RU

Foğumun azalması səbəbindən Rusiyada uşaq geyimi mağazaları kütləvi şəkildə bağlanır

Rusiyada doğum səviyyəsinin azalması uşaq paltarlarının pərakəndə sektoruna zərbə vurur...

Poliqon xəbər verir ki, Rusiyada doğum səviyyəsinin aşağı düşməsi fonunda uşaq geyimi mağazalarının sayı sürətlə azalır. Cari ilin yanvar ayında ölkənin milyonluq şəhərlərində təxminən 8100 belə ticarət obyekti fəaliyyət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz, 2021-ci illə müqayisədə isə təxminən 25 faiz azalma deməkdir.

Mütəxəssislərin qiymətləndirməsinə görə, demoqrafik göstəricilərdəki geriləmə birbaşa olaraq uşaq məhsulları bazarına təsir edir. Son illərdə Rusiyada doğum səviyyəsinin ardıcıl şəkildə enməsi nəticəsində uşaq geyimi və digər uşaq mallarına tələbat zəifləyib. Bu isə xüsusilə iri şəhərlərdə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri üçün ciddi çətinliklər yaradıb.

Paytaxt Moskvada vəziyyət daha aydın görünür. Son bir il ərzində şəhərdə uşaq geyimi mağazalarının sayı 16 faiz azalıb. Beş illik dövr üzrə azalma isə demək olar ki, 20 faizə çatıb. Hazırda Moskvada təxminən 2000 belə ticarət nöqtəsi fəaliyyət göstərir. Analitiklər hesab edirlər ki, yüksək icarə haqları, logistika xərclərinin artması və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi də bağlanmaların əsas səbəbləri sırasındadır.

Bundan əlavə, bazarda onlayn satışların payının artması ənənəvi mağazalara əlavə təzyiq göstərir. İstehlakçıların internet üzərindən alış-verişə üstünlük verməsi nəticəsində fiziki mağazaların dövriyyəsi azalır və bir çox sahibkar fəaliyyətini dayandırmağa məcbur olur.

Ekspertlərin fikrincə, demoqrafik azalma tendensiyası davam edərsə, yaxın illərdə uşaq malları seqmentində daha ciddi struktur dəyişiklikləri baş verə bilər. Bu isə həm pərakəndə ticarət sektoruna, həm də məşğulluq bazarına təsirsiz ötüşməyəcək.

Poliqon.info

Избранный
97
1
poliqon.info

2Источники