RU

Məktəblərdə müəllim yerinə süni intellekt dərs keçəcək?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ölkədə rəqəmsal inkişaf vacib amillərdən biri hesab edilir. 

Təsadüfi deul ki, bugünlərdə ölkə başçısının sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. 

Bu istiqamətdə bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev bildirib ki, dünyada gedən meyillər, trendlər bəllidir: 

“Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. 

Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir”. 

Bu istiqamətdə kadr hazırlığına toxunan ölkə başçısı qeyd edib ki, bu, əsas vəzifələrdən biridir: 

“Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. 

Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir”. 

Qeyd edək ki, hazırda Çin, ABŞ, Sinqapur və Finlandiya kimi ölkələrdə fərdiləşdirilmiş tədris, davranış analizləri və idarəetmə proseslərində süni intellektin istifadəsi geniş yayılıb. Ölkəmizdə də son illər məktəblərdə süni intellektin təhsilə inteqrasiyası ediləcəyi ilə bağlı fikirlər səslənir. 

Məktəblərdə süni intellektin tətbiqi mümkündürmü?

Məsələ ilə bağlı informasiya kommunikasiya texnologiyaları (İKT) üzrə ekspert Elvin Abbasov “Cebheinfo.az”-a bildirib ki, orta məktəblərdə süni intellektin tətbiqi nəinki mümkündür, həm də müasir təhsilin transformasiyası üçün qaçılmaz bir addımdır:

“Bu tətbiq şagirdlər üçün fərdiləşdirilmiş öyrənmə mühiti yaradır. Süni intellekt əsaslı sistemlər hər bir uşağın qavrama sürətini və çətinlik çəkdiyi mövzuları analiz edərək, dərsləri onun fərdi ehtiyaclarına uyğunlaşdırır. 

Məsələn, bir şagird riyazi məsələni vizual izahla daha yaxşı anlayırsa, sistem ona avtomatik olaraq qrafik materiallar təqdim edir ki, bu da "hər kəs üçün eyni metod" yanaşmasından daha effektiv nəticələr verir”. Ekspertin sözlərinə görə, eyni zamanda, süni intellektin tədris proqramına daxil edilməsi şagirdlərdə erkən yaşda mühəndislik təfəkkürü və data savadlılığı formalaşdırır: 

“Şagirdlər alqoritmlərin necə işlədiyini və süni intellektin etik sərhədlərini öyrənməklə, gələcəyin texnoloji əmək bazarına hazır olurlar. Müəllimlər üçün isə bu texnologiya, rutin tapşırıqların (testlərin yoxlanılması, davamiyyət qeydiyyatı) avtomatlaşdırılması deməkdir ki, bu da onlara şagirdlərin psixoloji və yaradıcı inkişafına daha çox vaxt ayırmağa imkan verir”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

süni intellekt Elvin Abbasov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
46
1
cebheinfo.az

2Источники