Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Haçadağın zirvəsinə növbəti ekstremal yürüş təşkil olunub.
Aznews.az xəbər verir ki, yürüşə 27-si Türkiyədən olamaqla, Naxçıvandan, Azərbaycanın digər bölgələrindən ümumilikdə 60 ekstrimsevər qatılıb.
İştirakçılar arasında peşəkar alpinistlər, təşkilatçı qurumların təmsilçiləri və könüllü gənclər olub. Yürüşdən öncə Xocalı soyqırımının qurbanları və Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, İğdır Gənclik və İdman İl müdiri Recai Şahin və Türkiyə Dağçılıq Federasiyasının İğdır təmsilçisi Murad Akay tədbirin əhəmiyyəti barədə fikirlər səsləndirib, iştirakçılara uğurlar arzulayıblar.
Bildirilib ki, bu cür ekstremal idman fəaliyyətlərinin təşkili təbiətə olan sevginin təzahürü, sağlam həyat tərzinə təşviq, ümumilikdə alpinizmin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Yürüş Xocalı soyqırımı qurbanlarının xatirəsinə olan dərin ehtiramın, o cümlədən iki qardaş ölkənin birlik və bərabərliyinin təcəssümüdür.