RU

“Liv Bona Dea” bu ailədən 222 min istəyir: Nigar Köçərli depressiyada

Bakıda fəaliyyət göstərən “Liv Bona Dea Hospital” pasiyent, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı məhkəməyə müraciət edib və yüksək məbləğdə təzminat istəyir. 

Məlumata görə, klinika Nigar Köçərlidən ümumilikdə 222395 manat tələb edir. Bu məbləğin 218886 manatı maddi zərər, 509 manatı dövlət rüsumu, 3000 manatı isə hüquqi yardım xərci kimi göstərilib. 

Nigar Köçərlinin həyat yoldaşı Şahbaz Xuduoğlu “Cebheinfo.az”-a bildirib ki, “Liv Bona Dea Hospital” məhkəmə qarşısında 250000 manata yaxın kompensasiya tələb edib.

“Belə bir hal varmı ki, xəstəxana pasiyenti məhkəməyə versin və ondan belə bir məbləğdə kompensasiya tələb etsin? 

Mən buna çox təəssüf edirəm. Bu, nə milli, nə əxlaq, nə də hüquq müstəvisinə sığar. Bu hal həkimlərlə pasiyentlər arasında böyük bir uçurum yaradır. Buna görə də Azərbaycanda insanlar artıq həkimlərə inanmır və xaricə üz tuturlar. 

Məcbur qaldıqları halda pasiyentlər bizim həkimlərə müraciət edirlər. Həkim və xəstəxana pasiyentə qayğı göstərməlidir. 

Onu şikayət etdiyinə görə məhkəməyə verməməlidir. Məsələ burasındadır ki, biz xəstəxananın özündən oradakı münasibətlə bağlı izahat istədik: nəyə görə saat yarım ağrıkəsici müdaxiləsi olmayıb? 

Nigar xanım istəyib ki, ona ağrıkəsici vurulsun, amma vurulmayıb. Xəstəxananın ictimai əlaqələr üzrə təmsilçisi və baş tibb bacısı bizə bildirdi ki, bunu araşdırıb məlumat verəcəklər. 

Biz orada olduğumuz müddətdə bununla bağlı bizə hər hansı məlumat verilmədi. Xəstəxanadan çıxdıqdan sonra bu halı ictimai şəkildə bəyan etdik. Bizə xoş deyildi ki, Nigar xanımın vəziyyəti belə geniş ictimai müzakirəyə çıxarılsın. 

Biz məcbur olub bu məsələni ictimai müzakirəyə çıxarmışıq. Əgər onlar vaxtında bizə detallı məlumat versəydilər və desəydilər ki, hansı səbəbdən bu cür hadisə olub, o halda biz bu məsələni belə ictimailəşdirməyəcəkdik. 

Təəssüf ki, onlar verdikləri sözü tutmadılar, bizə məlumat vermədilər”. Şahbaz Xuduoğlu bildirib ki, hazırda “Liv Bona Dea Hospital”ın iddiasından müdafiə olunmaq üçün məhkəməyə hazırlaşırlar: 

“Hazırda Nigar xanım bu məsələ ilə bağlı çox ciddi depressiya yaşayır. Mən bütün günü onun yanında olmağa çalışıram. Dərmanların qəbuluna nəzarət edirəm və çalışıram ki, bir yerdə qapanıb qalmasın. 

Həm xəstəxanaya, həm psixoloqla görüşə gedəndə çalışıram ki, birlikdə gedək və o, tək qalmasın, çünki halı tez-tez dəyişir. Bəzən çox pis olur. Ən qorxulusu isə odur ki, Nigar həmin məqamı unuda bilmir, çünki orada kömək istədiyi halda kömək edilməyib”. 

Şahbaz Xuduoğlu qeyd edir ki, həyat yoldaşı “Elə bil ki, üzərimdən böyük bir tank keçib və mən kömək istəyirəm, kənardan insan səsləri eşidirəm və heç kim mənə kömək etmir”, – deyə bildirir: 

“Bu anları davamlı xatırlayır və bu da onu depressiyaya sürükləyir”. 

Избранный
38
1
cebheinfo.az

2Источники