RU

Bizə nə lazımdır: Pambıq, yoxsa ət?

Azərbaycanda pambıq becərən fermerlər bir neçə aydır ki, problemlə üzləşiblər.

Ölkənin bəzi ən iri pambıq şirkətləri fermerlərdən aldığı pambığın pulunu ödəyə bilmirlər. Yerli mətbuata müsahibə verən “P-Aqro” MMC-nin baş direktorunun müavini İlham Səfərov pambıq istehsalı ilə problemlərə aydınlıq gətirərək bildirib ki, bu il dünyada və regionda pambıq bolluğu var, eyni zamanda müxtəlif səbəblərdən təbii pambığa tələbat azalıb, nəticədə həm satışlar azalıb, şəm qiymətlər aşağı düşüb:

“Eləcə də Türkiyədə də istehsal kəskin şəkildə azalıb və buna bağlı olaraq alıcılıq qabiliyyəti və xammala tələbat da azalıb. Amma indi tələbin az olması və təkliflərin çox olması səbəbindən maya dəyəri 1 400 dollara başa gələn bir ton mahlıcı bizdən 1 250 dollara almağı təklif edirlər. 

Hazırda dünyada süni liflər də istehsal olunur və artıq bu liflər təhlükəsiz, allergiya verməyən dərəcəyə gətirilib ki, nəticədə təbii pambıq lifləri süni liflərə uduzur. Çünki təbii - yəni pambıqdan olan ipliyin hazırlanması uzun və çətin prosesdir, maya dəyəri də bahadır.

Süni ipliklərin isə maya dəyəri xeyli ucuzdur. Belə vəziyyətdə qiymətin nisbətən baha olması təbii pambıq ipliyinə tələbi kəskin şəkildə azaldıb”.

Xatırladaq ki, ötən ilin dekabr ayında Azərbaycanın 8 ən böyük pambıq emalı şirkətinin  və Pambıq İstehsalçıları Assosiasiyasının rəhbərləri pambıqçılığa maliyyə dəstəyinin göstərilməsi ilə bağlı hökumətə müraciət imzalamışdı.

Qeyd edək ki, yerli istehsal olan pambıq o qədər də yüksək keyfiyyətli deyil və ixracla bağlı valyuta mədaxilində böyük rəqəmlər görmək mümkün deyil.

Bu gün ölkədə pambıq istehsal edilsə də, bir çox kənd təsərrüfatı məhsulları idxal edilir. Hazırda yüksək gəlir əldə edilməyən pambıq əvəzinə, idxalına üstünlük verilən kənd təsərrüfatı məhsullarını istehsal etmək daha doğru deyilmi? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, pambıq strateji məhsul elan edildikdən ötən dövr ərzində bu barədə dəfələrlə öz etirazını bildirib:

“Bu gün də deyirəm ki, pambıq Azərbaycan üçün strateji məhsul ola bilməz. Çünki Azərbaycanda normal lifə malik pambıq yetişmir. Bu pambıq dünya bazarında alınan deyil. Bizim pambığı Türkiyə alırdı, indi isə orada da pambıq alışı zəifləyib.

Bununla yanaşı Türkiyə şirkətləri zəif keyfiyyətə malik Azərbaycan pambığını daim alacaq deyil. Burada söhbət yalnız dünyada pambığın qiymətinin aşağı düşməsindən getmir. Ümumiyyətlə, Azərbaycan pambığı sənaye üçün yararsızdır. 

Bəzi insanlar deyir ki, Sovet dövründə pambıq əkilirdi, toplanırdı. Bəli, toplanıb təhvil verilirdi. Ancaq məsələ ondadır ki, həmin dövrdə Səmərqənd şəhərində Azərbaycan pambığı “tüstüləyən dağlar” yaratmışdı. 

Ona görə də sonradan “perepiska” meydana çıxdı. Sovet dövründə Azərbaycandan nefti aparırdılar, əvəzində pambığa müəyyən xərc çəkirdilər ki, əhali məşğul olsun, işsiz qalmasın. Bu Sovet hökumətinin bir strategiyası idi  Kənd Təsərrüfatı Nazirliyi əvvəlcədən həyəcan təbili çalmalı idi”. 

Ekspertin sözlərinə görə, Azərbaycanda pambıqçılıq həm də ölkədə kənd təsərrüfatını tənəzzülə uğradıb:

“Yüz minlərlə hektarlarla örüş yerləri heyvandarlıq təyinatından çıxarılıb, pambıq əkilib. Çünki pambığa görə dövlət dotasiya verirdi, satışdan da müəyyən vəsait əldə olunurdu və vətəndaş bundan məmnun idi. Ancaq bunun iqtisadi səmərəliliyi yox idi.

Həm heyvandarlıq pambıqçılığa qurban verildi, eləcə də buğda sahələri pambıq əkini ilə əvəz olundu. Yəni iqtisadi baxımdan da götürdükdə pambıq satışından Azərbaycana ən yaxşı halda ildə 250 milyon dollar vəsait daxil olub. Son illər bu rəqəm 150 milyon dollara düşüb.

Torpaq sahələrinin pambıq əkininə verilməsi ilə kənd təsərrüfatı məhsulları istehsalı aşağı düşdü. İndi Azərbaycan ildə 4-5 milyard dollar həcmində kənd təsərrüfatı məhsulları idxal edir. Həmin kənd təsərrüfatı məhsullarını 10-15 il bundan öncə ölkədə istehsal edirdilər.

Xaricdən cəmi 500-600 milyon dollarlıq kənd təsərrüfatı məhsulları idxal edilirdi. İndi həmin idxalın həcmi 10 dəfə artıb. Bunun bir səbəbi də Azərbaycanda pambıqçılığın populyarlaşmasıdır. 

Heç bir halda pambıqçılıq Azərbaycan üçün yararlı sahə deyil. Ölkədə yalnız Bərdə rayonunda pambıqçılıq üçün münbit şərait var. Orada yetişən pambığın lif uzunluğu dünya bazarında aşağı keyfiyyətli pambığın lif uzunluğuna yaxındır. 

Bundan başqa rayonlarda əkilən pambığın heç biri dünya bazarına çıxarılası pambıq deyil. Həmin sahələrdə buğda, kartof, soğan əkmək olar. Yəni bu gün Azərbaycanın kənd təsərrüfatında strateji məhsul kimi bitkiçiliyin digər sahələri və heyvandarlıq olmalıdır.

Pambıq sahələrində qarğıdalı, yonca, otlaq sahəsi kimi istifadə edilə bilər. Son 10 ildə ətin qiyməti iki dəfə bahalaşıb. Bu gün xarici ölkələrdən ət idxal edirik. Bunun bir səbəbi də pambıqçılığın genişləndirilməsidir. Bizim üçün pambıq münasib bitki deyil”.

Избранный
39
1
cebheinfo.az

2Источники