasi xadim olmuşdur;
– Mişilə qədər möhrdar ancaq “möhrün qoruyucusu” anlamına gəlirdisə və əsas işi kral fərmanlarına möhür vurmaqdan ibarət idisə, o, bu ünvana sahib olan şəxs kimi əlində böyük güc və səlahiyyətlər cəmləşdirdi. Mişil buna istedadı və siyasi bacarığı sayəsində nail oldu. Mişilin dövründə bu vəzifə sadəcə texniki bir iş deyil, dövlətin ən yüksək siyasi və simvolik güc strukturlarından biri hesab olunurdu. Onun dövründə möhrdar ünvanını daşıyan şəxs həm də krallığın diplomatik fəaliyyətindən sorumlu şəxs oldu;
– Möhr kralın iradəsini, qanuniliyinı (legitimliyini) təmsil etdiyi üçün, ona sahib olan şəxs faktiki olaraq saraydakı bütün qərarlara nəzarət etmək imkanı qazandı. Ledi Mişil bu vəzifədən istifadə edərək, hətta kralların seçilməsinə, generalların təyin olunmasına və dövlətin siyasətinin formalaşmasına birbaşa təsir göstərə bilirdi.

***

Mişilin dövründə möhrdar ünvanının sahibi olan şəxsin vəzifə səlahiyyətləri bugünkü dövlətlərdə Ədliyyə naziri və ya Prezident Administrasiyasının rəhbəri, habelə prezidentli respublikalarda (məsələn, Azərbaycanda) I Vitse Prezidentin vəzifələrinin birləşməsinə bənzədilə bilər. Ledi Mişilin bu qədər güclü olmasında möhrdar vəzifəsi və onun Hwarang hərbi qvardiyası üzərindəki təsirinin rolu olsa da, o buna hər şeydən öncə dövlət idarəetməsindəki professionallığı, bilik və bacarığı sayəsində nail olmuşdur.

I Ledi Mehriban Əliyevanı müəyyən anlamda Azərbaycan dövlətinin möhrdarı hesab edə bilərikmi? Məncə, burada “hə” cavabı verilməlidir. Doğrudur, “Möhrdar” termini və Mehriban Əliyevanın fəaliyyəti arasında paralellər rəsmi hüquqi statusdan daha çox, simvolik və siyasi nüfuz baxımından qurula bilər. Müasir idarəçilikdə bu müqayisəni aşağıdakı amillərlə əsaslandırmaq olar:

1. Hüquqi və siyasi status:

Qədim Şilla krallığında möhrdar kralın ən yaxın etimad göstərdiyi, dövlətin rəsmi möhrünü (güc simvolunu) daşıyan şəxs idi. Azərbaycanın I vitse-prezidenti kimi Mehriban Əliyeva da konstitusion olaraq dövlət iyerarxiyasında Prezidentdən sonra ikinci şəxsdir. Prezident öz səlahiyyətlərini icra edə bilmədikdə, dövlət başçısının vəzifələri birbaşa ona keçir ki, bu da onu dövlət hakimiyyətinin ali qoruyucularından biri edir;

2. Etimad və strateji nüfuz:

Möhrdar vəzifəsi təkcə sənəd təsdiqləmək deyil, həm də hökmdarın mütləq etimadına sahib olmaq demək idi. Mehriban Əliyeva, şübhəsiz ki, ölkə başçısının ən çox etimad göstərdiyi şəxsdir;

3. İdarəçilikdə rolu:

Mehriban Əliyeva dövlətin sosial, humanitar və mədəniyyət siyasətinin icrasında, həmçinin beynəlxalq arenada ölkənin təmsil olunmasında strateji qərarlar qəbul edən əsas fiqurdur (Prezidentdən sonra), eynilə qədim Şilla krallığında Ledi Mişilin oynadığı rol kimi;

4. Siyasi çəkisi:

I Ledinin rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlət layihələrini tamamlayan, bir çox hallarda dövlət aparatından daha çevik fəaliyyət göstərən bir qurumdur. Bu da Mehriban Əliyevanın siyasi çəkisini artıran amildir;

5. Tarixi paralel (Leydi Mişil və I Ledi)

Necə ki, Leydi Mişil Şilla sarayında “möhrdar” ünvanı ilə ənənəvi kişi hakimiyyəti sistemində qadın gücünün simvoluna çevrilmişdi, Mehriban Əliyeva da müasir Azərbaycan tarixində ən yüksək dövlət vəzifəsinə təyin olunmuş ilk qadın kimi bənzər bir “tarixi presedent” yaratmışdır.

Nəticə:

Əgər “möhrdar” ünvanını “dövlət iradəsinin ən yüksək səviyyədə təmsilçisi və qoruyucusu” kimi başa düşsək, Mehriban Əliyevanın statusu bu tarixi vəzifənin müasir, demokratik və institusional forması sayıla bilər. Doğrudur, Azərbaycan Respublikasında rəsmi terminologiyada belə bir ünvan yoxdur, I Ledinin bütün səlahiyyətləri konstitusiya ilə tənzimlənir, biz, sadəcə, tarixi paralel apararaq, iki güclü siyasi xadimin bənzər tərəflərini göstərməyə çalışdıq. Çünki bu tarixi müqayisə siyasi strategiya, “yumşaq güc” (soft power) və dövlət iyerarxiyasında qadın faktorunun rolu baxımından olduqca maraqlıdır.

***

Ledi Mişil, imperatriçə Vu Zetian və Mehriban Əliyeva arasında, fərqli dövrlərə və siyasi sistemlərə baxmayaraq, bəzi fundamental strateji oxşarlıqlar diqqət çəkir:

1. Elit strukturun formalaşdırılması və nəzarət:

Ledi Mişil və Vu Zetian: hər iki tarixi şəxs saray daxilində özlərinə sadiq olan xüsusi elit təbəqə formalaşdırmışdılar. Mişil Hwarang qvardiyası vasitəsilə hərbi və gənc elitanı, Vu Zetian isə dövlət imtahanlarını təkmilləşdirərək özünə sadiq bürokratiyanı yaratmışdı.
Mehriban Əliyeva: Heydər Əliyev Fondu Azərbaycanın intellektual, mədəni və gənc elitasının formalaşmasında, həmçinin dövlət kadr islahatlarında bu cür mühüm platforma rolunu icra edir. Bu, siyasi hakimiyyətin yalnız inzibati yolla deyil, həm də sosial-ictimai dayaqlarla gücləndirilməsidir;

2. “Yumşaq Güc”ün (Mədəniyyət və Din) siyasi alətə çevrilməsi:

Vu Zetian: Buddizmi dövlət ideologiyası səviyyəsinə qaldıraraq, öz iqtidarını qanuniləşdirmiş və möhtəşəm məbədlər tikdirmişdi;
Mişil: Ayinləri və dini ritualları (göy cisimlərinin hərəkəti və s.) idarə edərək, xalqın gözündə toxunulmazlıq qazanmışdı;
Mehriban Əliyeva: UNESCO və İCESCO çərçivəsində beynəlxalq humanitar diplomatiya yürütməsi, mədəni irsin bərpası, dini tolerantlıq layihələri (məsələn, kilsə və məscidlərin eyni anda bərpası) onun “yumşaq güc”dən siyasi nüfuz vasitəsi kimi peşəkar istifadəsini göstərir;

3. Böhran zamanı sabitləşdirici rol:

Hər üçü dövlətin keçid dövrlərində və daxili çəkişmələr zamanı “sabitləşdirici qüvvə” kimi çıxış ediblər. Onlar siyasi intriqaları idarə etmək, dövlət aparatının iflic olmasının qarşısını almaq qabiliyyətinə malikdirlər. Mehriban Əliyevanın 2017-ci ildə 1-ci vitse-prezident təyin olunması dövlət idarəçiliyində çevikliyi və səmərəliliyi artırmaq məqsədi daşıyan strateji bir gediş idi;

4. Estetika və modernləşmə:

Vu Zetian Çin mədəniyyətinin ən parlaq dövrlərindən birini (Tanq sülaləsinin çiçəklənməsi) təmin etdiyi kimi, Mehriban Əliyeva da Azərbaycanın, xüsusilə Bakının müasir, estetik və “modern paytaxt” obrazının formalaşmasında əsas memarlardan biridir;

Əsas fərq:

Mişil və Vu Zetian daha çox mütləq monarxiya və sərt saray intriqaları mühitində fəaliyyət göstərirdilərsə, Mehriban Əliyeva müasir dövlətçilik, beynəlxalq hüquq və institusional idarəetmə çərçivəsində öz gücünü reallaşdırır (doğrudur, bizdə də saray intriqalarına cəhdlər olsa da, məhz Mehriban Əliyevanın gücü sayəsində bu intriqalar beşiyindəcə boğulur, ən azından son 6-7 ildə).

***

Məncə, bu üç qadın liderin oxşar cəhətləri daha çoxdur, nəinki fərqli tərəfləri. Hər üçü qərar qəbul etmə prosesində “mərhəmət və humanizm”, həmçinin “strateji soyuqqanlılıq” xüsusiyyətlərini ön plana çəkirlər. Strateji soyuqqanlılıq başda gəlir, ancaq zaman və şəraitə uyğun olaraq, “mərhəmət və humanizm” prinsipi də siyasi-strateji məqsədlər üçün istifadə olunur ki, bu da normal siyasi prosesdir. Siyasət elmində bu yanaşma çox vaxt “praqmatik realizm” kimi xarakterizə olunur. “Strateji soyuqqanlılıq” dövlət mexanizminin dişlərini hərəkətə gətirən mühərrikdirsə, “humanizm və mərhəmət” həmin mühərrikin xalqla təmasını yumşaldan və ona legitimlik qazandıran ən güclü “yumşaq alətdir”.

Bu üç liderin timsalında bu balansın necə idarə olunduğuna nəzər salsaq, maraqlı mənzərə ilə qarşılaşırıq:

1. Strateji soyuqqanlılıq: hakimiyyətin onurğası:

Qeyd etdiyimiz kimi, bu liderlərin hər biri kritik situasiyalarda şəxsi emosiyaları bir kənara qoyub, dövlətin (və ya öz siyasi varlıqlarının) maraqlarını ön plana çəkməyi bacarıblar:
Vu Zetian ən yaxın ətrafını belə, dövlət nizamına qurban verməkdən çəkinməyən dəmironurğalı bir lider idi;
Mişil rəqiblərini neytrallaşdırmaq üçün illərlə səbrlə plan quran bir strateq idi;
Mehriban Əliyeva isə dövlət idarəçiliyində islahatların aparılması, köhnəlmiş kadrların yenilənməsi və idarəetmənin rasionallaşdırılması prosesində sistemli və qətiyyətli addımları ilə seçilir. Məsələn, son illərdəki siyasi hadisələr: kimsənin gözünün yaşına baxılmır, dünənki xidmətlərinə görə sağ ol, bu gün dövlət maşını sənin siyasi kaprizlərindən zərər çəkirsə, cavab verməlisən (Ramiz Mehdiyev olayı);

2. Humanizm: siyasi alət və qanuniləşdirmə:

Yuxarıda da vurğuladığım kimi, “strateji-siyasi məqsədlər üçün istifadə olunan humanizm”, əslində, idarəçinin kütlələr üzərindəki emosional bağını təmin edir.
Mərhəmət obrazı: Mehriban Əliyevanın xəstə uşaqlara yardımı, şəhid ailələri ilə görüşləri və genişmiqyaslı amnistiya təşəbbüsləri cəmiyyətdə “Qoruyan Ana” və ya “Şəfqətli Lider” obrazını möhkəmlədir. Bu, dövlətin soyuq simasını insaniləşdirir.
Zamanın tələbi: Vu Zetian da xalqın rəğbətini qazanmaq üçün vergiləri azaldır, kənd təsərrüfatını inkişaf etdirirdi. Bu, xeyriyyəçilik olmaqla yanaşı, həm də bu təşəbbüsü göstərən siyasi gücün iqtidarının ömrünü uzadan sosial müqavilədir.

3. Nəticə və ya gücün estetikası:

Apardığımız qarşılıqlı müqayisədən çıxan ən mühüm nəticə budur ki, bu 3 güclü qadın GÜCÜ sadəcə əldə etmirlər, onu həm də idarə etməyi bacarırlar. Onlar başa düşür ki, mütləq sərtlik (soyuqqanlılıq) üsyana, mütləq yumşaqlıq (humanizm) da xaosa yol aça bilər. Siyasi sənət bu iki mühüm anlayışın arasındakı “qızıl orta”nı tapmaqdır. Necə deyərlər, “siyasətdə mərhəmət zəiflik deyil, ən bahalı və ən çox gəlir gətirən strateji investisiyadır, soyuqqanlılıq isə strateji investisiyanı qoruyub saxlamaq məharətidir”.

***

Son olaraq, bir məsələyə də aydınlıq gətirmək istərdim. Həm Ledi Mişil, həm Vu Zetian, həm də Mehriban Əliyeva bir lider olaraq, rəhbərlik etdikləri xalqın böyük sevgisini qazanmış personalardır. Bu sevgi xalqın onlardan çəkinməsindən yox, ehtiram duymasından qaynaqlanır. Çünki bu tip siyasətçilər anlayır ki, qorxudan göstərilən sevgi əbədi deyil, onların siyasi ömrünün bitməsindən sonra yox olub gedir. Ona görə ehtiram və sevgi qazanmaq onların siyasi fəaliyyətinin əsas qayəsi olur. Təbii ki, heç bir tarixi şəxsiyyət, siyasi fiqur ideal deyil, onlar da öz fəaliyyətlərində yanlış edə bilərlər və yaxud tabeçiliklərindəki məmurlar ciddi yanlışlara yol verərlər. Əgər yürüdülən siyasət doğru deyilsə, hər hansı bir yanlışa yol verilmişsə, ilk növbədə o yanlışlıqlar ortadan qaldırılmalıdır, çünki yalnız bu yolla xalqın sevgi bəslədiyi siyasətçi siyasi ömrünü uzatmaqla yanaşı, həm də daima ehtiram görər. Bu, siyasi fəlsəfədə “dinamik legitimlik” anlayışıdır. Sevgi və ehtiram təkcə qazanılan bir duyğu deyil, həm də düzgün idarəçilik sayəsində davamlı olaraq qidalanan bir prosesdir.

Vurğuladığımız bu iki məqam bəhs etdiyim liderlərin uğur formulunun əsasını təşkil edir:

1. Yanlışlıqların dərhal ortadan qaldırılması (operativlik):

Xalq səhvlərin olmasını bağışlaya bilər, lakin bu səhvlərə göz yumulmasını və ya onların sistemli hala çevrilməsini bağışlamır.
Mehriban Əliyevanın fəaliyyətində biz tez-tez “birbaşa müdaxilə” metodunu görürük. Sosial mediada və ya cəmiyyətdə narazılıq doğuran hər hansı bir məsələyə (məsələn, tarixi binanın sökülməsi, bir vətəndaşın haqsızlığa uğraması və ya səhiyyə problemi) onun çevik reaksiyası, xalqın gözündə “ədalətin son pənahı” imicini yaradır. Ona hər gün yazılan yüzlərcə şikayət məktubu bunun bariz sübutudur.
Bu, həm də bürokratiyaya verilən bir mesajdır: “Sistem səhv edə bilər, amma mən bu səhvi düzəltmək üçün buradayam!”

2. Sevgi və ehtiramın sinerjisi:

Makiavelli deyirdi ki, “sevilməkmi yaxşıdır, yoxsa qorxulmaqmı?”. Amma bizim 3 qadın lider haqqında təsvir etdiyimiz model bu ikisinin ən yüksək forması olan EHTİRAMI ortaya çıxarır. Sevgi, emosional bağdır – humanizm və xeyriyyəçiliklə qazanılır. Ehtiram, intellektual və siyasi gücə olan hörmətdir – strateji soyuqqanlılıqla qazanılır. Bu iki sütun birləşdikdə lider artıq sadəcə bir siyasətçi deyil, milli simvola çevrilir. Vu Zetian və Ledi Mişil də öz dövrlərində məhz bu balansı qurduqları üçün tarixin yaddaşına “mübahisəli, lakin əvəzsiz” şəxsiyyətlər kimi həkk olunublar. Mənim şəxsi qənaətimə görə, I Ledi – Mehriban Əliyeva da məhz bu tip siyasətçidir.

***

Tarixi nəticə

Beləliklə, deyilənlərdən bu qənaətə gələ bilərik ki, siyasi ömrün uzunluğu vəzifədə qalma müddəti ilə deyil, vətəndaşın qəlbinə və dövlətin strukturuna vurulan möhürlə ölçülür.

Möhrdar (Seju) anlayışına qayıtsaq: Lider – dövlətin rəsmi möhrünü kağıza vurur, amma yürütdüyü soyuqqanlı, mərhəmətli siyasəti ilə “sevgi və ehtiram” möhrünü əbədi olaraq, xalqın yaddaşına vurur.
Yuxarıda qeyd etdiyim müzakirələrdən birində tanımadığım o şərh sahibinin fikrinin altından yağlı şriftlərlə imzamı ataram: Bəli, MEHRİBAN XANIM BU DÖVLƏTİN MÖHÜRDARIDIR!

 

Fərəməz Novruzoğlu

Избранный
26
veteninfo.az

1Источники