Almaniyanın “Der Spiegel” ictimai-siyasi media orqanı İran İslam Respublikasının paytaxtında yenidən etiraz aksiyaları barədə məlumat yayıb. İran hakimiyyətinə qarşı etirazların yatırılmasından bir ay sonra Tehranda və bir sıra digər şəhərlərdə hökumət əleyhinə şüarlar yenidən səslənib.
Şüarlar mövcud hökumətə qarşı olmaqla yanaşı, 1979-cu ildə devrilmiş sonuncu İran şahının sürgündəki varisi Rza Pəhləvini dəstəkləmək üçün də səsləndirilib. Qəzet İran paytaxtının şərq hissəsinin (Ekbatan vilayəti) sakinlərinin balkonlardan şüarlar səsləndirdiyini bildirib.
İslam Respublikasından kənarda yerləşən farsdilli “Iran International” televiziya kanalı da Tehranın digər yerlərində, eləcə də Şiraz və Ərakda etiraz aksiyalarını işıqlandırıb. “Agence France-Presse” (AFP) videoların dərc olunmasından sonra onların həqiqiliyini dərhal təsdiqləyə və ya təkzib edə bilməyib.
Ötən həftə sonu minlərlə insan iranlılarla həmrəylik nümayiş etdirmək üçün dünyanın müxtəlif şəhərlərində küçələrə çıxıb. Nümayişlər Münhen, Los-Anceles, Vaşinqton və Torontoda keçirilib.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonlarında İranda etiraz dalğası baş vermişdi. Milli valyutanın məzənnəsinin aşağı düşməsi ilə başlayan etirazlar sonda hökumət əleyhinə nümayişlərə çevrilmiş və İran hakimiyyəti tərəfindən yatırılmışdı.
//Samir Qurbanov, Editor.az